Koronavirusla əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilən dövlətlərin sayı artır  

15:25 26.03.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Son məlumatlara görə, koronavirusa dünya üzrə yoluxanların sayı 470 min nəfəri keçib. Virusdan ölənlərin sayı isə 21 min nəfərdən çoxdur. Görünən mənzərə odur ki, virusun yayılma arealı sürətlə böyüyür. Artıq Avropa, ABŞ və İran koronavirusun yayılma episentləri elan edilib.

Dünya ölkələri virus təhlükəsinin həddi ilə bağlı onunla mübarizədə müxtəlif yollara əl atırlar. Buraya karantin rejiminin tətbiqi, bəzi qadağalar, ən son çarə kimi isə fövqəladə vəziyyət rejiminin elan edilməsi daxildir.

Artıq COVID-19 virusu ilə bağlı Qazaxstan, İtaliya, ABŞ-ın bir çox ştatları, İspaniya, Çexiya, Estoniya, Rumıniya, Bolqarıstan, Macarıstan, Fransa, Slovakiya, Avstriya və bir sıra digər dövlətlərdə fövqəladə rejim elan edilib.

Operativ Qərargahın məlumatına görə hazırda Azərbaycanda  xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunmuş, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilir. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdir.

Hazırda koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

Bu günə qədər xüsusi çarter reysləri vasitəsilə 10.000 nəfərə yaxın Azərbaycan Respublikası vətəndaşının müxtəlif ölkələrdən Azərbaycana gətirilməsi təmin edilmişdir.

Son məlumata diqqət yetirsək 10 min Azərbaycan vətəndaşı məhz virusun geniş yayıldığı ölkələrdən geri gətirilib. Hökumət də artıq aşkarlanan koronavirusun tək xaricdən gələnlərdə yox, ölkə daxilində də bir-birini yoluxdurması nəticəsində aşkarlandığını təsdiqləyib. Düzdür, hələlik tətbiq olunan karantin rejimi vəziyyəti nəzarətdə saxlamağa imkan verir.

Lakin, qarşıdakı günlərdə tətbiq olunan qadağaların nə dərəcədə effektiva olacağını zaman göstərəcək. Azərbaycan Prezidenti İlham Əliyev də Novruz Bayramı münasibəti ilə xalqa müraciətində ölkəmizdə koronavirusla mübarizə tədbirləri çərçivəçində fövqəladə vəziyyətin elan edilə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.   

İndi bir çox dövlətlərdə bir-birinin ardınca tətbiq olunan fövqəladə vəziyyət rejiminin tələbləri Azərbaycan vətəndaşlarını da yaxından maraqlandırır. Bunu nəzərə alaraq hafta.az Azərbaycanda tətbiq olunması istisna edilməyən fövqəladə vəziyyət rejimin tələblərini araşdırıb.  

Bu rejimin tətbiqi "Fövqəladə vəziyyət haqqında" qanunla tənzimlənir.

Qanunda da deyilir ki, fövqəladə vəziyyət - Azərbaycan Respublikasının Konstitusiyasına və bu Qanuna uyğun olaraq Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin konstitusion hüquq və azadlıqlarının, habelə mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin bu Qanun ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılmasına və onların üzərinə əlavə vəzifələr qoyulmasına yol verən, eləcə də Müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin fəaliyyətini tənzimləyən xüsusi hüquqi rejimdir.

Fövqəladə vəziyyət müvəqqəti tədbirdir və burada məqsəd onun tətbiq edilməsinə səbəb olmuş şəraitin tezliklə aradan qaldırılması, qanunçuluğun bərpa edilməsi, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, müvafiq icra hakimiyyəti orqanları və yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin normal fəaliyyət göstərməsi üçün şərait yaradılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsidir.

Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət Müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi akt ilə tətbiq edilir. Fövqəladə vəziyyətin tətbiq edilməsi barədə normativ hüquqi akt dərhal kütləvi informasiya vasitələri ilə elan olunmalıdır.

Respublikanın ayrı-ayrı yerlərində tətbiq edilən fövqəladə vəziyyətin qüvvədə olma müddəti 60 gündən artıq ola bilməz. Əgər istənilən nəticə əldə edilməyibsə, onun müddəti maksimum 60 gün də artırıla bilər.

Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı tədbirlərin və müvəqqəti məhdudiyyətlərin həyata keçirilməsi nəzərdə tutula bilər:

- müvafiq icra hakimiyyəti orqanlarının, eləcə də yerli özünüidarə orqanlarının səlahiyyətlərinin tam və ya qismən dayandırılması;

- vətəndaşların hərəkət sərbəstliyinə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin əraziyə daxil olmalarına və orada yaşamalarına məhdudiyyətlər qoyulması, gediş-gəlişi nizama salan xüsusi rejimin müəyyən edilməsi;

- ictimai asayişin, dövlət mühafizəsi altında olan obyektlərin, habelə əhalinin həyat fəaliyyətini və nəqliyyatın işini təmin edən obyektlərin mühafizəsinin gücləndirilməsi;

- ayrı-ayrı maliyyə-iqtisadi fəaliyyət növlərinin həyata keçirilməsinə, o cümlədən malların, xidmətlərin və maliyyə vəsaitlərinin yerdəyişməsinə məhdudiyyətlər qoyulması;

- gündəlik tələbat mallarının və ərzağın əldə olunmasında, satışında və bölüşdürülməsində xüsusi rejimin müəyyən edilməsi;

- yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri və piketlər, eləcə də digər kütləvi tədbirlərin keçirilməsinə qadağan və ya məhdudiyyət qoyulması;

- müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya başqa üsullarla dayandırılmasının qadağan edilməsi;

- nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların yoxlanılması;

- partlayıcı, radioaktiv, eləcə də təhlükəli kimyəvi və bioloji məhsulları istehsal və istifadə edən təşkilat və müəssisələrin fəaliyyətinin tam və ya qismən dayandırılması;

- fövqəladə hallarla əlaqədar olaraq maddi və mədəni sərvətlərin məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında təhlükəsiz rayonlara köçürülməsi;

- komendant saatının tətbiqi, yəni vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlər və xüsusi icazə vərəqələri olmadan, onların günün müəyyən edilmiş vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsi;

- şərtləri və bu şərtlərin həyata keçirilməsi qaydası göstərilməklə ilkin senzuranın tətbiqi vasitəsilə mətbuatın və digər kütləvi informasiya vasitələrinin azadlığının məhdudlaşdırılması, səsucaldan texniki vasitələrin və surətçıxarma aparatlarının müvəqqəti götürülməsi, jurnalistlərin akkreditə olunmasının xüsusi qaydasının müəyyən edilməsi;

- fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törədən siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması;

- vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərin, onların şəxsi əşyalarının və mənzillərinin yoxlanılması;

- silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin satışının məhdudlaşdırılması və ya qadağan olunması, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya tərkibində güclü təsirə malik maddələr olan dərman preparatlarının, etil spirti, spirtli içkilər və tərkibində spirt olan məmulatların dövriyyəsi üzrə xüsusi rejimin yaradılması; müstəsna hallarda fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və partlayıcı maddələrin, hüquqi şəxslərdən isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin qanunvericiliklə müəyyən edilmiş qaydada müvəqqəti götürülməsinə yol verilməsi;

- fövqəladə vəziyyət rejimini pozan və fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə yaşamayan şəxslərin onların öz hesabına, maddi imkanları olmadıqda isə dövlət büdcəsinin vəsaiti hesabına (bu vəsaitin sonradan qaytarılması şərtilə) həmin ərazinin hüdudlarından çıxarılması;

- stasionar və ya müvəqqəti yaşayış yerləri ilə mütləq şəkildə təmin olunması şərtilə əhalinin yaşayış üçün təhlükəli olan rayonlardan müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülməsi;

- karantin tətbiq edilməsi, sanitariya-antiepidemiya, baytarlıq və bu kimi digər tədbirlərin, habelə qanunvericiliklə nəzərdə tutulmuş mülki müdafiə tədbirlərinin həyata keçirilməsi;

- dövlətin maddi ehtiyatlarının cəlb edilməsi, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin resurslarının səfərbər olunması, onların iş rejiminin dəyişdirilməsi, göstərilən təşkilatların istehsalının fövqəladə rejim şəraitinə uyğunlaşdırılması və fövqəladə rejim şəraitində istehsal-təsərrüfat fəaliyyətinin münasib surətdə dəyişdirilməsi;

- fövqəladə vəziyyətin qüvvədə olduğu dövr ərzində öz vəzifələrini layiqincə yerinə yetirməyən dövlət təsisatlarına rəhbərlik edən şəxslərin vəzifədən azad edilməsi və vəzifələrin müvəqqəti icrası üçün başqa şəxslərin təyin olunması;

- əməyin mühafizəsi qaydalarına tam riayət olunması şərtilə qəzaxilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müstəsna hallarda əmək qabiliyyətli əhalinin səfərbər olunması və vətəndaşların nəqliyyat vasitələrinin cəlb edilməsi;

- rabitədən istifadə üçün qoyulmuş xüsusi qaydalara riayət olunması;

- fövqəladə vəziyyət şəraitində vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri ilə işləməyə buraxılması qaydasının dəyişdirilməsi.

 

Oxunma sayı 50
Gündəm rubrikasından digər xəbərlər