SABAH- istedadlı tələbələrin vahid məkanı

15:21 08.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər bu qruplarda təhsil almaq imkanı daha da genişləndirilib

Bu gün Azərbaycanda təhsil sahəsində keyfiyyətin artırılması, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması üçün təhsilin bütün pillələrində islahatlar, o cümlədən müxtəlif layihələr həyata keçirilir. Azərbaycanın ali təhsil tarixində ilk dəfə 2014-cü ildə tətbiq olunan SABAH qrupları layihəsi də öz unikallığı ilə seçilir.

Bu layihənin həyata keçirilməsində məqsəd xüsusi istedadı ilə seçilən və təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılmasıdır. Belə ki, SABAH qruplarının yaradılması ideyasının əsasında ali təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizə lazım olan yüksək ixtisaslı mütəxəssislərin xaricdə deyil, məhz ölkəmizin ali məktəblərində hazırlanması durur. SABAH qrupları həm də fərqli mühit, fərqli münasibət, fərqli tədris deməkdir. Fərqli mühit dedikdə tələbəni diqqət mərkəzinə qoyan, ali təhsil müəssisəsi - tələbə, tələbə-tələbə, ali təhsil müəssisəsi - müəllim, müəllim-tələbə münasibətləri fərqli olan  bir mühit nəzərdə tutulur.

SABAH-a qəbul xüsusi istedad tələb edir

Məlumat üçün deyək ki, SABAH qruplarına tələbələrin qəbulu Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş xüsusi qaydalar əsasında aparılır. Bu qaydalara əsasən SABAH qruplarına Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan,  I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları müraciət edə bilər. I kurs tələbələrinin SABAH qruplarına qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə,  elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir. Müsabiqənin I mərhələsi tələbələrin elektron qaydada Təhsil Nazirliyinin saytında yerləşdirilmiş qeydiyyat forması əsasında qeydiyyata alınması və elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, II mərhələsi xarici dil və məntiq üzrə test imtahanının keçirilməsi, III - sonuncu mərhələsi isə test imtahanından uğurla keçən tələbələrlə müsahibənin aparılmasını əhatə edir. Müsahibə hər bir ixtisas və ya ixtisaslar qrupu üzrə Təhsil Nazirliyi tərəfindən yaradılmış və müvafiq ixtisas üzrə ali təhsil müəssisələrində akademik fəaliyyət göstərən şəxslər, ali təhsil müəssisələri üzrə SABAH mərkəzlərinin əməkdaşları və müvafiq sahə üzrə işgüzar mühitdə fəaliyyət göstərən təcrübəli peşəkarlardan ibarət olan komissiya tərəfindən şifahi formada aparılır. Müsahibədə namizədin təhsil aldığı ixtisasa marağı, bu sahədəki bilikləri, ümumi dünyagörüşü və s. meyarlar müəyyən olunmuş ballar şkalası üzrə qiymətləndirilir. Müsabiqənin yekun nəticələrinə əsasən tələbələr SABAH qruplarına qəbul edilir. Qəbul olunmuş tələbələr müəyyənləşdirildikdən sonra onların siyahısı Təhsil Nazirliyinin əmri ilə təsdiq olunur və müvafiq siyahılar baza ali təhsil müəssisələrinə göndərilir.

Bundan başqa, SABAH-da ixtisaslar təhsil, təbiət, humanitar və sosial, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji, mədəniyyət və incəsənət ixtisas qruplarından hər tədris ilinə görə olmaqla, hər bir ixtisas üzrə baza ali təhsil müəssisəsinin I kursunda təhsil alan potensial tələbələrin sayı və prioritetlik nəzərə alınmaqla müəyyən olunur.

Bu qruplarda təhsilin hansı üstünlüyü var?

Qeyd edək ki, SABAH qruplarında tədris xüsusi proqramlar əsasında aparılır. Burada tədrisin əsasını təşkil edən ali təhsil müəssisəsi - tələbə, tələbə-tələbə, tələbə-müəllim münasibətləri adi qruplardakından fərqlənir və qarşılıqlı səmimiyyət, hörmət, işgüzarlıq, birgə fəaliyyət və s. kimi prinsiplər əsasında qurulur.  Bu qruplarda tədrisin ən böyük fərqi isə xarici dilin - ingilis dilinin daha intensiv tədris olunmasıdır. İngilis dilinin tədrisində yeni yanaşmalardan istifadə olunur. Bu qruplarda dərs demək üçün seçilmiş müəllimlərlə yanaşı, ingilis dilinin tədrisi, ingilis mədəniyyətinin təşviqi ilə məşğul olan, British Council təşkilatının sertifikatlaşmasından keçmiş azərbaycanlı müəllimlər, dil daşıyıcıları olan, yəni ingilis dili onlar üçün ana dili olan, dünyanın bir sıra ölkələrində ingilis dilinin tədrisi sahəsində böyük təcrübə toplamış xarici mütəxəssislər dəvət olunur.

Tədrislə, akademik mühiti ilə sənaye mühitinin vəhdətini yaratmaq məqsədi ilə SABAH qrupları ilə tədris prosesinə sənayedən gələn mütəxəssislər, şirkət rəhbərləri, şirkətlərin məsul işçiləri də cəlb olunur. Onlar mühazirələr oxuyur, tələbələrlə ünsiyyət yaradırlar. Belə şirkətlərlə ünsiyyət SABAH qruplarında oxuyan tələbələrin istehsalat təcrübəsinin təşkilində, məzunun gələcəkdə işlə təmin olunmasında yeni imkanlar əldə etməyə şərait yaradır. Eləcə də tələbələrin elmi-tədqiqat işləri ilə maraqlanmasında bu qruplar üstün mövqeyə malikdir.

SABAH qruplarında təhsil alan tələbələr həm də xüsusi imtiyazlara malikdir. Bu imtiyazlardan biri SABAH-ın tələbələrinə əlavə təqaüdlərin verilməsidir. SABAH qruplarında təhsilin tələbələrə verdiyi bir üstünlük də yataqxana ilə təminatdır. Belə ki, təxminən 300 tələbə yerlik, yüksək səviyyədə təmir olunmuş yataqxana onların istifadəsindədir. Yataqxanada yer ehtiyac duyan, rayon qeydiyyatında olan və qalmağa yeri olmayan tələbələrə rəsmi müraciət əsasında ayrılır. Həmin yataqxanada yaşayan tələbələrə gündə üç dəfə pulsuz yemək verilir. Orada tələbələrə mərkəzləşdirilmiş qaydada iaşə xidməti göstərilir.

SABAH tələbələrinin sayı artır

İlk məzunlarınıı 2017-ci ildə cəmiyyətə təqdim edən SABAH qruplarının əhətə dairəsi ilbəil genişlənir. SABAH qruplarının tələbələri hazırda ixtisaslarına müvafiq olaraq 10 baza ali təhsil müəssisəsində təhsil alır. Bunlar Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Musiqi Akademiyası, Bakı Mühəndislik Universitetidir. 2020-2021-ci tədris ili üzrə ölkənin 10 baza ali təhsil müəssisəsinin SABAH qruplarına tələbə seçimi aparılıb. Müsabiqənin nəticələrinə əsasən, 809 tələbə 29 ixtisas üzrə SABAH tələbəsi adını qazanıb.

Qeyd edək ki, 2020-2021-ci tədris ili üçün SABAH qruplarında yeni ixtisaslar açılıb, ingilis dilində tədris olunan qrupların sayı artırılıb. Belə ki, artıq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH qruplarında tədris tamamilə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) isə bir çox ixtisaslarda ingilis dilində aparılır. Ümumilikdə isə hazırda bu qruplarda 35-dən artıq ixtisas üzrə 2400-dən çox tələbə təhsil alır. Məzun olmuş tələbələrin nəticəsi isə ilbəil yüksəlir. Məsələn, 2018-2019-cu tədris ilində SABAH qruplarından 31 ixtisas üzrə 701 tələbə məzun olub. Məzun olmuş tələbələrin nəticələri 2017-2018-ci tədris ili ilə müqayisədə daha yüksək olub. Məzunlardan 287 nəfər Azərbaycanda, 136 nəfər isə xaricdə magistratura təhsili alır.

Yeri gəlmişkən, SABAH magistraturası yeni ixtisaslar üzrə 7 ali təhsil müəssisəsində ödənişsiz təhsil imkanı təqdim edir. Bu barədə təhsil naziri Emin Əmrullayev tvitter hesabında yazıb. Nazir qeyd edib ki, tamamilə yeni məzmunla təcrübə əsaslı ixtisaslaşma və məzunlara karyera fürsətləri kimi üstünlükləri qazandıran bu proqramlar sabahın uğurlu mütəxəssislərini hazırlayacaq.

SABAH qruplarının əhəmiyyətinə toxunan Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov hafta.az-a bildirib ki, bu layihənin reallaşdırılması ölkəmiz üçün çox vacib addımdır: “Belə deyək də, inkişaf etmiş ölkələrdə gəncliyin qabiliyyətli, savadlı hissəsinə həmişə qayğı göstərilir. Elə sovetlər zamanında bütün gəncliyin istedadlı hissəsi Moskva Dövlət Universitetində oxuyurdu. Ona görə də SABAH qruplarının yaradılması Azərbaycan üçün hədsiz dərəcədə vacib addım idi. Bu addımla gəncliyin istedadlı  hissəsini dövlət öz nəzarəti altına götürdü və bunun da adını "SABAH” qrupu qoydu. Ali məktəblərin ən qalibiyyətli tələbələrini, gənclərini, ən qabiliyyətli müəllimlərini bu qrupla yeni proqramlarla təhsil verildi. SABAH qrupları müəyyən ixtisas üzrə peşəkar mütəxəssis olmaq istəyən hər bir tələbəyə yeni imkanlar açır. Bu qrupa qəbul olan tələbə oxuduğu ixtisasın ən yüksək səviyyədə tədrisinin təşkil olunduğu ali təhsil müəssisəsinə köçürülür. Həmin qruplara da keyfiyyətli tədris bacarığı ilə seçilən müəllimlər dərs deyir. Başqa sözlə, müəyyən ixtisas üzrə ən yaxşı tələbələr və müəllimlər vahid məkana gətirilir. İnanıram ki, bu qrupun məzunları Azərbaycan üçün gələcəkdə çox əhəmiyyətli işlər görəcəklər”.

Oxunma sayı 2253