Səudiyyə Ərəbistanı hökumətinin turizm sektorunu inkişaf etdirmək, xüsusilə də tarixi abidələri bərpa edərək insanların ixtiyarına vermək kimi geniş əhatəli proqramı öz müsbət nəticələrini verməkdədir. Köhnə şəhəri bəzəyən yüzlərlə palçıqlı binası və dar, izdihamlı küçələrindən gələn qədim qoxusu ilə Əl-Ula 2022-ci ildə dünyanın ən yaxşı turistik kəndlərindən biri seçilib. Artıq bu qədim şəhərdə sənət əsərlərinin tədqiqi və nəzərdən keçirilməsi ilə bağlı işlərə başlanılıb.
Hafta.az-ın yazdığına görə, Əl-Ula Valiliyinin Kral Komissiyası köhnə şəhərdəki sənət əsərlərini tədqiq etməyə və nəzərdən keçirməyə, ekspertlər qrupu ilə işləməyə və bərpa işlərini həyata keçirməyə, habelə köhnə şəhərdə müxtəlif memarlıq detallarını aşkarlayıb üzə çıxarmağa başlayıb. Nəhəng gözətçi qülləsinə baxan qədim xarabalıqlar, demək olar ki, min il əvvələ aid əski ticarət yollarının yaratdığı səyahətçilərin zəngin tarixini əks etdirir.

Əsərlər həndəsi motivli divar rəsmləri və məscidlər, evlər, bazarlar kimi gündəlik həyatın müxtəlif elementlərini vurğulayan digər rəsm və cizgilərlə ortaya çıxan mədəni dəyərlərdə ifadə olunan bir çox kəşflərin edilməsinə imkan verib.
Tədqiqatların nəticələri göstərir ki, Əl-Ula mədəni vahəsi mürəkkəb bəzəkləri, o cümlədən evləri ilə səciyyələnirdi və bu gün köhnə şəhər dünyanın ən yaxşı turistik yerləri sırasında yer almalıdır.
Əl-Ula Valiliyi Kral Komissiyası tərəfindən aparılan araşdırmada köhnə şəhərdə tapılan müxtəlif rəng birləşmələri ilə yanaşı, evlərin divarlarına həkk olunmuş yazı və naxışlı folklor elementlərinin detalları da yer alır.
Əl-Ulanın tarixi rolunu canlandırmaq və köhnə palçıqdan tikilmiş binalar arasında qoruyub saxladığı mədəni və sivilizasiya irsinə sərmayə qoymaq məqsədilə köhnə şəhər bu yaxınlarda təmir edilib. Bu çərçivədə Vaha es-Sekafi və Əl-Cedid məhəllələrindəki tarixi məscidlərdən üçü mədəni, iqtisadi və sosial davamlılıq meyarlarına uyğun olaraq təmir edilib.