Əməkhaqqında gender bərabərsizliyi

10:43 23.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün əksər ölkələrdə kişilərin və qadınların maaşı arasında ciddi fərq var. Bəzi ölkələrdə kişi və qadınlar eyni işi görsələr də, kişilər qadınlardan daha çox əməkhaqqı alırlar. Qeyd edək ki, əməkhaqqı məsələsində gender balansının pozulması Beynəlxalq Əmək Təşkilatının da diqqət mərkəzindədir.

Qurumun kişilərin və qadınların maaşı arasında fərqi göstərən sonuncu hesabatına görə, qadınlar kişilərdən, orta hesabla, 16-22 faiz az əməkhaqqı alırlar. Aylıq maaşda gender bərabərliyinin ən çox pozulduğu ölkə kimi Pakistan göstərilir. Bu ölkədə kişilər qadınlardan 62,5 faiz çox maaş alır. Avropa İttifaqı ölkələri arasında ən pis göstərici Niderlanddadır. Beynəlxalq Əmək Təşkilatı qeyd edir ki, Niderlandda qadınların aylıq maaşı kişilərin maaşından 40,3 faiz azdır. Panama, İordaniya və Kabo Verdedə qadınlarla kişilərin maaşı fərqlənmir, Tailandda və Syerra-Leonede isə qadınların maaşı kişilərin maaşından çoxdur. Maaş fərqinin ən çox olduğu ölkələr sırasında Cənubi Koreya və Estoniya da var. Bu ölkələrdə fərq 30 faizdir.  Avropada bu fərq 10, Rusiyada 20-25 faiz arasında dəyişir. Ən aşağı göstərici isə Belçika və Lüksemburqdadır – 4 faiz. Çexiyada da qadın və kişi əməyinin qiymətləndirilməsində əhəmiyyətli dərəcədə bərabərsizlik müşahidə olunur. Hazırda bu göstərici 22 faiz təşkil edir. Belə ki, mütləq rəqəmlərdə qadınlar il ərzində orta hesabla kişilərdən 80 min kron  (3200 avro) az qazanırlar.

Yeri gəlmşkən, bu yaxınlarda Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, ölkədə kişi və qadınların əməkhaqqında fərq var. Onun sözlərinə görə, Azərbaycanda kişilər və qadınların əməkhaqlarında fərq hələ də qalmaqdadır: “Bu məsələnin həllini tapması üzərində iş aparılır. Eyni zamanda, qadınların məşğulluq xidmətləri ilə əhatələnməsi artırılmalıdır. Bundan əlavə, hər bir işsiz kimi qeydiyyata alınan şəxsin fərdi məşğulluq planı hazırlanacaq, bununla da aktiv məşğul əhalinin ən azı yarısının işlə təmin olunması nəzərdə tutulub.

Qeyd edək ki, statistik məlumatlara görə, Azərbaycanda bütün sahələr üzrə kişilərin maaşı qadınların maaşından yüksəkdir. Belə ki, 2020-ci ilin sonuna olan məlumata əsasən orta əməkhaqqı qadınlarda 525,6 manat olduğu halda, kişilərdə 830,2 manatdır. Kişilərdə əməkhaqqı səviyyəsi qadınların aldığı maaşla müqayisədə 304,6 manat və ya 58 faiz çoxdur. Qadın və kişilərin orta əməkhaqqı səviyyəsindəki fərq bütün iqtisadi fəaliyyət növlərində müşahidə edilir. Ölkəmizdə ən yüksək əməkhaqqı mədənçıxarma sənayesindədir. Burada orta hesabla kişilər 3455 manat, qadınlar 2081 manat maaş alır. Mədənçıxarma sənayesində maaş fərqi 1374 manat və ya 66 faizdir.

Maliyyə və sığorta fəaliyyəti əməkhaqqı səviyyəsi yüksək olan ikinci sahədir. Bu sahədə kişilərin orta maaşı 2022 manat, qadınların orta maaşı 1197 manatdır. Kişilər bu sahədə qadınlara nisbətən 825 manat, yaxud 69 faiz çox maaş alır.

Əməkhaqqı səviyyəsində ən böyük fərq olan sahələrdən biri də peşə, elm və texniki fəaliyyətdir. Burada kişilərin orta maaşı qadınların aldığı maaşdan 2 dəfədən də çoxdur. Kişilər 1547 manat maaş aldığı halda, qadınların maaşı 736 manat olub. Fərq 811 manat və yaxud 110 faizdir.

İnformasiya və rabitə sahəsində də əməkhaqqı yüksəkdir. Burada orta hesabla qadınlar 877 manat, kişilər 1168 manat maaş alır. Müqayisədən görünür ki, kişilərə qadınlardan 291 manat və ya 33,2 faiz çox maaş verirlər.

Ümumilikdə, Azərbaycanda muzdla çalışanların (1,69 milyon nəfər) böyük hissəsini kişilər təşkil edir. Muzdlu işçilərin 1,028 milyon nəfəri (60,8 faizi) kişilər, 670 mini qadınlardır. Qadınların sayı kişilərdən üç fəaliyyət növündə - səhiyyə və sosial xidmətlərin göstərilməsində (55,2 faiz), təhsildə (46,6 faiz) və istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətdə (24 faiz) çox olub.

Məsələni hafta.az-a şərh edən sabiq millət vəkili, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev bildirib ki, indiyədək ölkəmizdə gender probleminin müsbət həlli ölkə iqtisadiyyatının inkişafına, ölkənin sosial həyatına, Azərbaycanın hərtərəfli inkişafına zəmin yaradıb. Onun sözlərinə görə, hazırda bir çox sahələrdə qadınlar kişilərdən daha aktv fəaliyyət göstərirlər: “Məsələn, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qadınların məhsuldarlığından istifadə böyük nailiyyətlərin əldə edilməsi ilə nəticələnib. Yəni, bu sahədə qadınlar olduqca aktivdirlər. Təbii ki, gender probleminin çözülməsi, gender bərabərliyi məsələsinin həlli qadınların cəmiyyətdə rolnunun artırılmasına xidmət edir. Amma bəzi sahələr var ki, orada kişi əməyindən,bəzi sahələrdə qadınların əməyindən istifadə kütləvi xarakter alıb. Əslində qadınların əmək hüquqlarının qorunmaması, onların məşğulluğunun təmin edilməməsi, ayrıseçkiliyin yaradılması digər problemlər həmişə iqtisadi zərərlə yadda qalır. Başqa sözlə, qadın üçün xarakterik işlərin kişilər tərəfindən icrası yüksək effektiv nəticə vermir. Ona görə də gender və gender bərabərliyi probleminin həlli üçün qadın əməyindən və məşğulluğundan düzgün və səmərəli istifadə ölkə iqtisadiyyatına böyük səmərələr verə bilər. Bu gün dövlət səviyyəsində bu istiqamətdə ciddi tədbirlər görülür, nəticədə qadınların əvvəlki illərlə müqayisədə iqtisadi fəallığı əhəmiyyətli dərəcədə yüksəlib. Ona görə demək olmaz ki, qadınlar kişilərdən daha az əməkhaqqı alırlar. Belə bir diskriminasiya, ayrıseçkilik bizim cəmiyyətdə mövcud deyil. Məsələn, mən ali məktəbdə dərs deyirəm. Mənimlə eyni işi görən, eyni dərs bölgüsü olan qadın həmkarımla eyni məbləğdə əməkhaqqı alırıq. Bu məsələ səhiyyə və digər sahələrə də aiddir. Sadəcə olaraq elə sahələr var ki, orada əməkhaqqı daha yüksəkdir, amma qadın əməyindən istifadə olunmur. Tutaq ki, mədənçıxarma sənayesi. Bu sahə spesifik və ağır əmək rejimi tələb etdiyindən burada əsasən kişilər çalışırlar. Əməkhaqqında yananan fərq bu kimi sahələrlə bağlı ortaya çıxır. Digər bir məsələ də var ki, bizdə məşğul əhalinin əsas hissəsi kişilərdən ibarətdir. Yəni, qadınlarla müqayisədə kişilərin əməkhaqqı fondunda payı daha yüksəkdir.Bu da istər-istəməz statistik nəticələrdə özünü göstərir”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov isə hesab edir ki, bu gün əmək bazarının və məşğulluğun formalaşmasında qadınların rolu kifayət qədər deyil: “Məsələn, ana olan qadınlar üçün infrastruktur olsa, onlar öz uşaqlarını bağçaya qoyar, yaxud dayələrə tapşırar. Bu bir faktdır ki, Azərbaycanda uşaq bağçalarının və körpələr evlərinin sayı kifayət qədər azdır. Üstəlik, respublikamızda dayəlik çox zəif inkişaf edib. Ona görə də həmin qadınlar məcburiyyət qarşısında qalaraq evdə oturur, uşaqlara baxır və öz vaxtlarını onlara ayırırlar. Bu cür hal isə ölkənin əmək bazarının formalaşmasına ciddi mənfi təsirini göstərir. Ona görə də qadınların əmək bazarına çıxışını asanlaşdırmaq üçün əlavə infrastruktur sahələr yaradılmalıdır. Bu məsələdə körpələr evlərinin, uşaq bağçalarının sayının artırılması, dayəlik institutunun inkişaf etdirilməsi mütləq nəzərə alınmalıdır. Yaxud, sosial məzuniyyətlərdən qayıdan qadınlar üçün pulsuz peşəyönümlü və ya peşələrin dəyişdirilməsi istiqamətində kursların təşkili də vacib amillərdən biridir. Qadınlar üçün münasib olan iş yerlərinin yaradılması da kompleks tədbirlər planında öz əksini tapmalıdır. Qadınların çalışdıqları ənənəvi yüngül sənaye sahələrinin inkişafı və sair də nəzərə alınmalıdır”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin də fikrincə, ölkəmizdə gender bərabərsizliyinin özünü ən çox göstərdiyi sahələrdən biri əmək bazarıdır: “Dünyada işsiz qadınların sayı kişilərdən xeyli çoxdur. Bu gün Azərbaycanda iqtisadi fəal kişilərin 51,8 faizi, qadınların isə 48,2 faizi məşğul əhalı qrupuna aiddir. İşsizlərin 57,5 faizini qadınlar təşkil edir. Əməkhaqqına münasibətdə də kişi əməyinə nisbətən qadın əməyinin diskriminasiya olunduğunu söyləmək olar. Dünyada kişi əməyi 1 dollar, qadın əməyi isə 77 sentlə qiymətləndirilir. Azərbaycanda qadınların orta əməkhaqqı kişi əməyinin yalnız 63,3 faizini təşkil edir. Bu rəqəm elmi-texniki fəaliyyət sahəsində 47,6 faiz, maliyyə və sığorta fəaliyyəti sahəsində 59,2 faiz, emal sənayesi sahəsində 63,8 faiz, səhiyyə və sosial xidmətlər sahəsində 63,9 faiz, təhsil sahəsində isə 79 faiz təşkil edir. Qadın sahibkarlığına ölkədə kifayət qədər dəstək verilməsinə baxmayaraq hələ də sahibkar qadınların sayı kişilərdən 3,7 dəfə azdır. Əgər 836 679 nəfər kişi fərdi sahibkarlıqla məşğul olursa, bu sahədə qadınların sayı 225 858 nəfər təşkil edir. Yalnız təhsil sahəsində fəaliyyət göstərən qadınların sayı kişilərdən 1,8 dəfə çoxdur”.

Oxunma sayı 226