Təknə səyahəti başa çatar-çatmaz xəbər gəldi ki, Hasankeyfin kaymakamı (türklər icra başçısını “kaymakam” adlandırırlar) Məhmət Ali İmrak görüş vaxtı təyin edib. Getdik, görüşdük, qısa söhbət edib təəssüratlarımızı paylaşdıq. Daha sonra elə Hasankeyfdəcə nahar edib qonşu vilayətə – Mardinə yollandıq.
Düzdür, vaxtın azlığından vilayətin inzibati mərkəzi olan Mardin şəhərini görə bilmədim. Haqqında türkülər oxunan, filmlər çəkilən bu tarixi şəhərlə bağlı hər kəsin çox şeylər bildiyinə əminəm. Buna baxmayaraq, təəssüflənməyə dəyməz. Vilayətin ən qədim, ən maraqlı şəhərlərindən olan Midyatda gecələdim. Özü də harada? Mədəniyyət dünyamızın bugünündə cəmiyyətin diqqətini özünə çəkən “Aslanbəylər Konağı”nda...
“ASLANBƏYLƏR KONAĞI”
Bəli, bəli, yanlış duymadınız: “Aslanbəylər Konağı”nda. Bura məşhur “Hərcai” serialının çəkildiyi əsas yer – filmin qəhrəmanları Əzizə Aslanbəyin və oğlu Miran Aslanbəyin iqamətgahdır. Ona görə də bu qədim daş tikilinin serialı izləyən hər kəs üçün mənəvi dəyəri oldqca böyükdür.
Yeri gəlmişkən, gecəni ikinci mərtəbədəki Miran və Reyyan Aslanbəylərin otağında qaldım...
Gecənin yağışlı və olduqca soyuq olmasına rəğmən, həyətə enib ayaqüstü konağa cavabdeh xanımla söhbətləşdim. Məlum oldu ki, bura əvvəllər hansısa Midyat sakininə məxsus şəxsi mülk olub. Serial çəkiləndən sonra ev məşhurlaşıb, onu görmək üçün hər yerdən gəlib-gedənlər o qədər çoxalıb ki, sahibi bu mülkü yaxşı qiymətə satıb. Sağ olsun yeni sahib, buranın qədimliyinə zərrə qədər toxunmadan təmir etdirib, səkkizotaqlı qonaq evinə çevirib. Serialla bağlılığı da qoruyaraq, mülkü “Aslanbəylər Konağı”ı adı ilə şəhər turizminin bir parçasına çevirib. Tikili həm də çox uğurlu alınıb, artıq ölkə daxilindən və xaricdən gələn turistlər Mardin vilayətinə gələrkən ilk olaraq Midyatdakı “Aslanbəylər Konağı”nı ziyarət edir, xatirə şəkilləri çəkdirir və sair.
Ortalama 120 min sakini olan Midyat rayonunda kürdlər, türklər, ərəblər, süryanilər – bütün xalqların və dinlərin nümayəndələri yaşamaqdadırlar. Yəqin, bu səbəbdən də tarixi 3 min il əvvələ gedib-çıxan Midyata dinlərin birləşdiyi yer kimi baxılır.
Bu arada Midyatın mənası da fərqli mənbələrdə müxtəlif cür dəyərləndirilir: “Güzgü”, “Mağaralar şəhəri”, “İbadət edənlərin dağı” və sair kimi mənalara yozanlar da var.
Midyatı region şəhərlərindən fərqləndirən daha bir amil isə bu məkanın digər ərazilərlə müqayisədə sərin və qışda daha soyuq olmasıdır. Boş yerə demirlər ki, sərinlənmək istəyirsənsə, Midyata gəl.
AZƏRBAYCANA BÖYÜK SEVGİ
Midyata “daş şəhər” də deyirlər. Bilmirəm, bu, şəhərdə yaşıllığın az olmasına, yoxsa daş tikililərin çoxluğuna görədirmi, bılkə daş salnamalərdə adının çəkilməsi iləmi bağlıdır, hər halda, bu şəhər İstanbul, İzmir kimi böyük olmasa da, öz tarixi, mədəniyyəti, şən və gülərüz insanları ilə sadəcə füsunkardır, möhtəşəmdir. Təsəvvür edin: küçələrdə gəzərkən kiminlə həmsöhbət olurdumsa, danışığımdan türkiyəli olmadığımı anlayıb üzlərindəki marağı hiss etdirirdilər. Mən də onlara “Azərbaycandan gəldim”, – deyəndə “Başımüstə, gözümüstə yeriniz var”, – söyləyib mənim üçün nəsə bir şey etməkdən ötrü əldən-ayaqdan gedirdilər. Baxın, Midyat, eləcə də Batman, Şırnak, Siirt insanları belədirlər – qonaqpərvər, mehriban, istiqanlı...
Mən dünyanın çox yerində olmuşam, həm də əsl səyyah kimi gəzib, xalqlarla təmasa girmişəm, üç kitab, ondan çox bədii əsər yazıb çap etdirmişəm, əlavə olaraq dördüncü kitabın da həmmüəllifiyəm. Bunu ona görə xatırladıram ki, Midyatın, Siirtin sakinləri kimi qonaqpərvər, xeyirxah, gülərüz insanlar elə bu qədim yurda xasdır, onlar başqa heç yanda yoxdurlar. Mən, hətta sərhədin o tayını – İraqı güneyindən quzeyinə kimi şəhərbəşəhər gəzmişəm, inanın, orada da belə qonaqsevər insanları görmədim.
İraqdan söz düşmüşkən, Ərbildə, Süleymaniyyədə və digər Şimali İraq şəhərlərində olduğum üçün qardaş Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsinə səfərim zamanı əla müqayisə apara bildim. Bunu xüsusilə qeyd etmək istəyirəm ki, oxucularımız bilsinlər: Ərbil kimi, az qala, 2 milyon əhalisi olan mərkəz şəhərində hələ son illər müasir hündür binalar tikilir, şəhərin 70-80 faizini bir-iki mərtəbəli həyət evləri təşkil edir. Kiçik şəhərlər isə görünüşünə görə adi kəndi xatırladır. Batman, Şırnak, Cizrə, Siirt kiçik əyalət şəhərləri olsalar da, əsl şəhər infrastrukturuna malikdirlər: başdan-başa çoxmərtəbəli binalar, iri ticarət mərkəzləri, mədəniyyət obyektləri, yol-küçə infrastrukturu yüksək səviyyəsi ilə, qonaq-qaralı otellər, minillərə şahidlik edən abidələr dünyanın diqqətini çəkir. Bu bölgəni inkişaf etdirib Mərmərə və Egey bölgələrinin standartlarına çatdırmaq üçün hələ mərhum Süleyman Dəmirəlin zamanında Güney-Doğu Anadolu İnkişaf Proqramına (GAP) start verilib. Bu məkanların dünya turizminə açılması, iqtisadi-sosial müstəvidə inkişafında qətiyyət sərgiləyən Dəmirəl zamanında zarafatla deyirdi: “GAP-ı heç kimə kapdırmam”.
Yeri gəlmişkən, məhz GAP çərçivəsində çaylar üzərində tikilən su anbarları sayəsində Batman və Şırnak kimi Mardində, o cümlədən Midyatda bu gün tarlalar, barlı-bərəkətli meyvə bağları, üzüm plantasiyaları insanı valeh edir.
Qeyd edim ki, Midyatda dünyada yalnız bu yerə məxsus “Mezronə” üzüm sortu yetişdirilir ki, ondan hazırlanan müxtəlif növ çərəzlər, şərablar əldən-ələ gəzir.
Günümüzdə Midyata yolu düşən turistlər yalnız bu qədim məkanı gəzməklə kifayətlənmirlər, qayıdarkən özləri ilə həmin “Mezronə”dən hazırlanan şərab, bu yer üçün xas olan gümüş məmulatlar, baş örtükləri və digər əşyalar alıb götürürlər.
NUHUN TUFANINDAN DOĞAN ŞƏHƏR
Mikroavtobus şüşə kimi yolla üzügüneyə şütüdükcə yoldan uzaqları müşahidə edirəm: hər tərəf daşlı-qayalı dağlarla əhatə olunub. Bu yerlər, sanki başdan-başa daş-qaya parçaları ilə süstlənib. Məncə, burada tikinti işlərində heç kim daşa pul sərf etməz, çünki onlar hər yerdə qalaqlanıb.
...Şırnak vilayətinin ərazisindəyik – üzü Cizrəyə sarı gedirik. Hökumət Suriya və İraqla həmsərhəd olan Şırnak vilayətini 1990-cı ildə Siirtdən ayırıb, ayrıca inzibati bölgə statusu ilə mükafatlandırıb. Ərazisi, təxminən, 7,1 min kvadratkilometr, əhalisinin sayı isə 600 min nəfər civarındadır.
Bölgənin digər vilayətlərindən fərqli olaraq Şırnakda əhalinin 76 faizə qədəri şəhərlərdə məskunlaşıb. Bu da vilayətin regional sənayedə müəyyən rola malik olduğunu göstərir. Xüsusilə də vilayətin ən iri şəhəri olan Cizrə bu müstəvidə böyük paya sahibdir.
Xatırladaq ki, Cizrədə 140 min, vilayətin inzibati mərkəzi olan Şırnak şəhərində isə 90 min əhali yaşayır.
Bu arada, Cizrənin qədim tarixi haqqında bəhs edim. Araşdırmalara əsasən, bu məkanda Neolit dövrünün əvvəlindən məskunlaşmaya dair izlər mövcuddur. Bəzi tədqiqatçılar şəhərin qurulmasını Nuh tufanı ilə əlaqələndirirlər. Cizrədə qurulan yaşayış məntəqəsi Dəmir dövründə Şərqi Anadoludakı Urartu Krallığı ilə Mesopotamiyadakı Assur Krallığı arasında tampon dövlətlərdən biri olan Kumahanın mərkəzi olub. Cizrənin mənası isə ərəbcədən tərcümədə “ada” mənasını verir.
BOŞ QALMIŞ YUVALAR
Mikroavtobus Cizrəyə yaxınlaşarkən sola burulub dağlara sarı şütüdü. Dünyada tayı-bərabəri olmayan bir dağ kəndinə gedirdik – Mağaraköyə. Bura yezidi kürdlərin yığcam yaşadıqları böyük bir kənddir. Öyrəndim ki, təxminən, 20 il öncə burada ortalama 500-700 nəfərı sakin yaşayırmış. PKK-nın zülmlərindən cana yığılan kənd camaatı 1990-cı illərdə kəndi tərk etmək məcburiyyətində qalıb.
Burada mütləq haşiyəyə çıxıb deməliyəm ki, onlar ölkənin digər bölgələrinə deyil, məhz Almaniyaya köçməyi üstün tutublar. Əlbəttə, burada Almaniya Hökumətinin maliyyə dəstəyi, digər humanitar vədlərinin də təsiri böyük olub.
Şükürlər olsun, 2003-cü ildən təkrar sabitliyə və rifaha qovuşan bölgədə iqtisadi və sosial proqramlar icra edilməkdədir. O cümlədən, Mağaraköy əvvəlki görünüşünü tamam dəyişməkdədir. İndi Midyat-Cizrə avtomagistralından bu kəndə müasir yol çəkilib, özü də yola kəsmə qara daşlar döşənib, hər iki yanda piyadalar üçün səkilər tikilib. Yolların kənarına işıqlandırma məqsədilə elektrik dirəkləri basdırılıb, müasir mədəniyyət mərkəzi tikilib. Hazırda içməli su probleminin həlli üçün işlər görülür, dükan, iaşə obyektləri, məktəb-bağça tikilir və ya əsaslı təmir olunur. Kəndin mərkəzində – əsas küçənin hər iki tərəfində yerləşən qəbiristanlıq daşdan-kəsəkdən təmizlənib, ərazidəki ibadətgahlar təmir olunub və sair.
Kənddə olarkən öyrəndim ki, hökumət yezidi kürdlərin qayğısına qalmaq, onların irsini yaşatmaq üçün bir çox detallara diqqət yetirib. Məsələn, kəndin əsas magistraldan girişində yezidilərin müqəddəs saydıqları – yeddi mələyi təmsil edən abidə-kompleks tikilib, yolkənarı elektrik dirəklərinin yuxarısına bu xalqın simvollarından olan Günəşi və quyruğunu yelpikvari açıb Günəşə bənzədən tovuzquşu formalı plakat asılıb.
Cizrənin ikiaddımlığında yerləşən Mağaraköyün sakinləri zamanında, əsasən, heyvandarlıqla məşğul olublar, sənətkarları, şəhərdə işləyənləri də olub.
Qeyd edim ki, artıq 7-8 ailə kəndə dönüb, bir çoxları da yay aylarında gəlib burada qalır. Ümid edilir ki, kənddə bərpa-quruculuq işləri tam yekunlaşdıqdan sonra, sakinlərin hamısı öz dədə-baba evlərinə dönəcəklər.
İnsanları getsələr də, Mağaraköyün küçələrində dolaşan 7-8 it hələ də buradadır. Görünüşlərindən aclıq çəkdikləri bəlli olan itlər bizi görcək yanımıza gəldilər. Onlar təhlükəsizdirlər, sadəcə, uzun illər qəribsədikləri insan sevgisini, nəvazişini duymaq istəyirdilər... Bu dilsiz-ağızsız heyvanlar onları tərk edən sahibləri üçün darıxırlar...
NAKAM EŞQİN MƏBƏDİ...
Mağaraköydən ayrılıb Cizrənin mərkəzində yerləşən Abdaliyyə mədrəsəsinə yollandım. Şəhərin Dağkapı məhəlləsini qəbiristanlıqla birləşdirən Cizrə divarı üzərində tikilən bu tarixi binanın əhəmiyyəti, sadəcə, mədrəsəliyində deyil, həm də zirzəmi hissəsindəki məzar-otağındadır.
Dünyaşöhrətli “Leyli və Məcnun” əsəri hər kəsə məlumdur, bax, burada da həmin Leyli ilə Məcnunun prototipləri – Zin və Memin, yanlarında da onların bir-birinə qovuşmasına imkan verməyən Bəkir adlı birinin məzarı yerləşir. Rəvayətə görə, 1450-1451-ci illərdə baş verdiyi ehtimal olunan bu hadisədə rəqib qəbilələrdən olan Mem və Zin bir-birlərinə aşiq olurlar. Memin düşməni olan Bəkir onlara maneçilik törədir. Bəkir Memi öldürür, daha sonra Zin də vəfat edir. İki sevgili yan-yana qazılmış məzarlarda dəfn edilir...
Sevgililərin ölümündən xeyli keçir, hadisə elin dilində şifahi dastana çevrilir. Təxminən, 1690-1695-ci illərdə bu şifahi xalq dastanı dövrün görkəmli ədibi Əhməd Hani tərəfindən 2655 beytdən ibarət nəzm şəklində yazılı əsərə çevrilir.
İki gəncin faciəvi həyat hekayəsi olan və kürdcənin Kurmanci ləhcəsində yazılmış “Mem u Zin” əsəri dünyanın 20-dən artıq dilinə, o cümlədən Türkiyə türkcəsinə 10 dəfədən çox tərcümə edilib.
Əhməd Hani əsərində Mem və Zinin simasında yaxşılığı, doğruluğu, məsumluğu, acizliyi bir araya toplayıb, Bəkirin xislətində isə şəri, yaltaqlığı, fitnə-fəsadı, riyakarlığı təcəssüm etdirib.
Çox maraqlıdır ki, Bəkirin məzarı da Memlə Zinin dəfn olunduğu yerin baş tərəfində – ortada qazılıb. Rəvayətə görə, onu burada basdırıblar ki, ruhu əbədi olaraq Memlə Zinin birlikdə olduğunu görüb cəhənnəm əzabı çəksin.
İndi Cizrəyə yolu düşən turistlər, eləcə də yerli gənclər bu məzarları məmnuniyyətlə ziyarət edir, arzu-diləklərinin gerçəkləşməsi üçün onların nağıla dönən sevgisindən ilhamlanırlar.
Cizrə maraqlı şəhərdir; həm qədimdir, həm də müasir. Küçələrdə şütüyən avtomobillər olmasa, deyərdim ki, sakit yerdir, insanları hərə öz işində-gücündə, demək olar, hamı məşğuldur.
QIRMIZI MƏDRƏSƏ
Küçəboyu ətrafı seyr edə-edə şəhərin sakit məhəllələrinin birində yerləşən “Qırmızı mədrəsə”yə gəldim. Tağlı darvazasından həyətə girdim, hər tərəf tərtəmiz, mərkəzdə tikilinin özü kimi qədim su quyusu, yanında da ətrafına taxta oturacaqlar düzülmüş gül-çiçək əkilmiş kiçik bağça var.
Həyətin sol tərəfində kompleksin məscidi, yuxarı və sağ tərəflərində isə tələbələrin təhsil almaları üçün mədrəsə yerləşir. Sağ güncdə hündür, görünüşünə görə, İraqın Samirə şəhərindəki Ulu camının dünya ədəbiyyatında “Babil qülləsi”ni adlandırılan qədim minarəsinə bənzəyən minarə ucalır. Ümumiyyətlə, bu kompleks qırmızı kərpicdən tikildiyi üçün “Qırmızı mədrəsə” adlanır.
Mədrəsənin tarixinə gəlincə, bura Cizrə hökmdarı “Xanşərəf” ləqəbi ilə tanınan Şərəf bin Bədrəddin tərəfindən 1508-ci ildə məscid və külliyyə olaraq tikilib.
Türbədə dəfn olunmuş Əhmədi Cəzəri 1570-ci il təvəllüdlü, “Nişani” təxəllüsü ilə yazıb-yaradan dövrünün görkəmli şairidir. Kürdcə ilə yanaşı, ərəb, fars və türkcə yazan şair əsərlərində Allaha, peyğəmbərə və İslama, Qurana və müqəddəs hədislərə sevgi aşılayıb.
Əhmədi Cəzəri 1640-cı ildə vəfat edib.
Beləliklə, “Qırmızı mədrəsə” ilə də tanış olub, şəhərdəki çox böyük və içi qələbəlik restoranlardan birinə gəlib Cizrəyə məxsus nahar etdim.
CİZRƏNİN TƏAMLARI...
Cizrənin yeməklərindən söz düşmüşkən, tam səmimi deyirəm, burada tamam fərqli mətbəx mövcuddur – istər yerli, istərsə də ümum-Türkiyə yeməklərindən olsun, necə bişirirlərsə, yeməkdən doymaq olmur. Özü də yeməklərində quzu ətindən daha çox istifadə edilir.
Cizrəyə yolu düşənlər heç də öz-özlərinə “Nə yeyim” sualını verməsinlər. Onlara bəzi yerli təamları məsləhət görürəm:
Pərdəplov; yumurta və yağla yoğrulmuş xəmir yuvarlaqdibli qazana sərilir, toyuq əti, ədviyyatlar və badamqarışığı yüngül bişmiş düyü ilə qarışdırılır, hazırlanmış xəmirin içinə qoyulur, üstü yenidən nazik yağlı və yumurtalı xəmirlə örtülür. Üstü və alt hissəsi odda və ya sobada bişirilir. Yedikcə yemək istəyəcəksiniz.
Hekəheshandi; bu da plovdur, amma yağsız hazırlanır, içinə qiymə ət əlavə edilir və yoğurulur. Yumurta formasına salınır və sonra üzərinə yumurta sürtülüb yağda qızardılır.
Kipə; yaxşı təmizlənmiş qoyun bağırsaqlarının vəziləri çıxarılır, içinə qiymə və düyü yığılıb qaynadılır. Çox eksklüziv yeməkdir və dadmağa dəyər.
Kutlık; xırda bulqurla xırda doğranmış yarma qarışdırılaraq xəmirə çevrilir. Sonra açılaraq içinə qiymə ət və qızardılmış soğan doldurulur, qaynar suda azca qaynadılır. Daha sonra sudan çıxarıb, yumurtaya batırıb yağda qızardırlar. Bu qədər zəhmət çəkilərək ərsəyə gətirilən yeməyi yeməmək mümkün deyil.
Sərbidəv; yarma yaxşıca bişirildikdən sonra böyük siniyə yığılır. Ortasını çuxur kimi açaraq ora qurut suyu və yağ tökülür. Qovrulmuş ət parçalarını üstünə düzüb süfrəyə verirlər.
Şimsipə; bizdə məşhur olan dolmanın başqa adıdır. Soğan, badımcan, pomidor və balqabaqlar açılır və oyulur. Çuğundur və ya üzüm yarpaqları hazırlanır. Düyü və qiymə yuyulur, qarışdırılır və ədviyyat vurulur, yuxarıda adı qeyd edilən tərəvəzlərin içinə doldurulur, qazana yığılıb bişirilir.
Birinzər; şərbət hazırlamaq üçün şəkər su ilə qarışdırılaraq odda qaynadılır, sonra düyü əlavə edilib bişirilir. Bir az darçın və sarıkök qatılır. Soyuq içilir.
Məndən təqdimat, sizdən dada baxmaq. Mehriban şırnaklıların və xüsusilə cizrəlilərin müsafiri olmağa tələsin...
Vüsal Tağıbəyli
Bakı-Batman-Midyat-Şırnak-Siirt-Bakı