Qaradağ RİH-nin başçısı karantin şəraitində vəziyyəti öyrənmək üçün qəsəbələrdə reyd keçirib

16:54 03.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və rayonunda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən yaradılmış 35 mobil qrupların üzvləri ilə birgə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin vəziyyətini öyrənmək üçün müxtəlif ərazilərə baş çəkib. 

Hafta.az yazır ki, rayonun Lökbatan və Sahil qəsəbələrində piyada gəzən S.Mikayılov küçə və meydanlarda, bankın qarşısında, marketlərdə vətəndaşlarla, satıcılarla, nəqliyyat işçiləri ilə söhbət edib, qayğı və problemləri, karantin rejimi qaydalarına əməl olunması vəziyyəti ilə yerindəcə maraqlanıb.

Söhbət zamanı İcra başçısı Süleyman Mikayılov prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınması üçün bütün zəruri tədbirlərin vaxtında görüldüyünü diqqətə çatdırıb. O, bir daha vətəndaşları karantin tələblərinə ciddi əməl etmələrinin, tibbi-qoruyucu vasitələrdən, maska və əlcəklərdən müntəzəm istifadə olunmasının, sosial məsafəinin gözlənilməsinin, əsasən, bankların və ticarət obyektlərinin qarşısında xüsusi işarələnmiş yerlərdə dayanıb növbə gözləməyin vacibliyini qeyd edib. İcra başçısı karantinin rejiminin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini deyərək sakinləri bütün bunlara riayət etməyə çağırıb.

Qeyd edək ki, 30-a yaxın iaşə və ticarət obyektinə baş çəkilib, karantın qaydalarına riayət olunmasına, əlcək və maskalardan istifadə edilməsinə diqqət yetirilməsinin vacibliyi barədə vətəndaşlara və obyekt sahiblərinə məlumat verilib.

Reyddə RİH başçısının çağırışını rəğbətlə qarşılayan sakinlər koronavirus pandemiyası ilə mübarizədə Prezident İlham Əliyevin vaxtında qəbul etdiyi qərarları alqışladıqlarını, karantin dövründə həm dövlət tərəfindən, həm də Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə göstərilən maddi və mənəvi qayğıya görə minnətdarlıq edib, karantin rejiminin tələblərinə bundan sonra da əməl edəcəklərinə söz veriblər.

Görüş və söhbətlər zamanı müxtəlif şəxslərə maskalar paylanıb. Qeyd edirik ki, belə reydlər rayonda mütəmadi olaraq davam etdiriləcək.

Oxunma sayı 2870