Bu il ölkəmizdə bir sıra mühüm hadisələr və yeniliklərlə yadda qaldı. İlin yeni başlamasına baxmayaraq fərqli qərar və yeniliklər insanların ürəyincə oldu. Ən çox da sosial maddi rifahın yüksəldilməsi ilə bağlı Fərmanlar, Sərəncamlar minlərlə insanı əhatə etdi. Deyə bilərik ki, ən önəmli hadisə - uzun müddət öz həllini tapa bilməyən problemli kreditlər məsələsi həll edildi. Prezidentin müvafiq sərəncamı ilə ölkədə 800 mindən çox insan bu fərmandan yararlandı.
Belə ki, fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə Fərman imzalayıb. Fərmana əsasən kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla), habelə Əmanətlərin Sığortalanması Fondunun ləğvedici kimi təyin edildiyi ləğvetmə prosesində olan banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləmis üçün fərman verdi.
Sosial vəziyyətin yaxşılaşdırılması siyasətinin davamı kimi minimum əmək haqlarının artırılması, eləcə də pensiya artımını ən öncül proses hesab etmək olar. Prezidentin iyunun 18-də imzaladığı sərəncamla büdcədən maliyyələşən bir sıra təşkilatlarda aylıq maaşın aşağı həddi 250 manat səviyyəsinə çatdırılıb. Əməkhaqları artırılan işçilərin 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir, rəsmi mənbələrdə deyilir.Hazırda minimum aylıq maaşın məbləği 180 manatdır. Bundan əvvəl prezidentin 2019-cu il fevralın 8-də imzaladığı sərəncamla minimum əmək haqqı 130 manatdan 180 manata artırılmışdı. O sərəncamla artım 600 minədək insanı əhatə etmişdi.
Təxminən 17 sərəncamda Mərkəzi Seçki Komissiyasının üzvləri, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi, Dövlət Gömrük Komitəsi, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşları, dövlət qulluqçusu olmayan mülki işçiləri, eləcə də büdcədən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşlarının orta hesabla 40 faiz artırılması qeyd olundu. Bundan başqa, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan məktəb və peşə məktəblərinin müəllimlərinin, peşə məktəblərində idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları sentyabrın 1-dən etibarən orta hesabla 20 faiz artırılacağı bildirildi.
Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşü, görüşdə səsləndirilən problemlərin həlli üçün verilən qərarlar hər bir azərbaycanlının sevindirdi.
Prezident çıxışında bildirdi ki, 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır:
"Hesab edirəm ki, buna ehtiyac var. Çünki ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. İslahatların yeni mərhələsinin anonsu keçən il prezident seçkilərindən sonra verilmişdir. Ciddi islahatların hazırlanması üçün keçən ilin ikinci yarısında çox fəal iş aparılırdı və bu ilin əvvəlindən genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparılır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. İqtisadi islahatlar imkan verdi ki, sosial sahədə çox ciddi addımlar atılsın. Bu ilin əvvəlindən keçən il ərzində hazırlanmış sosial layihələr icra edilməyə başlanmışdır. Azərbaycan vətəndaşları bunu yaxşı bilirlər. Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir. Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təxminən 600 min insanı əhatə edir. Çoxmənzilli binaların sənədləşdirilməsi təxminən 350-400 min insanı əhatə edir. Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir. Tələbələrin təqaüdləri əhəmiyyətli dərəcədə artırıldı, bu da 100 mindən çox tələbənin maliyyə vəziyyətini yaxşılaşdırır”.
Prezidentin bir qrup mədəniyyət və incəsənət adamları ilə görüşündən sonra ardıcılı olaraq bir neçə xalq və əməkdar artistlərinə ev bağışladı. Ev alanlar içərisində Xalq artisti Qurban İsmayılov, əməkdar artist Vəfa Zeynalova, xalq artisti Məmmədsəfa Qasımov oldu.
Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik məbləğin verilməsi hər bir şəhid ailəsini qürurlandırdı.
Bundan əlavə yüzlərlə qaçqın və məcburi köçkünlərin ev problemləri həll olundu. Hələ yəqin ki, 2019 –cu ilin sonuna qədər də yeni fərman və sərəncamların şahidi olacağıq.
Artıq Azərbaycan xalqı aparılan islahatların real nəticələrini görürlər. Prezident İlham Əliyevin keçən il start verdiyi, bu ilin altı ayında da davam etdirilən islahatlar kursu bir daha Azərbaycanın dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını göstərir. Əldə olunmuş nəticələr ilin ikinci yarısında da uğurlara imza atacağımıza inam yaradır.