Prezident İlham Əliyevin sərəncamı ilə Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Bu təyinatadək M.Məmmədov iqtisadiyyat nazirinin müşaviri vəzifəsini tutub. O daha əvvəl də bir sıra yüksək vəzifələrdə çalışıb. Məsim Məmmədov Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi də fəaliyyət göstərib.
Həftənin XƏBƏRDARLIĞI
“Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaqla bağlı planları tamamilə qəbuledilməzdir”. Bu barədə məlumatı Rusiya XİN yayıb. Bildirilib ki, rəsmi Moskva sözügedən məhkəmə tərəfindən Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verilməsi fonunda Ermənistanın Roma əsasnaməsinə qoşulmaq istəyini tamamilə qəbuledilməz hesab edir. Rusiya XİN-dəki mənbənin sözlərinə görə, Moskva belə bir qərarın mənfi təsirləri ilə bağlı İrəvana xəbərdarlıq edib.
Həftənin MƏRHUMU
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Hadisə Abşeron rayonu ərazisində baş verib. Belə ki, onun idarə etdiyi “Lexus 570 LX” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
Həftənin PUASI
Tezliklə Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan yeni “Bayraktar TB-3” pilotsuz uçuş aparatının ilk uçuşu həyata keçiriləcək. Bu barədə məlumatı şirkətin texniki direktoru Selçuk Bayraktar öz tviter hesabında açıqlayıb. ““Bayraktar TB3” böyük qardaşı “Kızılelma”dan sonra öz ilk uçuşu üçün günləri sayır”, - deyə Bayraktar paylaşımında qeyd edib. O, həmçinin yeni PUA-nın fotolarını da paylaşıb.
Həftənin BAŞ NAZİRİ
Şotlandiyanın keçmiş səhiyyə naziri, pakistanlı siyasətçi Həmzə Yusif ölkənin hakim Şotlandiya Milli Partiyasının yeni lideri seçilib. O, bununla da, Şotlandiya hökumətinə rəhbərlik edəcək. Həmzə Yusif Baş nazir vəzifəsində Nikola Sterceni əvəz edəcək. Stercen fevral ayında istefa verdiyini açıqlayıb. O, 2014-cü ildən Şotlandiya hökumətinə başçılıq edib. Qeyd edək ki, pakistanlı müsəlman siyasətçi H.Yusif 1985-ci ildə Qlazqoda anadan olub. Onun atası Birləşmiş Krallığa Pakistandan, anası isə Keniyadan gəlib.
Həftənin MƏĞLUBİYYƏTİ
Millimiz Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxıb. Yığmamız F qrupunda 2-ci turda İsveçin qonağı olub. Qeyd edək ki, Azərbaycan bu turnirdə ilk turda Avstriyaya 1:4 hesabı ilə uduzub. Oyun İsveçin 5-0 qələbəsi ilə başa çatıb. Bununla da millimiz növbəti darmadağınla üzləşib.