İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir jurnalist həyatını itirib.
Hafta.az-ın yazdığına görə, hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada, İsrailin hücumlara başladığı 7 oktyabr 2023-cü ildən Qəzza zolağında öldürülən jurnalistlərlə bağlı məlumat verilib.
İsrail ordusunun Rəfahdakı evinə həyata keçirdiyi hava hücumunda Fələstinin “Əl-An” Xəbər Agentliyinin əməkdaşı Məhəmməd Bisam əl-Cəmelin həyatını itirdiyi bildirilib.
Açıqlamada Qəzza zolağında 2023-cü il oktyabrın 7-dən bu yana öldürülən jurnalistlərin sayının 141-ə yüksəldiyi bildirilib.
Media Ofisindən əvvəlki açıqlamada İsrailin “Fələstinin səsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün” Qəzzada jurnalistləri qəsdən öldürdüyü bildirilmişdi.