Ekoloji mədəniyyət

19:37 28.02.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ekspertlər hesab edirlər ki, təhsil ocaqlarında ekoloji maarifləndirmə sahəsindən dərslərin genişləndirilməsi vacibdir

Son illər dünyada ekoloji tarazlığın pozulması nəticəsində bu istiqamətdə problemlər durmadan artmaqdadır. Müşahidələr onu göstərir ki, ekoloji tarazlığın pozulmasında insan amili basilica rol oynayır. Məhz bu səbəbdən BMT-nin 1992-ci ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçirdiyi ətraf mühit və inkişafa həsr olunmuş ümumdünya konfransında beynəlxalq ekoloji təhlükəsizliyin əsas istiqamətləri müzakirə olunaraq bir çox dövlətlərin milli təhlükəsizlik strategiyasının prioritetinə çevrilib.

Həmin konfransda davamlı inkişafa keçməzdən öncə hər bir ölkədə ekoloji təhlükəsizlik problemlərinin sosial-fəlsəfi cəhətdən araşdırılması və beləliklə də, "ekoloji cəmiyyət"in formalaşdırılmasının əsas sahələrinin müəyyənləşdirilməsi prioritet məsələ kimi qaldırılıb. BMT-nin təşəbbüsü sayəsində 2000-ci ilin sentyabrında keçirilən Minilliyin forumunda dünyanın 147 ölkəsinin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə "Minilliyin Bəyannaməsi" qəbul edilib, XXI əsrin dünyada Minilliyin İnkişafı Məqsədləri (MİM) müəyyənləşdirilib.

Təbii ki, XXI əsrdə elmi-texniki tərəqqinin sürətli və dinamik inkişafı, İKT (informasiya kommunikasiya texnologiyaları), internet, robot, nano-texnologiyanın insan həyatının bütün sahələrinə inteqrasiyası cəmiyyətin şüurunda təbiətə, onun sərvətlərinə, floraya, faunaya yaradıcı münasibətin formalaşmasını tələb edir. Hazırda mütəxəssislər belə bir fikirlə razılaşır ki, insanlarda mədəniyyətin, sivilizasiyanın yeni növü - ekoloji mədəniyyət formalaşmalıdır. Əks təqdirdə, insanların təbiətə, onun sərvətlərinə mənfi münasibəti dəyişilməyəcək, əksinə, daha da dərinləşəcək. Ekspertlər hesab edirlər ki, bu gün insanlarda ekoloji mədəniyyətin, sivilizasiyanın, təfəkkürün, şüurun, tərbiyənin və təhsilin formalaşması artıq günün tələbinə çevrilib. Ekoloji mədəniyyət bütün insanlarda bəşəri mədəniyyəti təcəssüm etdirən mədəniyyətin sivil inkişaf forması və təhsil mühitidir. XXI əsr bütün xalqlardan mədəni inkişafın əsas istiqaməti kimi ekoloji təhsilin fasiləsiz inkişaf strategiyasını, konsepsiyasını, proqramını hazırlamağı və həyata keçirməyi tələb

edir. Mütəxəssislərin fikrincə, ekoloji təhsilin ardıcıl və sistemli olması üçün bu prosesə şəxsiyyətin formalaşmasının ilk anlarından, uşaqlıqdan başlamaq lazımdır ki, onun da təməli məhz ailədə, məktəbəqədər tərbiyə ocaqlarında, ibtidai siniflərdə qoyulmalı, orta, orta ixtisas və ali məktəblərdə isə tamamilə formalaşmalıdır.

Yeri gəlmişkən, son illər ölkəmizdə ekoloji problemlərə, onun həlli yollarına və ekoloji maarifləndirməyə diqqət xeyli artırılıb. Prezident İlham Əliyevin 2010-cu ili ölkədə "Ekologiya ili" elan etməsi isə bu sahəyə münasibəti tamamilə dəyişdi. Belə ki, "Ekologiya ili" çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlət başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər. Eyni zamanda, uzun illər ərzində yaranan ekoloji problemlər təhlil edilərək, onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilib və onların icrasına başlanılıb. Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilib milli parklar yaradılıb, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Bu proqramların əsas məqsədi ətraf mühitin mühafizəsinə yönəldilən dövlət əhəmiyyətli investisiya layihələrinin sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdən ibarətdir. Ətraf mühitlə bağlı qəbul olunan dövlət proqramlarının uğurla reallaşdırılması, mövcud ekoloji problemlərin daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasına qaldırılmasına aydın misaldır. Keçmişdən miras qalmış ekoloji problemlərin aradan qaldırılması və səmərəli idarəetmə sisteminin yaradılması da Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasına təkan verib.

Bununla yanaşı ekspertlər bildirirlər ki, təbiətə qayğıkeş münasibət, ekoloji təfəkkürün yaranması əhalidə və gənc nəsildə ekoloji tərbiyə və mədəniyyətin hansı səviyyədə olmasından asılıdır. Onların qənaətincə, hazırda ekoloji maarifçiliyə böyük ehtiyac var. Bunun üçün hər kəs müəyyən ekoloji biliklərə yiyələnməli, əhalidə ekoloji dünyagörüş formalaşmalı, təhsilin ayrı-ayrı pillələrində ekoloji təlimin həyata keçirilməsi təmin edilməli, məktəb, eləcə də, məktəbəqədər tədris-tərbiyə müəssisələrində uşaqlar və şagirdlər arasında ekoloji tərbiyəyə xüsusi fikir verilməlidir. Digər tərəfdən, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (2002) ümumi ekoloji biliklərə yiyələnməsi üçün hər kəsə bərabər şəraitin yaradılması, orta təhsil sistemində ekoloji biliklərin tədrisinin icbariliyi, ekoloji təhsil və maarifləndirmə prosesinin fasiləsizliyi dövlət siyasətinin əsas prinsipləri kimi götürülüb. Ekoloji təhsil və maarifləndirmə zamanı əldə olunan biliklər, qazanılan təcrübələr ekoloji mədəniyyətin yaranmasına səbəb olur. Başqa sözlə, ekoloji təhsil dedikdə, ümumi ekoloji mədəniyyətin və məsuliyyətin formalaşmasına yönəldilmiş fasiləsiz təhsil, tərbiyə və inkişaf prosesi başa düşülür. Ekoloji təhsilə ehtiyac, insan həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən biri məqsədyönlü ekoloji təhsil almaqdır. Ətraf mühitə düzgün münasibət ekoloji bilik nəticəsində formalaşır.

Məsələyə münasibət bildirən “Rüzgar” Ekoloji İctimai Birliyinin sədri İslam Mustafayev də hesab edir ki, bu gün ekologiyayla bağlı əsas problemlərdən biri əhalinin ekoloji mədəniyyətinin və maarifləndirilməsi ilə bağlı işlərin kifayət qədər aşağı olmasıdır: ” Ölkəmiz inkişaf edir, amma bir sıra məsələlər var ki, ölkənin inkişaf tempindən geridə qalır. Xüsusilə bu məsələni rayonlarımıza aid edərdim. Torpaqların deklarasiyası, qorunması, alternativ enerjidən istifadə etməklə meşələrin qırılmasının qarşısının alınması, bu gün bizim üçün fəlakətlər gətirən suların idarə olunması ilə maarifləndirmə işləri aparılmalıdır. Ekoloji maariflənmə həm sıravi vətəndaşlar, həm də məmurlar arasında, yəni geniş kütlələr arasında aparılmalıdır”.

İ. Mustafayev qeyd edib ki, son 5-6 ildə bir çox rayon mərkəzlərimiz çox böyük inkişaf yolu keçib: ”Şəhərlərin mərkəzlərində tikinti və abadlıq işləri aparılıb, parklar salınıb, komplekslər tikilib, şəhərin içərisi təmizlənib. Eyni zaman da bizim turizm potensialımız var. Bu turizm potensialını reallaşdırmaq üçün bərk tullantların idarə olunması istiqamətində əhalidən asılı olan işlər var. Təbii ki, hökumət də bu işə qarışmalı və müəyyən məsələlərin həllinə kömək etməlidir. Digər tərəfdən, ekoloji maarifləndirmə tədbirləri çərçivəsində hər telekanalın həftədə ekologiya ilə bağlı bir saatlıq veriliş verməsi yaxşı olar. Təbii ki, bu verilişlər müxtəlif mövzularda- meşələrdən, bərk tullantıların idarə olunmasından, suların qorunmasından və s. bəhs etməlidir. Həm də verilişlərin tamaşaçı marağına uyğun olaraq hazırlanması çox vacibdir. Hər hansı mövzu ətrafında standart cümlələrlə kağızdan oxumaq və danışmaq tamaşaçı üçün maraqlı olmaz. İstərdim ki, dövlət qurumları və QHT-lər tərəfindən konfrans və treninqlər keçirilməsinə, broşürlər hazırlanmasına diqqət artırılsın. Məktəblərdə ekoloji maarifləndirmə sahəsindən dərslər genişləndirilməli və müəyyən aksiyalar keçirilməlidir”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Oxunma sayı 194