Ər-Riyada səfərim çərçivəsində istər fasadına, istərsə də daxili quruluşuna görə çox maraqlı bir muzeyə baş çəkdim. Bu tarixi məkan Əl-Masmak sarayı və qala-muzeyidir.

Xarici görünüşünə görə Özbəkistanın Buxara və Xivə şəhərlərində gördüyümüz qədim qalalara bənzəyən Masmak sarayı və ya qalası, Ər-Riyadın köhnə hissəsində, şəhər istehkamlarının içərisində yerləşir. Saray 1865-ci ildə Kral III Abdullah bin Feysəl əs-Səud tərəfindən Əs-Səud və Ər-Rəşid ailələri arasında Nəcd hakimiyyəti üzərində münaqişələr zamanı şəhərin daxili istehkamı məqsədilə tikilib. Qala 1901-ci ildə əmir Əbüləziz bin Səud tərəfindən mühasirəyə alınaraq Ər-Rəşiddən geri qaytarılıb. Səudiyyə Ərəbistanı Krallığının yaradılmasının soydaş simvolu kimi qəbul edilənə və muzey kimi bərpa olunana qədər qala silah-sursat anbarı kimi fəaliyyət göstərib. Son olaraq, 1995-ci ildə Səudiyyə Krallığının yaranma mərhələlərini nümayiş etdirən muzey kimi insanların xidmətinə açılıb.

Nəcd xalqlarının dialektində “Masmak” və ya “Məsmək” sözləri “Musamaka” sözündən götürülüb, “qalın”, “uca”, “möhkəmləndirilmiş" mənalarını verir. Qala hamımızın görüb-bildiyi adi çiy kərpicdən tikilib, samanlı palçıqla suvanıb. Divarlarda havalandırma, işıqlandırma, hətta yağış suyunu axıtmaq üçün damın kənarlarında kiçik üçbucaqlı pəncərə və novlar inşa olunub.

Qala künclərdə hündürlüyü 18 metr olan dörd dairəvi qüllə ilə möhkəmləndirilmiş dördbucaqlı plana malikdir, bu bürclər yuxarıya doğru daralır və çəllək görünüşünü alır. Sadə çiy kərpicdən tikilmiş xarici divarlar məscidi, divaniyyəni (iclas otağı), su quyusu və açıq həyətlərin ətrafında qruplaşdırılmış bir neçə otağı mühafizə edir.

Saraya giriş qərb divarında yerləşən darvazadandır. Xurma ağacının gövdələrindən tikilmiş bu darvazanın hündürlüyü 3,6 metr, eni isə 2,65 metrdir. Buradan yol şimala – məscidin qarşısındakı açıq həyətə aparır. Namaz yeri yuxarıdan işıqlandırılan və havalandırılan hipostil şəklindədir. Darvazanın şərqində isə divaniyyəyə bir qapı açılır. Divaniyyənin də daxili qərb və cənub divarlarındakı üçbucaqlı dəliklərdən işıqlandırılır.

Qalanın mərkəzində namaz otağına və divaniyyəyə düzbucaqlı planlı beşinci qüllə bağlanıb. Bu qüllənin arxasındakı sütunlu həyətin ətrafında bir neçə otaq sıralanıb. Oradan pilləkənlər qala hakiminin iqamətgahı, xəzinə və qonaq evinin yerləşdiyi ikinci mərtəbəyə aparır.

Ümumilikdə, qala insanların çox arzuladığı turizm məkanı olduğu üçün bu böyük memarlıq möcüzəsinin əzəmətini təkcə səudiyyəlilər və burada yaşayan əcnəbilər deyil, həm də Krallığın hüdudlarından kənardan gələn xarici turistlər də görür və qiymətləndirirlər.

Qeyd edək ki, Ər-Riyada gələn həm hökumət qonaqları, həm də adi turistlər mütləq Əl-Masmak qalasına baş çəkirlər.

Qalanın təxminən 160 il əvvəl tikildiyi nəzərə alınaraq orada vaxtaşırı təmir-bərpa işləri görülür. Ən geniş təmir işləri isə 1980-ci ildə Ər-Riyadın o vaxt qubernatoru olmuş indiki kral Salman bin Əbdüləzizin göstərişi ilə aparılıb. Təmir-bərpa prosesi tamamlanandan sonra – 1995-ci ildə Əl-Masmak qalası tarix muzeyi olaraq fəaliyyətə başlayıb.

Bu gün Əl-Masmak qala-muzeyində fotoşəkillər, xəritələr, maketlər, vitrinlər, köhnə silahlar, ənənəvi və irs əşyaları, geyimlər nümayiş olunur, eləcə də sərgi və audiovizual salonlar var.

Məlumata görə, hər ay muzeyə 5 minə yaxın məktəbli və digər ziyarətçilər gəlir. Hansı ki, onların sayı məktəb tətilləri zamanı xüsusilə artır. Rəsmilərin bildirdiyinə görə, 1995-ci ildə açılışından bəri muzeyi bir milyondan çox insan ziyarət edib.

Bu arada, muzeyin qapıları şənbə-çərşənbə günləri səhər səhər 9-dan axşam saat 8-dək, cümə axşamı və cümə günləri isə günorta saat 2-dən axşam saat 10-dək ziyarətçilər üçün açıqdır.
Burada istirahət bazar günüdür və təbii ki, muzeyin qapıları bağlı olur.