Həftənin TƏLTİFİ - Həftə-reytinq

10:17 09.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunan Vasif Tağıyev Azərbaycanda bu ordeni alan 5-ci şəxsdir. 2017-ci ildə təsis edilmiş bu orden Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətləri olanlara verilir. Daha əvvəl 1-ci dərəcəli “Rəşadət” ordeni ilə müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təltif olunub.

 

Həftənin ŞÖHRƏTLİSİ

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Anatoli Xaimoviç Rafailov “Şöhrət” ordeni ilə təltif edilib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, sabah Milli Məclisin deputatı Anatoli Rafailovun 70 yaşı tamam olur.

 

Həftənin YUXUSU

Türkiyədə baş verən zəlzələdən sonra dağıntılar altından daha bir uşaq çıxarılıb. Xilasedicilər uşağı uçqundan çıxaran zaman uşaq "Nə olub? Nə olub?" deyə reaksiya verib. Məlumata görə, zəlzələ uşaq yuxuda olan zaman baş verib və o dağıntılar altından çıxarılana qədər yuxuda qalıb. Oyananda nə baş verdiyinin fərqinə varmadığı üçün belə bir reaksiya verib. Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.

 

Həftənin BACISI

Fevralın 6-sı Türkiyənin Kahramanmaraş şəhərində baş verən 7,7 bal gücündə zəlzələ Suriyada da dağıntılara səbəb olub. Suriyada iki azyaşlı bacı və qardaşın dağıntılar altında qalmasını əks etdirən görüntülər yayılıb. Videodan bacının öz qardaşını qorumağa və sakitləşdirməyə çalışdığını görmək mümkündür. Sözügedən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb və gündəm olub.

 

Həftənin QADAĞASI

Ukrayna Daxili İşlər Nazirliyi daxili işlər naziri Denis Monastırskinin ölümü ilə nəticələnən, Kiyev vilayətində baş verən təyyarə qəzasının şərtlərinin araşdırılması başa çatana qədər nazirlərə vertolyotlardan istifadə etməyi qadağan edib. Bu barədə telemarafonun efirində idarənin rəhbəri vəzifəsini icra edən İqor Klimenko bildirib. Daxili İşlər Nazirliyinin rəis əvəzi vurğulayıb ki, mütəxəssislər nazirliyin sistemindən bütün helikopterləri yoxlayır. Onun sözlərinə görə, bu təyyarələrin təhlükəsizliyi xarici ekspertlərlə birlikdə sübuta yetirilənə qədər bu proses bir-iki aya qədər uzanacaq.

 

Həftənin VƏHŞİLİYİ

İranda Azərbaycan şairi İzzəddin Həsənoğlunun məzarı dağıdılıb. Bu barədə Azərbaycan folklorşünası, AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, Azərbaycanın ilk anadilli poeziyasının şah əsərlərini yaradan İzzəddin Həsənoğlunun ötən il bərpa olunmuş məzarı yenidən dağıdılıb. Qeyd edək ki, şairin məzarı Xorasan şəhərində yerləşir.