Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı və yaranmasının 29-cu ildönümü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
Hafta.az-ın yazdığına görə, tədbirdə Qaradağ rayonu ərazisində yerləşən Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşları iştirak edirdilər.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə hər zaman ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan söz açaraq, Agentliyin yaranma tarixi haqqında, dövlətçiliyimizin qorunmasında, dövlətə, xalqa, Prezidentə sadiq, layiqli və qüsursuz xidmətləri barədə məlumat verib. Qeyd edib ki, son zamanlar adıçəkilən Agentliyinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində mühüm işlər görülüb, müasir standartlara uyğun olaraq yenidən qurulub, şəxsi heyətin hərbi-döyüş qabiliyyəti artırılıb, mənəvi-psixoloji hazırlığı və nizam-intizam yüksək səviyyədə təşkil edilib. Ölkəmizdə irimiqyaslı regional enerji layihələrinin həyata keçirilməsi və bu enerji layihələrin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar ümummilli liderimiz Heydər Əliyev tərəfindən ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin yüksək səviyyədə təşkil və təmin edilməsi məhz bu Agentliyə tapşırılıb, səlahiyyətləri əhəmiyyətli dərəcədə genişləndirilib.

Tədbirin sonunda nümunəvi xidmətinə görə seçilən bir neçə hərbi qulluqçu rayon İcra hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr ilə təltif olunublar.