Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda olduğum günlərdə bu ölkənin ən iri və nüfuzlu muzeyini - Səudiyyə Ərəbistanı Milli Muzeyini də ziyarət etmək şansı qazandım. Zahiri görünüşünə görə mükəmməl və bənzərsiz olan muzey daxilində cəmlədiyi qaleriyaları ilə də diqqət çəkir.

Öncə qeyd edim ki, Səudiyyə Ərəbistanı Milli Muzeyi Ər-Riyad şəhərinin Əl-Murabba rayonunun mərkəzində yerləşir. Bu mədəniyyət ocağı həm də Kral Əbdüləziz Tarixi Mərkəzinin bir hissəsidir. Muzey 1999-cu ildə Kral Əbdüləziz tərəfindən ölkənin qurulmasının 100-cü ildönümünü qeyd etmək üçün şəhərin qədim hissəsində yerləşən Murabba Sarayı ərazisini və ətrafını bərpa etmək məqsədilə hazırlanan "Murabba İnkişaf Planı" çərçivəsində yaradılıb.

Yeri gəlmişkən, tarixi mərkəzdə həmçinin böyük ictimai park, Kral Əbdüləziz Xalq Kitabxanası, Kral Əbdüləziz Məscidi, Kral Əbdüləziz Auditoriyası və Qədim Əsərlər Mərkəzi kimi çox məqsədli obyektlər yerləşir.

Muzeyin binası baş memar Raymond Moriyama tərəfindən Ər-Riyad yaxınlığındakı “Qırmızı Qumlar” adlanan təpələrin forma və rənglərindən ilhamlanaraq layihələndirilib.

Murabba meydanı boyunca uzanan binanın qərb fasadı Məkkəyə doğru yönəlmiş aypara şəklində düzülüşü ilə qum təpəsinin yumşaq konturlarını xatırladır. Muzeyin ikimərtəbəli müasir binasında ən son muzeyşünaslıq və sərgi texnikası nümayiş etdirilir. 28 min kvadratmetr ərazini əhatə edən muzey səkkiz əsas və iki qısamüddətli sərgi qalereyasından ibarətdir.

Muzeydə bizə bələdçilik edən bu sənət ocağının tədqiqatçısı Əli əl-Hammaddan bir-birindən maraqlı eksponatlar haqda məlumat alaraq qalereyaları gəzməyə başladıq.

İlk ayaq basdığımız qalereya “İnsan və Kainat” adlanır. Burada kainatın yaranması və yerin əmələ gəlməsi, insan tarixindən əvvəlki dövrlərə aid fosillər, Ərəbistan yarımadasının geologiyası və coğrafiyası, eləcə də Ərəbistan yarımadasında fərqli sahələrdə edilən kəşflər nümayiş etdirilir. İlk gözə çarpan isə bir neçə ton ağırlığı olan meteor daşıdır. Daha sonra iri mamontun skilet formasında maketi, o dövrün bir sıra tapıntıları turistləri özünə çəkməkdədir.

"Qədim Ərəb Krallıqları" Qalereyası eramızdan əvvəl 6000-ci – bizim eranın 400-cü illəri arasında qalan çox böyük dövrü əhatə edir. Qalereyanın əsas bölməsi Ərəb Krallığının erkən, orta və son dövrlərini əhatə edən ətraflı məlumatlara həsr edilib. Bu qalereyada köhnə krallıqların hökm sürdüyü Medyen və Alfau kimi mühüm şəhər mərkəzlərini əks etdirən eksponatlar var. Eksponatlar arasında semit, aramey və islam kitabları, zərgərlik məmulatları, divar rəsmləri və Assuriya sarayından oyma daş lövhələri var.

“İslamdan əvvəlki dövr (cahiliyyət)” Qalereyası eramızdan əvvəl 400-cü ildən İslamın doğulmasına qədər olan vaxta həsr edilib. Bu qalereya ərəb tayfaları, onların inancları, adət-ənənələri, qədimi əşyaları və ərəb xəttatlığının inkişafı haqqında məlumat verir. Üstəlik burada həmin dövrlərdə istifadə edilən müxtəlif dulusçuluq məmulatları və silahlar da sərgilənir.

"Peyğəmbərin risaləti" Qalereyası Məhəmməd peyğəmbərin anadan olmasından Mədinəyə hicrətinə qədər həyatında baş verən mühüm hadisələrdən bəhs edir. Bu qalereyada həmçinin Məhəmməd peyğəmbərin əcdadı, həyatı və İslama dəvəti kimi mövzular da yer alır. Qalereyanın ortasında İslamın müqəddəs kitabı Qurani-Kərimin surəti də nümayiş olunur. Qalereya Peyğəmbərin Məkkədən Mədinəyə hicrətinin mərhələlərini təsvir etmək üçün bəzədilmiş nadir keramika körpü ilə başa çatır.

“İslam və Ərəbistan yarımadası” Qalereyasında hicrətlə başlayan Mədinəİslam Dövləti 4 xəlifə, Əməvi, Abbasi, Məmlük və Osmanlıdan Birinci Səudiyyə dövlətinə qədər olan dövrüəhatə edir.

Buradakı Sultan Murat dövrünə aid Kəbə qapısı insanların ən çox görmək və mütləq qarşısında dayanıb xatirə şəkli çəkdirmək istədiyi eksponatlardandır.

“Birinci və İkinci Səudiyyə dövlətləri” Qalereyasında iki erkən Səudiyyə dövlətinin mədəniyyəti və tarixinə dair sərgilər nümayiş etdirilir. Dövrün əhəmiyyətli siyasi və iqtisadi mərkəzi olan Diriyyənin böyük və detallı maketi nümayiş etdirilir. Daha sonra Ər-Riyadı paytaxt elan edən və İkinci Səudiyyə dövlətini quran İmam Türki Bin Abdullaha məxsus sənədlərlə bu dövrə diqqət yetirilir.

“Birləşmə” Qalereyası Kral Əbdüləzizin Ər-Riyada nəzarəti ələ almasından və müasir Səudiyyə dövlətinin qurulmasından bəhs edir. Burada Səudiyyə Ərəbistanı Krallığının birləşməsinin müxtəlif mərhələləri haqqında audio-vizual effektlərlə tamamlanan sənədli film də göstərilir.

“Həcc və İki Müqəddəs Məscid” Qalereyası Həcc ibadətinə, Məscid ən-Nəbəvi və Məscidül-Həramın tarixi inkişafına yönəlib. Qalereyada Məkkə və Mədinə şəhərlərinin böyük maketi də mövcuddur.

Hə, buradakı əlavə qalereyalarda hər biri müxtəlif dövlərin məhsulu olan çox qiymətli zərgərlik nümunələri də sərgilənir. Bunların arasında 50-100 il yaşı olan qiymətli daşlarla – zümrüd, firuzə, yantar, yaqut və sairlə rəngləndirilmiş təmiz brilliant qaşlarla əhatə olunan boyunbağı, qolbağ, üzük və sırğalar, daşqaşla süstlənmiş qadın əl çantaları, kəmərlər, saça və yaxaya vurmaq üçün fantastik qiymətli sancaqlar və sair turistləri heyrətləndirməkdədir.