“Qara cümə”də yaşananlar – REPORTAJ-FOTO

17:01 26.11.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Hər il olduğu kimi bu il də noyabr ayının son cümə günü bütün dünyada “black friday” yəni “qara cümə”adı altında məhsullara xüsusi endirimlər təşkil edilir. Xüsusilə də iri ticarət mərkəzləri, brend mağazalar və elektronik əşyaların satış obyektləri belə günlərdə çılğın endirimli fürsətlər yaradaraq alıcılarını sevindirirlər.

Bir sıra dünya ölkələrində məhz bu günlərdə endirim edən mağazaların qapılarında müştəri izdihamı yaşanır. Səhər saatlarında mağaza açılan andan etibarən əksər məhsullar alınır, hətta dükanlar savaş yerinə çevrilir. Endirimli alış-verişdən yararlanmaq istəyən vətəndaşlar məhsullar üstündə dava belə salırlar. Uzun illər dünya ölkələrinin ayaq uydurduğu bu ənənə artıq ölkəmizdə də tətbiq edilməyə başlayıb.

Biz də hafta.az olaraq “möhtəşəm cümə” günlərinə yerli mağazaların öz müştərilərinə etdiyi endirimləri görmək üçün üz tutduq iri ticarət obyektlərinə.

Bir sıra məşhur brendlərin cəmləşdiyi “28 Mall” Ticarət Mərkəzində demək olar bütün mağazaların camlarına qara cümə kampaniyaları ilə bağlı endirimlərdən bəhs edən elanlar vurulmuşdu. Görünür satış obyektləri bu günə daha öncədən hazırlaşıblar. Seçilmiş məhsullar və ya ulduzlanmış etiketlərlə, ya da ayrı-ayrı stendlərə düzülməklə bir-birindən fərqləndirilmişdi. Buna baxmayaraq hələ ki mağazalarda müştəri sıxlığı yaşanmırdı. Hətta bəzilərində tək-tük adam var idi, müştəridən çox satıcıların gözə dəydiyi brend geyim mağazasının birinə yaxınlaşıb bu günlə bağlı endirim olub-olmaması haqqında satıcıya suallar verdik.

- “Black Friday”la bağlı bütün məhsullara xüsusi endirimlərimiz var. 3 məhsul alanda məhsullardan ən ucuz olanına 50 faiz güzəşt edirik.

-Bəs axı sizdə belə kampaniyalar daha əvvəl də olurdu, onda bunun digər günlərdəkindən nə fərqi var?

-Vallah biz də bilmirik, rəhbərlik nə deyirsə onu edirik.

Elə bu vaxt nitqində rus akaksenti hiss edilən orta yaşlı bir qadın kənardan söhbətimizə müdaxilə etdi.

-Belə “black Friday” olur? Heç siz bilmirsiz o nə deməkdir. Mən özüm illərlə xaricdə yaşamışam. Övladım da Avropada təhsil alır. Başqa ölkələrdə bu gün bütün paltarlara 50-70 faiz endirim edilir. Bizdə isə, endirimli nəsə ala bilmək üçün gərək azı 3 məhsul götürəsən. Daha bunun harası endirim oldu. Ancaq nə etmək olar, məcbur alacağıq.

Xanım bir qədər deyinib, seçdiyi məhsulları kassaya təqdim edərək, “endirim”lərdən faydalanmış oldu.

İnsafən deyək ki, gəzdiyimiz bir neçə brend butiklərdə məhsullara etiket qiymətindən əlavə 30 faiz endirim tətbiq olunurdu. Ancaq bu güzəştlər bütün məhsullara yox yalnız seçilən parçalara şamil edilir. İçlərində sezonun dəbinə uyğun qalın üst geyimləri, köynəklər və koftalar da var.

Bütün məhsullarına 30 faiz endirim tətbiq etmiş bir digər brend geyim dükanında da alıcı sarıdan seyrəklik idi. Fürsətdən istifadə satıclardan birinə yaxınlaşıb “qara cümə” kampaniyaları haqqında suallar da verdik.

-Mağazada gördüyünüz bütün məıhsullara 30 fazi güzəşt var. Hətta seçilən mallara 70 faizlik endirim də tətbiq olunur. Belə paltarların üzərində xüsusi etiket vurmuşuq. Endirimlərimiz növbəti 2 gün ərzində də keçərlidir.

-Bəs nə əcəb müştərilər azdır?

-Bizə də təəccüblüdür, yəqin həftə içi və səhər saatları olduğuna görədir.

Geyim dükanlarında nisbətən durğunluq müşahidə edilsə də, elektronika və məişət əşyalarının satıldığı obyektlərin müştərisi bu gün hər günkündən daha çox idi. Bunu biz yox, satıcılar deyir.

-Hazırda və növbəti 2 gün ərzində bütün məhsullara nəğd alışda endirim olunur. Endirimlər məhsulun qiyməti ilə əlaqədardır. 600-800 manatlıq telefonlara 100 manat endirim tətbiq edilir. Əgər məişət texnikası yaxud da başqa məhsul əldə etmək istəyirsinizsə, onlara da qiymətindən asılı olaraq 15-150 manat güzəşt olunur.

Elektronik əşyalar satılan mağazada bir az gəzdik. Həqiqi endirimlərlə tanış olduq. Məşhur markaların birinin telefonunu 100 manat endirimlə əldə edən Əli adlı müştəri deyir ki, uzun zamandır bu günü gözləyirmiş.

- “Qara cümə” işimə yaradı. 100 manat qabağa düştüm. Nəyi pisdir ki?

Kosmetika və parfumeriya mağazalarının müştəriləri də günün qazananları sırasına idilər. Belə obyektlərdə  məhsullara qiymətlərindən asılı olaraq 30-70 faiz arası güzəştlə alıcılara təqdim olunurdu.

Xatırladaq ki, "Qara Cümə" ilk dəfə olaraq ABŞ-da ötən əsrin 60-cı illərində yaranıb. Həmin vaxt əsas küçələr Milad bayramı alış-verişi edənlərlə və onların avtomobilləri ilə dolu olduğundan, sürücülər həmin günü məhz belə adlandırmışdılar.

"Qara cümə" Milad bayramına qədər mağazalarda endirim mövsümünün başlandığı gündür və Amerika sakinləri bu günü səbirsizliklə gözləyirlər. Bu günlər mallar adətən 80% qədər endirimlə satılır.

Oxunma sayı 346