Dövlət mediasının rəhbərləri işdən çıxarıldı

10:47 22.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Polşada Ədalət və Qanun Partiyasının (PiS) 8 illik iqtidarından sonra ötən həftə hakimiyyəti təhvil alan yeni hökumət dövlət mediasının rəhbərliyini işdən çıxarıb.

Hafta.az-ın yazdığına görə, dövlət mediası qərəzli olmaqda və vaxtilə PiS hökumətinin təbliğatında ittihamlanıb.

Mədəniyyət Nazirliyinin açıqlamasında bildirilir ki, dövlətə məxsus televiziya, radio və informasiya agentliklərinin prezidentləri və direktorlar şuraları vəzifələrindən azad ediliblər.

Qərardan qısa müddət sonra dövlət televiziyası TVP-nin yayımı dayandırılıb və ekranda yalnız loqo əks olunub.

Polşanın “Rzeczpospolita” qəzeti yazıb ki, koalisiya hökuməti TVP-də genişmiqyaslı dəyişiklik planlaşdırmır, ancaq “jurnalist standartlarına zidd hərəkət edən” 60-a yaxın adla yollarını ayıracaq.

Yeni hökumət çərşənbə axşamı "ictimai medianın etibarlılığını və qərəzsizliyini bərpa etmək məqsədi ilə" yeni qanun layihəsini qəbul edib.

Parlamentdə səsverməni boykot edən PiS millət vəkilləri dövlət televiziyasına məxsus binalarda oturaq aksiyaya başlayıblar. Yeni hökumətin dövlət mediasının menecerlərini işdən çıxarmaq qərarından sonra PiS lideri Yaroslav Kaçinski də televiziya binasına gəlib.

Çərşənbə axşamı burada açıqlama verən Kaçinski, "Media plüralizmi və güclü hökumət əleyhinə media olmadan demokratiya yoxdur. Polşada bunlar dövlət mediasıdır" deyib.

Televiziya binasını ziyarət edən başqa bir şəxs, keçmiş baş nazir Mateusz Moraviecki, "Gördüklərimiz diktaturaya doğru ilk addımdır" deyə bildirib.

PiS hökumətinin keçmiş mədəniyyət naziri Pyotr Glinski AFP-yə deyib: “Bu, azad mediaya açıq hücumdur və qanun pozuntusudur”.

Polşada dövlət mediası ən vacib rabitə vasitələrindən biri hesab olunur. Əhalinin təxminən üçdə birinin özəl yayımçılara çıxışı olmayan ölkədə ən mühüm xəbər mənbəyi dövlətə məxsus televiziya və radiodur.

PiS hökuməti illərdir dövlət mediasını siyasiləşdirməkdə və onu hökumət təbliğatının sütununa çevirməkdə ittihamlanır.

PiS hökuməti dövründə Polşa Dünya Mətbuat Azadlığı İndeksində 18-ci yerdən 57-ci yerə düşüb.