Bir neçə gün öncə Təhsil Nazirliyi dünyanına cənginə alan koronavirusla bağlı qərar qəbul etdi. Qərara görə, şagirdləri koronavirusdan qorumaq üçün təhsil ocaqları iki həftəlik bağlandı. Nazirlik işini bununla da bitmiş hesab etmədi. Valideynlərə göstəriş verdi ki, uşaqları ev şəraitində qorusunlar. Virusdan hifz eləsinlər.
Fəqət, bu gün “mall”arda, ticarət mərkəzlərində, əyləncə məkanlarında valideynlərlə yanaşı, azyaşlıları – onların yanlarında görürük. Belə olan halda ortaya bir sual çıxır, əgər bu uşaqlar əhalinin sıx olduğu yerlərdə günlərini keçirəcəkdilərsə, o zaman Təhsil Nazirliyi şagirdləri məsuliyyətsiz valideynlərinə niyə əmanət edirdi ki?...
Hafta.az-ın obyektivindən gördüklərimizi sizlərlə də bölüşmək istəyirik.

“28 Mall” ticarət mərkəzində səhər saatlarında apardığımız müşahidələrimiz bizi heyrətləndirdi. Hələ erkən saatlarda əhalinin, insanların sıx olduğu yerlərdə valideynlər uşaqları ilə səhər yeməyinə gəlmişdilər. Onların arasında məktəblilər, hətta bağçaya gedənlər də gözümüzə sataşdı.

Bəzi valideynlər isə övladlarını tamamilə nəzarətsiz buraxmışdılar. Ortalıqda “qaçdı-tutdu” oynayan kim, stolların altından girib, kreslolardan o yan-bu yana hoppanan kim...
Valideynlərlə söhbətləşdik. Tətildən istifadə edib uşaqları əyləncə məkanlarına gətirmələrinin səbəbini soruşduq.
Səbinə adlı xanım bildirdi ki, o yanındakı uşağın anası yox, bibisidir. Atası və anası işdə olduqları üçün valideynləri məktəblini ona əmanət ediblər:
“Dördüncü sinifdə oxuyur. Nə qədər evdə oturmaq olar. Mən də darıxdım. Dedim uşağı gətirim eyni açılsın”.
Başqa bir xanıma eyni sualı ünvanlayanda isə “özüm yanındayam, heç nə olmaz”- deyə dilucu cavab verdi.

Dünyanın koronavirusdan lərzəyə gəldiyi bir vaxtda bəzi valideynlərin məsuliyyətsizliyi doğrudan da heyrətləndirici idi. Başqa bir valideyn isə “nə olasıdı ki?” –deyə cavabsız sual verib söhbətdən yayınmağa və uzaqlaşmağa çalışdı.

“Gənclik Mall”da da demək olar ki, eyni durumdur.
13-14 yaşlı uşaqları kitab alarkən gördük. Yanından keçən bir ərəb isə əllərini ağzına tutmadan asğırmağa başladı. Bir anlıq ağlımdan keçdi... Tutaq ki, bu dəvəsi ölmüş ərəb elə virus daşıyıcısıdır, onda necə?.. Uşaqlarla söhbət etməyə çalışdım. Valideynsiz gəldiklərini dedilər. Dərslərini yaxşı oxuduqlarını, tətil günlərini də mütaliə ilə keçirmək üçün kitab almağa gəldiklərini söylədilər.

Başqa bir kişi isə iki qızı ilə əyləncə və ticarət mərkəzində qarşımıza çıxdı. Uşaqların ağızlarında qoruyucu tibbi maska da yox idi.


“Baku Mall”da isə bağça yaşlı və daha azyaşlı uşaqlar əyləncə qəfəslərində toplu şəkildə oynayırdılar.
Valideynləri də əllərində telefon onların əyləncələrini lentə alırdılar. Virusa qarşı hər hansı ehtiyat gördükləri nəzərə çarpmırdı...
