Tullantı sularından təkrar istifadə üzrə layihələr ekoloji ekspertizadan keçiriləcək

19:05 12.02.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu addım ətraf mühitin daha səmərəli qorunmasına təkan verəcək  

Nazirlər Kabineti "Sudan istifadə Qaydaları"nda dəyişiklik edilib. Qərara əsasən, hər hansı şirkət su təchizatı və tullantı suların axıdılması ilə bağlı layihələr həyata keçirərkən onların ətraf mühitə təsirinin qiymətləndirilməsini aparmalı və ekoloji ekspertizanın müsbət rəyi olduğu təqdirdə, həmin qurğuların işləməsinə icazə verilməlidir. Eyni zamanda, tullantı sularının tənzimlənməsi və təkrar istifadəsi üzrə layihələr də müvafiq ekoloji ekspertizadan keçirilməlidir. Qərar ölkədə ekoloji durumun yaxşılaşdırılmasına, ətraf mühitin daha səmərəli qorunmasına, ekoloji siyasətin beynəlxalq standartlara uyğunlaşdırılmasına təkan verəcək.

Qeyd edək ki, bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda sənaye müəssisələri qənaət etmək üçün istifadə edilmiş sudan təkrar yararlanmalıdırlar. Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır. Suya qənaət olunması üçün beynəlxalq praktikaya uyğun surətdə çevik su idarəçiliyi tətbiq edilməlidir: “Suya qənaət olunması vacibdir, çünki bir çox ölkələrdə olduğu kimi, bizdə də bu sahədə çətinliklər var. Qlobal istiləşmənin baş verməsi səbəbindən suya daha çox qənaət edilməli və suya olan tələbat həm də qənaət hesabına ödənilməlidir. Su qıtlığı ilə üzləşməmək üçün su itkilərinin qarşısı alınmalı, suya qənaət edən müasir texnologiyalardan istifadə edilməlidir”.

F.Əliyev qeyd edib ki, suya qənaət məqsədilə Azərbaycandakı sənaye müəssisələrində təmizləyici qurğular quraşdırılmalıdır.

ETSN-nin bu məsələdə çox maraqlı olduğunu deyən nazir müavininin fikrincə, həmin qurğuların hesabına müəssisələrdə sudan təkrar istifadə etmək mümkündür.

Yeri gəlmişkən, BMT-nın 2019-cu ildə açıqladığı hesabatında göstərilir ki, 1980-ci illərdən başlayaraq su istehlakı ildə 1faiz artır. Bu o deməkdir ki, son 30 ildə dünyada sudan istifadə, təqribən, 30 faiz artıb. BMT-nin hesabatında buna səbəb kimi dünya əhalisinin, sosial-iqtisadi inkişaf və istehlak nümunələrinin artımı göstərilir. Gözlənilir ki, sənayedə və məişətdə suya tələbatın artması səbəbi ilə sudan istifadə 2050-ci ilə qədər bu templə artacaq. Bu da indiki istifadə səviyyəsindən 20-30 faiz daha çox istifadə deməkdir. BMT-nin hesabatında qeyd edilir ki, tələbatın artması və iqlim dəyişikliyinin təsiri ilə su ilə bağlı qlobal gərginlik də artacaq.

Qeyd edək ki, suyun istehlakının artmasına səbəb olan qlobal faktorlar Azərbaycana da aiddir. Məsələn, son illər Azərbaycan iqtisadiyyatı sürətlə böyüyür. Belə ki, 1999-2018-ci illərdə ölkə iqtisadiyyatı 5.3 dəfə, sənaye 3.4 dəfə, qeyri-neft sənayesi 3.4 dəfə böyüyüb. İqtisadiyyat isə ehtiyatların istifadəsi hesabına artır və bu ehtiyatlardan istifadənin də artmasını qaçılmaz edir. Başqa tərəfdən, kənd təsərrüfatı da böyüyür və kənd təsərrüfatı məhsullarının istehsalı artır. İndiyədək ölkədə 22 iri fermer təsərrüfatı və aqroparklar yaradılıb. Taxıl və pambıq sahələri genişlənir, üzüm plantasiyaları salınır, balıqçılıq vətəgələri yaradılır və s. Hazırda ölkədə 1 milyon 700 min ha əkin sahəsi var. 217 min hektar da çoxillik əkin sahələridir. Bütün bunlar suvarma üçün böyük su resursları tələb edir və təbii ki, Azərbaycanın kənd təsərrüfatı sektoru da son 20 ildə böyüdüyü qədər də su istifadə edir, getdikcə ehtiyacı da artır. Ona görə ki, məsələn, iri fermer təsərrüfatları və aqroparkların qısa müddətdə sayının 2 dəfədən çox artırılaraq 51-ə çatdırılması hədəf götürülüb. Odur ki, indiyə qədər iqtisadiyyatın, o cümlədən də kənd təsərrüfatının böyüməsi su sərfiyyatının artırıb, eyni zamanda iqtisadi artımla bağlı hədəflərimiz də böyükdür və bu səbəbdən də sərfiyyatın getdikcə artacağı da şübhə doğurmur. Su ehtiyatlarının səmərəli istifadəsi zərurətini yaradan üçüncü bir səbəb isə əhalinin və ölkəyə gələn turistlərin sayının artmasıdır. Əhalinin sayı artıq 10 milyonu keçib. Ölkəyə gələn turistlərin də sayı ildə 1 milyonu ötüb və getdikcə artacağı gözlənilir. Təbii ki, bu sıraya son 20 ildə avtomobillərin sayının xeyli artmasını da əlavə etmək lazımdır. Dördüncü səbəb iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarının azalması, beşinci səbəb isə suyun itkisinin böyük və adambaşına su sərfiyyatının Avropa ilə müqayisədə iki dəfə artıq olmasıdır.

Xatırladaq ki, Cənubi Qafqaz ölkələri arasında Azərbaycanın su ehtiyatları daha məhduddur. Belə ki, regionun ümumi su ehtiyatının cəmi 15 faizini təşkil edir. Ərazi və adambaşına düşən su ehtiyatları Gürcüstandan 7,7 və 8,3 dəfə, Ermənistandan isə 2,2 və 1,7 dəfə azdır. Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən ekoloq Telman Zeynalov hesab edir ki, ölkəmizdə su resurlarının az olmasına baxmayaraq, vəziyyət o qədər də çətin deyil. O hesab edir ki, resurların qorunması üçün səmərəli istifadə və çirkli suların təmizlənməsi vacibdir: “Son dövrlərdə iqlim dəyişiklikləri ilə əlaqədar olaraq yağıntıların miqdarında azalma var. Azərbaycanda 7 ilə yaxındır ki, quraqlıq keçir. Bu il yağan yağışların miqdarında bir qədər artım var. Quraqlığın olması kənd təsərrüfatında məhsul yetişdirilməsinə, məhsuldarlığıa mənfi təsir edir. Ona görə  sudan qənaətlə istifadə edilməli, israfçılığa yol verilməməlidir. Əslində, Azərbaycanda çaylar çoxdur. Ölkə ərazinin 3 tərəfi dağlarla əhatə edilib, bir tərəfi də dənizdir. Buna baxmayaraq qışda qar, yazda yağışın miqdarı az düşdüyünə görə qurunt sularının səviyyəsi aşağı düşür. Onları da üzə çıxartmaq üçün böyük məbləğdə vəsaitə ehtiyac yaranır. Düzdür, yağıntıların miqdarını artırmaq üçün süni müdaxilə mümkündür. Amma mənim fikrimcə hələlik buna ehtiyac yoxdur. Onun nəticəsi pis ola bilər. Əsas məsələ insanların sudan istifadəsini düzgün təşkil etməkdir. İnsan istənilən bir vəziyyətə hazır olduqda bütün çətinlikləri aşmaq mümkündür. Əgər quraqlıq yaranırsa, su qıtlığı yaranırsa, o halda yaşıllıqlar artırılmalıdır. Digər tərəfdən Xəzərin suyunu istifadə etməklə də şirin su əldə etmək olar. Amma Azərbaycanda o dərəcədə çətinlik, su qıtlığı yoxdur. Belə bir risk də olmayıb. Əgər olsaydı sovet dövründə atom reaktiv qurğuları yerləşdirib, Xəzərin suyunu çəkməklə, onu xüsusi müəssisələrdə şirinləşdirmək olardı. İndi də ehtiyac yoxdur”.

Ekspert həmçinin vurğulayıb ki, su ehtiyatlarından səmərəli istifadəni təmin etmək məqsədilə ilk növbədə kənd təsərrüfatında suvarma sistemlərinin təkmilləşdirilməsi zəruridir: “Əvvəllər bütün əkin sahələri selləmə-sulama qaydasında suvarılırdı. Sular açıq kanallar vasitəsilə axıdılırdı, torpağa lazım olandan artıq həcmdə su verilirdi. Bunun nəticəsində həm torpaqların vəziyyəti pisləşirdə, həm də böyük miqdarda su itkisinə yol verilirdi. Hazırda qabaqcıl təcrübəyə əsasən kənd təsərrüfatı torpaqlarının suvarmasında qapalı sistemlərdən, o cümlədən damcı və yağış sulama sistemlərindən istifadə genişlənib. Azərbaycanda da sulamada yalnız bu sistemlərdən istifadə olunmalıdır. Eyni zamanda, sudan qənaətlə istifadəni təmin etmək üçün daş karxanalarında artezian sularından istifadə qadağan edilməlidir. Çaylarda olan çay daşlarının xırdalanması məqsədilə böyük həcmdə sudan istifadə edilir. Bu məqsədlə artezian quyuları qazılır. Həmin karxanalarda artezian quyularının qazılması qəti qadağan edilməlidir. Onlar artezian sularından necə gəldi istifadə edirlər və nəticədə kənd təsərrüfatı susuz qalır. Belə vəziyyətdə qurunt sularının səviyyəsi aşağı düşür”.

Ekoloq sudan səmərəli istifadə məqsədilə istehsal müəssisələrində çirkli suları təmizləyən qurğulardan istifadənin kütləviləşdirilməsinin vacibliyini də önə çəkib. O bildirib ki, müəssisələrdə çirklənən sular təmizlənməlidir: “Texniki sular təmizləndikdə ondan həm istehsalatda, həm də kənd təsərrüfatında istifadə etmək mümkündür. Bu qurğulardan istifadə su itkisinin qarşısını xeyli dərəcədə ala bilər”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Oxunma sayı