Batmanda heç vaxt olmamışdım. Əlbəttə, haqqında çox şeyləri bilirdim. Bilirdim ki, Türkiyənin neft deposudur, çox sayda qədim qalaları ilə məşhurdur, Hasankeyf kimi tarixin dərinliklərini özündə yaşadan sərvətə sahibdir və sair. Məsəl var deyərlər: “Min eşitməkdənsə, bir görmək yaxşıdır. Nəhayət, bir sabah quş qanadlı təyyarə məni bu ecazkar məkana apardı...
TÜRKİYƏNİN NEFT DEPOSU
Batman Türkiyənin cənub-şərqində dağlıq bölgədə yerləşən o qədər də böyük olmayan vilayətdir. Ərazisi 4 700 kvadratkilometrdən az olan bu vilayətin toplam 6 rayonunda cəmi 650 min nəfər yaşayır ki, onun da üçdənikisi – 450 min nəfəri Raman dağının ətəyində yerləşən Batman şəhərində cəmlənib.
Türkiyə turizmi deyəndə ilk olaraq ağla İstanbul, İzmur, Antalya, Ankara, Eskişehir və sair gəlir. Niyə? Çünki tarixi və doğal qaynaqları onilliklər boyunca çox təşviq olunub, dünyanın diqqətini çəkib və əlbəttə, nəticədə bu məkanlar məşhurlaşıb, inkişaf edərək böyüyüb. Batman isə ucqar bölgə olaraq bu baxımdan bir az geri qalıb. Batmanın da Antalyadan, Eskişehirdən daha strateji edən neft kimi bir sərvəti var. Bu gün Türkiyədə çıxarılan neftin b[ywk hissəsini verən bu vilayətdə son illər çox böyük iqtisadi inkişaf başlayıb.
Müasir hava limanı, universiteti, xəstəxanaları, mədəniyyət sarayları ilə öz inkişafını tətikləyən Batman vilayətinin ərazisində çox sayda qədim qalalar, antik yaşayış yerlərinin xarabalıqları dünya irsinin yadigarları kimi qorunur. Hansı ki, bu yaşayış yerlərindən bəzilərinin tarixi 12 min il əvvələdək uzanır. Tarixi və təbii abidələri, yerli ənənəvi mətbəxi ilə zəngin olan vilayətə turistləri çəkmək məqsədilə çox böyük tanıtım kampaniyalarına start verilib. Turizmi inkişaf etdirmək üçün lazımi nəqliyyat və qonaqlama infrastrukturuna malik vilayətdə bu proqramlar çərçivəsində yerli turistik məkanların səyahət xəritəsi tərtib olunub və gələn turistlərin bu əsasda turları həyata keçirilir.
Yeri gəlmişkən, mənim də bölgəyə səfərim #GoTürkiye proqramı çərçivəsində təşkil olunmuşdu.
Əlbəttə ki, tanıtım turlarının əsas hissələrindən biri də fərqli xarici ölkələrdən media mənsublarının, bloggerlərin vilayatə səfərlərinin təşkilidir.
Əvvəldə də qeyd etdiyim kimi, Batman Türkiyənin əsas neft tədarükçüsüdür, ona görə də bu şəhərdəki ən böyük prospekt olan Demokratiya Bulvarı üzərində quraşdırılmış, gecələr al-əlvan işıqlarla işıqlandırıldığı üçün kilometrlərlə uzaqdan görünən neft buruğu maket-abidəsinin mənasını anlamaq çətin deyil. Bundan əlavə, Batman şəhər mərkəzindəki ən böyük ticarət mərkəzi də neft sektoruna minnətdarlıq əlaməti olaraq, “PetrolSity” adlandırılıb. Bütün bunlar təsadüfi deyil, məhz neft sektorunun inkişafı burada işsizliyin aradan qaldırılmasında və vilayətin yerli büdcəsinin formalaşmasında, ümumiyyətlə batmanlıların gəlirlərinin artmasında vacib rol oynayır.
Bu arada, hər kəs bilməlidir ki, Anadoluda ilk məskunlaşmış məkanlardan olan Hallançemi kurqanı məhz Batmandadır. Hallançemidə məskunlaşmanın izləri 11 min il əvvələ uzanır.
Batmana gələsən, Hasankeyfi ziyarət etməyəsən, mümkün deyil. Batman vilayət mərkəzinə qonşuluqda yerləşən Hasankeyf rayonu iki əsas sərvəti ilə nəinki Türkiyədə, dünyada tanınır. Bunlardan biri tarixi abidələri, digəri isə Dəclə çayı üzərində tikilmiş İlisu anbarıdır.
MOR KİRYAKUS MƏBƏDİ
Tarixi abidələrdən söz düşmüşkən, Batmanın Bəşiri rayonu ərazisindəki Mor Kiryakus məbədi Hasankeyf yolundan bir az aralıda - Ayrancı kəndində yerləşir. Kıra dağının qoynunda, ön fasadı ilə çox geniş dəyəyə açılan məbəd 1600 il əvvəl - IV əsrdə Assuriya xristianları tərəfindən inşa olunub. Biri mərkəzi girişdəki əsas, digər ikisi isə sağda və solda olmaqla üç həyətdən ibarət, 2500 kvadratmetr sahəsi olan bu əzəmətli tikilidə hazırda təmir-bərpa işləri gedir və üç mərhələdən ibarət bərpa prosesinin ilk hissəsi başa çatmaqdadır.
Məbədin əsas girişində yerləşən mərkəzi həyət xeyli genişdir, buradan sağa və sola olmaqla digər həyətlərə keçidlər mövcuddur. Əsas həyətdə təmir işləri yekunlaşıb, soldakı həyətdə də başa çatmaq üzrədir. Sol həyətin ətrafı boyunca tağlı sütunlar üzərində tikilən karvansara yerləşir ki, fəaliyyət göstərdiyi əski dönəmlərdə məbədə gələnlər burada qalarlarmış.
Əsas həyətin sağ tərəfindəki həyətdə bərpa prosesinə yenicə başlanılıb.
Yeri gəlmişkən, bu həyətdə Xristianlığın vacib elementlərindən olan xaç suyuna salma kimi proseslər icra olunurmuş.
Süryani xristianları tərəfindən müqəddəs sayılan Tur Abidin bölgəsinin ən ucqar nöqtəsində yerləşən Mor Kiryakus monastırı bölgədəki 80-ə yaxın kilsə və monastır arasında mühüm yer tutur. Yeraltı dəhlizləri də nəzərə alsaq, üç qatlı monastırın girişindəki əsas darvazada və daxili həyəti iki yerə ayıran tağlı darvazanın üzərində süryani dilində yazılmış iki daş kitabə var. Birinci kitabədə Hələbdən olan Salibo adlı şəxsin adı çəkilir, lakin monastırın tikilmə tarixi haqqında məlumat verilmir. Çünki assuriyalı xristianlar inşa etdikləri monastır və kilsələrdə istifadə etdikləri yazıların tarix bildirən sənəd olmaqdansa, insanlara İncildən mesajlar ötürən dini məzmunlu ilahi mətnlər olmasını üstün tutublar.
IV əsrdə Hələbdən Tur Abidin bölgəsinə gəlib insanları vaftiz edərək Xristianlığı yayan missioner rahiblər, xüsusilə Şimali Mesopotamiya düzənliyinə baxan təpə və qayalıqlarda monastırlar tikməyi ənənəyə çevirmişdilər. Şimali Mesopotamiya düzənliyinə baxan Kıra dağının şərq yamacında yerləşən Mor Kiryakus monastırı belə bir ideyanın məhsuludur. Bununla belə, bölgədəki ilk monastırlardan olduğu və tikildikdən sonra yeni monastırların açılmasına stimul verdiyi üçün də əhəmiyyətlidir. Çünki o dövrdə kənd yerlərində missionerliyin öncülləri olan rahiblər yalnız bu yolla qurduqları monastır və kilsələr vasitəsilə xristianlığın yayılmasında uğur qazanacaqlarına inanırdılar.
Mor Kiryakus monastırı, çox güman ki, 457-ci ildə tikilib. Çünki IV əsrdə tikilmiş kilsə və monastırlarda zəng qüllələri ucaltmaq ənənəsi olmayıb. Mor Kiryakus monastırında zəng qülləsinin olmaması yuxarıda göstərilən tikinti tarixini təsdiqləyir. Çünki sonrakı əsrdə İslam dininin inkişafı ilə məscidlərə əlavə edilən minarələrdən ilhamlanaraq monastır və kilsələrdə zəng qüllələrinin inşası ənənə halını alıb.
Mor Kiryakus monastırı XVII əsrin sonlarına qədər dövlət tərəfindən bir neçə dəfə təmir olunub. Hətta şayiələrə əsasən, yuxarı mərtəbə təmir vaxtı əlavə olaraq tikilib.
Bu gün xarabalıqlar içindən bərpa edilən Mor Kiryakus monastırında müxtəlif ölçülü çoxlu bitişik otaqların olması bu yerin ibadət yeri, mədrəsə və ermitajdan ibarət ictimai kompleks olduğunu göstərir. Məlumdur ki, bu ictimai kompleksdə təhsilini başa vurub keşiş titulu qazananlar Tur Abidin bölgəsindəki digər kilsələrə təlimatçı təyin edilirdilər.
Bura 1940-cı illərin əvvəllərinə qədər fəaliyyət göstərib, ondan sonra, sonuncu icma monastırı tərk etdib.
TARİX BURADA YAZILIB
Mor Kiryakusu ziyarət edib Hasankeyfin incisi olan İlisuya gəldim. Mənbəyindən mənsəbinədək sahillərində bəşər tarixinin ən zəngin mədəniyyətlərini formalaşdırmış Dəclə çayı üzərində tikilən və 2020-ci il mayın 19-da açılışı olmuş İlisu anbarı dağlar arasında kilometrlərlə uzanaraq öz yaşıl-mavi siması ilə təbiəti bir az da gözəlləşdirib. Düzdür, su anbarı tikilərkən və hətta açılışı olandan sonra da müəyyən qüvvələr onun bölgəyə yalnız ziyan gətirəcəyini, Hasankeyfin qədim tarixini öz dərinliklərində basdıracağını iddia edirdi. Amma hər halda, bu nəhəng layihə hazırlananda hər şey xırdalığınadək nəzərə alınıb, çay dərəsindəki daşınmaz deyilən əsas tarixi abidələr müasir texniki vasitələrlə heç bir ziyan görmədən - olduğu kimi, suyun qalxa bilməyəcəyi hündür ərazilərə köçürülüb.
Qeyd edim ki, İlisu bəndinin tikilməsi regionun iki böyük problemini həll edib. Bunlardan biri elektrik enerjisi, digəri isə suvarmadır.
Bu arada, su anbarı tikilmədən öncə əkin-biçinlərini suvarmağa su tapmayan çox sayda bölgə sakini, xüsusilə də gənclər çörəkpulu dalıyla İstanbul, Ankara, İzmir və sair kimi iri şəhərlərə miqrasiya ediblər. Amma bənd tikiləndən sonra nəinki köç dayanıb, hətta gedənlərin bir hissəsi təkrar doğulub-böyüdüyü torpağına dönüb.
Dəclə sahilindən bir neçə kilometr aralı köçürülən Hasankeyfin sakinlərinə gəlincə, dövlət onları köçürərkən evlərini real dəyərindən baha qiymətə satın alıb, üstəlik yaşadıqları yerin yaxınında – daha hündür ərazidə yeni salınmış qəsəbədə onlara ilk beş il ərzində ödəniş etməmək şərtilə, sıfır faiz kreditlə geniş otaqları və kiçik həyəti olan evləri aşağı qiymətə təklif edib.
Mən orada olanda eşitdim ki, Hasankeyf dərə yatağında yerləşərkən 4 min əhalisi varmış, bugünki yeni qəsəbə isə 7 mindən çox sakini özündə cəmləyib. Yəni sakinlər böyük məmnuniyyətlə yeni evlərində yaşamaqdadırlar.
Bu gün Güney Anadolu Proqramı (GAP) çərçivəsində inkişaf etdirilən Hasankeyf ölkə daxilindən və xaricindən çoxsaylı turistləri cəlb etməkdədir. Burada turistlərin diqqətini çəkən çox böyük potensial mövcuddur. Təsəvvür edin: su anbarının güney sahili boyunca uzanan dağın dərəyə baxan yamacındakı qayalarda ovulmuş minlərlə yaşayış məskəni – mağara evlər sıralanıb. Həmin məskənlərdə eramızdan əvvəl 10 mininci ilin ikinci yarısının izləri aşkarlanıb. Bir az yuxarıda isə məşhur Hasankeyf qalası yüzillərdir Dəclənin sahillərinə keşik çəkməkdədir. Təbii ki, dünyada bu cür ilk yaşayış məskənləri o qədər də yayğın olmadığından, Hasankeyf turistlərə maraqlı və zövqlü səyahət vəd edir.
Yeri gəlmişkən, İlisuda turistlər üçün ayrılmış təknə ilə, hava soyuq olsa da, pürrəngi türk çayı içə-içə aşağı-yuxarı üzüb həm mavu suların, həm də sahil boyunca uzanan antik mağara-evlərin əzəmətindən ləzzət aldım.
XİLAS EDİLMİŞ SƏRVƏTLƏR
Hasankeyfi biz Azərbaycan türklərinə daha yaxın edən bir məqam suyun altında qalmasın deyə daha yüksək əraziyə köçürülən Zeynal Bəy (Zeynal Abidin) türbəsidir. Zeynal Bəy Azərbaycan tarixinin parlaq adlarından olan Ağqoyunlu hökmdarı Uzun Həsənin oğludur. O, 1473-cü ildə məhz Hasankeyf ərazisində baş vermiş Otluqbeli döyüşündə həlak olub və orada da dəfn edilib. Zamanında iranlı memarlar tərəfindən tikilən çöl tərəfdən silindir, daxildən isə səkkizguşəli formalı türbə yuxarıda qeyd etdiyim kimi, xüsusi texniki üsulla 2017-ci il mayın 12-də əvvəlki yerindən iki kilometr uzağa – hazırda olduğu Hasankeyf Yeni Mədəniyyət Parkının ərazisinə köçürülüb...
Ümumiyyətlə, Hasankeyfdə geniş yayılmış İslam mədəni və dini abidələri xüsusilə diqqətçəkicidir. Təsəvvür edin, Xəlifə Ömərin dövründə İslam ordusu tərəfindən fəth edilmiş Hasankeyf daha sonra Əməvilər, Abbasilər, Həmdanilər və Mərvanilərin hökmranlığı altında qalıb. Qəsəbə 1102-ci ildə Artuqilərin nəzarətinə keçib və bu dövlətin paytaxtı olub. Amma 1232-ci ildən sonra qəsəbə Əyyubilər, 1462-ci ildə Ağqoyunlu, nəhayət, 1516-cı ildən sonra Osmanlı dövlətinin nəzarətinə keçib. Çox maraqlıdır ki, bu gün Hasankeyf adlarını sadaladığımız dövlətlərin hər birinin mədəni irsini özündə yaşadır.
Müasir Hasankeyfdə şəhərin qədim tarixi və mədəniyyətinin yadigarları olan minlərlə əsərin və antik dövrü əks etdirən mumfiqurların quraşdırıldığı guşələrin yer aldığı muzey yaradılıb. Hətta aldığım məlumata görə, bu muzey böyüklüyünə görə bütün Cənub və Cənub-Şərqi Türkiyədə Şanlıurfa muzeyindən sonra ikincidir. Yalnız suyun altında qalmasın deyə daşınanlar deyil, hətta Batman, Diyarbəkir və Mardin muzeylərindəndən Hasankeyf muzeyinə eksponatlar gətirilib.
Arxeoloji kolleksiya, etnoqrafik artefaktlar və sikkələr muzeyin ən zəngin kolleksiyasını təşkil edir. Burada paleolit, neolit, kalkolit, tunc, dəmir, orta əsrlər, eləcə də Roma, Artuqid və Osmanlı dövrlərinə aid 2973 əsər nümayiş etdirilir.
BATMAN MƏTBƏXİNİN VAZKEÇİLMƏZLƏRİ
Əlbəttə, hər kəs getdiyi yerdə mütləq yerli mətbəxin təamlarını dadır, qiymətləndirir və ölkəsinə qayıtdıqdan sonra onları təbliğ edir. Bu baxımdan Batmanın yeri ayrıdır. Batmanın yerli şorbası yoğurtlu leben şəhərin ən məşhur yeməklərindədir. Bulqurdan hazırlanan küftə suda qaynadılır və şorbaya əlavə edilir, sarımsaq, qatıq və yağla qızardılır. Olduqca doyurucudur.
Tərkibinə görə ayran şorbası Batmanın doyurucu, lakin yüngül yeməklərindən sayılır. Həm isti, həm də soyuq yeyilə bilər, tərkibindəki paxlalılara görə əsas yeməyə bənzəyir. Şam börəyi də Batmanın regional yeməkləri siyahısında ən məşhur delikateslərdəndir. Bu xəmir yemək bəzi bölgələrdə səmbusək kimi də tanınır, Batman və Mardin kimi şəhərlərdə süfrələrin ən məşhur elementlərindəndir. İçi ətlə doldurulmuş bu əllə açılan xəmirin dadını heç kim unutmur.
Batmanda başqa heç bir yerdə görülməyən qabırğa dolmasını yemək olar. Qabırğa dolması türk lokumu kimi ağızda əriyən yumşaq quzu ətindən hazırlanır. Bunun üçün quzunun qabırqalı sinə hissəsi götürülür, içinə ədviyyatlar, çəkilmiş ət, qabığı soyulmuş badam və sairlə qarışdırılmış düyü doldurulur. Bu yemək əslində Mardində də çox yayğındır, amma Batmana gələnlərin mütləq dadına baxmağı tərcik etdiyi xörəkdir desək, yanılmarıq.
Batmanın daha bir eksklüziv yeməyi mumbar dolmasıdır. Quzu, mal və ya keçi ətindən hazırlanan bu yemək müxtəlif bölgələrdə fərqli içliklərlə doldurulur. Mumbar dolması kartof, soğan və qiymə ətdən tutmuş reyhanadək müxtəlif ləzzətləri özündə birləşdirir və qazanda bişirilir.
Batmanın bulqurdan hazırlanan bölgə ləzzətlərindən biri də kütürkdür. Burada hər evin süfrəsində bu yeməyi görmək olar. İncə doğranmış bulqur xəmirə işlənir, xırda köftələr şəklində yuvarlanır, sonra isə qiymə ət və düyü ilə doldurulur və qaynar suda bişirilir. Məşhur içli köftəyə bənzəyir. Kütülk süfrəyə verilməzdən əvvəl üzərinə isti kərə yağı ilə səpilir. Fərqli dadları dadmağı sevənlər üçün olduqca əla seçimdir.
Batmanın bir məşhur yeməyi də əslində bütün qonşy bölgələrdə, o cümlədən Diyarbəkirdə geniş yayılmış tırşıkdır. Kürd milli mətbəxinin nümunəsi olan tırşık quzu əti, xırda doğranmış soğan, bibər, badımcan və pomidorun qarışığından ibarətdir və daha dadlı olmasını istəyirsinizsə, mütləq gil qabda bişirin, ya da əziyyət çəkməyin, Batmana gedib orada dadına baxın.
Havdel deserti də buranın vazkeçilməzidir və onun Türkiyə daxilində “haşıda” və “hasuda” kimi fərqli adları var. Bir neçə qatışıqdan – un, kərə yağı, bəkməz, badam və su ilə ərsəyə gələn bu desertin ləzətini almaq istəyirsinizsə, Batmana yollana bilərsiniz...
Vüsal Tağıbəyli
Bakı-Batman-Midyat-Şırnak-Siirt-Bakı