Taliban lideri Haybatullah Axundzadə 2022-ci ildə əfqanlara çoxarvadlılıqdan çəkinməyi tövsiyə edən fərman imzalamasına baxmayaraq, ölkədə bu praktika çox yayılıb.
Hafta.az-ın yazdığına görə, “Daryo” portalı bununla bağlı bir neçə arvadı olan kişilərlə danışaraq maraqlı reportaj hazırlayıb. Amma həmsöhbətlərin əksəriyyəti video və fotolarının ictimaiyyətə açıqlanmasını istəməsə də, müxtəlif səbəblərdən çoxarvadlılıq hekayələrini paylaşmayıblar.
Məzari-Şərifdə yaşayan 26 yaşlı Nəsrullah iki dəfə evlənib və birinci həyat yoldaşından iki qızı var. Lakin ailə problemləri səbəbindən yenidən ailə qurmaq qərarına gəlib. Nəsrullahın dediyinə görə, birinci arvadı ilə “pis davranışına” görə yaşamaq çətin olub. O, deyib: “İki qızım var, gənc olduğum üçün başqa yolum qalmadı, yaşamalıyam, ona görə də ailə qurdum”.
Kişi ailə problemlərinə görə qayınanasını günahlandıraraq, onun "qızına boş şeylər öyrətdiyini" iddia edib. Nəsrullah birinci arvadına xarakterini dəyişmək üçün bir il vaxt verdiyini, davranışında dəyişiklik olmasa, boşanacağını bildiribmiş. Amma qadın dəyişməyib”.
Məzari Şərif sakini Həbibullah da öz hekayəsini bölüşüb. Deyib ki, birinci həyat yoldaşından boşanmasının səbəbi övladının olmamasıdır.
“Əslində, 20 ilə yaxındır ki, övladının olmasını gözlədim, çarəm qalmadı. Odur ki, ikinci dəfə evlənməyə qərar verdim. Özümdən 20 yaş kiçik ikinci həyat yoldaşımdan, şükürlər olsun, 10 övladım var”, o deyib.
Bəs iki arvadla necı yaşayır, qadınlar arasında narazılıq yaranmır ki? Nəsrullah deyir ki, hər iki xanımına eyni gözlə baxır və ikisinin evdə hüququ, sosial təminatı eynidir.
“Heç bir problem yoxdur, pul olsa, bütün problemlər həll olunacaq” o gülərək cavab verib.
Bəlx vilayətinin Dehdodi rayonunda yaşayan Bismillah da iki qadınla evlidir. Səbəbini belə izah edir: “Birinci həyat yoldaşımdan övladım olmadığı üçün ikinci dəfə evləndim. Mən onunla 15 ilə yaxın övlad ümidi ilə vaxt keçirdim. Bir neçə həkimə getdik və nəticə həmişə mənfi oldu, hətta öz qohumlarımızdan bir qız övladlığa götürdük. Nəhayət, ikinci dəfə evlənməyə qərar verdim. O, məndən 15 yaş kiçikdir. Maraqlıdır ki, ikinci dəfə ailə quranda hər iki arvaddan övladlarım oldu”.
Bismillahın sözlərinə görə, Əfqanıstanda bəziləri ehtiraslı və zəngin olduqları üçün ikinci arvad alır, bəziləri isə məcburiyyət üzündən və uşaq sahibi olmaq üçün.
Əvvəllər bir və ya iki arvadı olan komandirlər indi üçüncü və ya dördüncü ilə evlənməyə çalışırlar. Əfqanıstanda çoxarvadlılıqla bağlı dəqiq statistika yoxdur, lakin adət və mədəniyyətə görə, əsasən kənd yerlərindən olan kişilərin çoxu iki və ya daha çox qadınla evlənir.
Bəziləri hesab edir ki, sosial-iqtisadi problemlərin, ailə münaqişələrinin və zorakılıqların səbəbi budur və son nəticədə cəmiyyət bundan əziyyət çəkir.