Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ABŞ-ın “Fox News” kanalına verdiyi müsahibə Yaxın Şərq bölgəsi və hətta bütün dünya üçün böyük əhəmiyyət daşıyır. Burada ABŞ-la Səudiyyə Ərəbistanı arasında bir neçə aydır davam edən danışıqların məzmununa işıq salınır, İsrail - Səudiyyə Ərəbistanı münasibətlərində normallaşma forması, Çin, Rusiya və İranla münasibətlər, Yəmən böhranında Səudiyyə Krallığının rolu və gələcəyi, sosial prosesləri tamamlamaq üçün həyata keçirməli olan daxili islahatlardan və iqtisadi transformasiyadan bəhs olunur.
Vəliəhd Məhəmməd bin Salmanın ABŞ-da keçirdiyi görüş daxili və xarici siyasətə aid ən mühüm sənədlərin müzakirəsi ilə yanaşı, həm də onun öz xalqına, qonşu ölkələrə və böyük supergüclərə çatdırmaq istədiyi mesajlar baxımından diqqətlə hazırlanmış proqram idi.
Birinci mesaj Səudiyyə Ərəbistanı xalqına ünvanlanıb. Vəliəhdin öz xalqına ünvanladığı üç elementi özündə ehtiva edir:
1. Səudiyyə Ərəbistanının xarici siyasətinin əsas hərəkətverici qüvvəsi iqtisadi və sosial transformasiya üçün “Hədəf 2030”u həyata keçirmək marağıdır. Bu, davamlı iqtisadi artım və rifahı təmin etmək üçün iqtisadi diversifikasiya ilə başlayır. Buna nail olmaq regional problemlərin həlli ilə üzvi şəkildə bağlıdır. Bu, regiondakı münaqişələrin həlli yollarının tapılmasını və hamı ilə ümumi maraqlara və qarşılıqlı hörmətə əsaslanan balanslaşdırılmış beynəlxalq münasibətlərin qurulmasını tələb edir.
2. Səudiyyə Ərəbistanında iqtisadi və sosial transformasiya ciddi və qaçılmaz bir layihədir. Bu, daxili və ya xarici media istehlakı üçün deyil, davamlı və zəruri prosesdir. Krallıq elm iqtisadiyyatına əsaslanan, müasir texnologiya ilə təchiz edilmiş və gələcəyinə inamlı dövlətə çevrilməyincə proses dayanmayacaq.
3. Səudiyyə Ərəbistanı qanunun aliliyini gücləndirmək və zamanın ruhuna uyğun olmaq üçün qanunlarını və hökumət institutlarını əsaslı şəkildə yeniləməyə və islahat aparmağa hazırlaşır. Bunu vəliəhdin “istmədiyi qanunların mövcudluğundan utandığını” deməsindən anlamaq olar.
İkinci mesaj İsrailə yönəlib. Səudiyyə Ərəbistanı İsraillə sülh prosesinə açıqdır və ABŞ-ın bu istiqamətdə səylərini dəstəkləyir. Səudiyyə Ərəbistanı İsraillə sülhün əldə olunmasını soyuq müharibənin bitməsindən sonra ən mühüm beynəlxalq hadisə hesab edir.
Lakin vəliəhd eyni zamanda Fələstin məsələsinin Səudiyyə Ərəbistanı üçün xüsusi əhəmiyyət kəsb etdiyini, ABŞ-ın rəhbərlik etdiyi razılaşmanın İsraillə sülhün ilkin şərti olaraq “İsrail fələstinlilərə istədiklərini verməli, onların həyatlarını asanlaşdırmalı və bununla da regionu daha dinc və təhlükəsiz vəziyyətə gətirməlidir” fikrini açıq şəkildə bildirib. "Bu yolda irəliləyiş var. Amma sona çatıb-çatmayacağımızı görmək üçün gözləməyə məcburuq", - vəliəhd bildirib.
Üçüncü mesaj İrana yönəlib. Səudiyyə Ərəbistanı İranın Çinin vasitəçiliyi ilə imzalanmış saziş çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə göstərdiyi ciddiliyə hörmət göstərir və iki ölkənin maraqlarına xidmət edəcək əlaqələri gücləndirmək istəyir. Lakin Səudiyyə Ərəbistanı milli təhlükəsizliyini təmin etmək üçün İranın nüvə bombasına malik olmasına icazə verməyəcək. Bunun reallaşması Səudiyyə Ərəbistanının öz təhlükəsizliyini və güc balansını qorumaq üçün nüvə silahı əldə etməyə çalışacağı anlamına gəlir.
Dördüncü mesaj ABŞ-a göndərilib. Səudiyyə Ərəbistanı ABŞ-la 80 ildir davam edən güclü hərbi və siyasi əlaqələrini davam etdirmək istəyir. Səudiyyə Ərəbistanının ABŞ-la imzalamaq istədiyi müdafiə sazişi Krallığın maraqlarına uyğundur. Çünki bu, Vaşinqtonun Yaxın Şərqdə regional rolunu gücləndirəcək və xüsusilə ABŞ-ın hərbi sənayesinin artmasına töhfə verəcək.
Vəliəhd həmçinin, ABŞ-ın müdafiə razılaşmasını rədd edəcəyi təqdirdə Səudiyyə Ərəbistanının silahlarını alternativ mənbələrdən alacağına dair aydın və birbaşa mesaj göndərməkdə israrlı idi. Səudiyyə Ərəbistanı bu variantı seçməsə belə, bunu etməli olacaqdı, çünki bu, alternativ təchizatçı ilə satınalma, təlim və texniki xidmət danışıqlarını əhatə edən əlavə səylərə səbəb olacaq. Vəliəhd şahzadənin “bizə lazım olmayan başağrısı” deyərkən, yəqin ki, bunu nəzərdə tutmuşdu.
Digər tərəfdən, vəliəhd ABŞ-ı əmin etməyə çalışıb ki, Səudiyyə Ərəbistanının BRİKS iqtisadi qrupunda iştirakı Çin və Rusiya ilə siyasi uyğunlaşma demək deyil. Çünki bu qrupun siyasi layihəsi yoxdur. Səudiyyə Ərəbistanı ABŞ-la olduğu kimi, Hindistan, Braziliya və Cənubi Afrika Respublikası kimi digər ölkələrlə də güclü əlaqələrə malikdir, baxmayaraq ki, bütün bu ölkələr BRİKS qrupundadır.
Vəliəhd həm də ABŞ-dakı Demokratlar və Respublikaçılar partiyalarından uzaq durmağa çalışır. Bir tərəfdən o, prezident Baydeni tərifləyərək onu “ağıllı, diqqətli və görüşlərinə yaxşı hazırlaşan şəxs” adlandırıb. Onun sözlərinə görə, Baydenin administrasiyası ilə işləmək gündəliyi təhlükəsizlik, siyasət, texnologiya, kosmos və iqtisadi layihələr kimi ortaq maraq sahələri ilə doludur. Digər tərəfdən, o, bir çox respublikaçıların sevimli telekanalında Amerika xalqına müraciət etməyə diqqət yetirdi.
Beşinci mesaj Çinə verilib. Səudiyyə Ərəbistanı Çinlə əlaqələrini məhdudlaşdırmağa və ya azaltmağa çalışmadığını, bu əlaqələrin gələcəkdə də davam edəcəyini və möhkəmlənəcəyini bildirib və hesab edir ki, ABŞ bunu qəbul etməlidir. Çünki o, ABŞ-ın Çini ticarət tərəfdaşı kimi itirməyə tab gətirə bilməyəcəyini, Çinin iqtisadi çöküşünün dünya iqtisadiyyatı üçün fəlakət olacağını bəyan edib. Vəliəhd həmçinin Çini əmin edib ki, Səudiyyə Ərəbistanı Tayvanla bağlı fərqli mövqe tutmayıb və Çinin rəsmi “vahid Çin” siyasətini qəbul edib.
Altıncı mesaj Rusiyaya yönəlib. Səudiyyə Ərəbistanı OPEC+ çərçivəsində neft qiymətləri ilə bağlı koordinasiyanın davam edəcəyini və Səudiyyə Ərəbistanının təzyiqlərə görə ABŞ-la münasibətlərini dəyişməyəcəyini bildirib. “Dünya bazarında neftin qiymətini müəyyən edən tələb və təklifdir” deyən vəliəhd bunun üçün Rusiya başda olmaqla, neft hasil edən ölkələrlə koordinasiyanın aparılması lazım olduğunu bildirib.
Vəliəhd həmçinin izah edib ki, Səudiyyə Ərəbistanının Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi bütün tərəflərin beynəlxalq hüquqa hörmət etməsi tələbinə əsaslanır. Bu, Rusiyaya mesaj idi və Səudiyyə Ərəbistanının Ukrayna ilə bağlı mövqeyinin dəyişmədiyini göstərdi.
Yeddinci mesaj Yəmənə ünvanlanıb. Bu mesajda Səudiyyə Ərəbistanının Yəmənin ən böyük dəstəkçisi olduğu və bundan sonra da olacağı bildirilir. Siyasi həll yolunun Yəmənin yenidən qurulmasının qapısı olduğu da vurğulanır. Husilər sərhəd təhlükəsizliyini təmin etməyə və siyasi prosesə başlamağa açıq olarsa, Səudiyyə Ərəbistanı Yəmənin sabit və inkişaf edən ölkəyə çevrilməsi üçün bütün yəmənli aktyorların siyasi hakimiyyətdə iştirakında həlledici rol oynayacaq.
Səudiyyə Ərəbistanının daxili siyasətinin xarici siyasət istiqamətlərinin mərkəzində olduğunu vurğulamaq üçün vəliəhd, mesajlarını Qırmızı dənizdəki gözəl Sindala adasından yayımlamağı seçdi. Bu ada nəhəng NEOM layihəsi çərçivəsində turist qəbul etməyə hazırlanan 32 adadan biri və gələn il rəsmi açılışı olacaq 5 adadan biridir.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bu açıq mesajlarla ABŞ-la davam edən danışıqların mahiyyəti və şərtləri ilə bağlı bir çox media fərziyyələrinə son qoydu. Bu mesajlarda ABŞ-la müdafiə sazişinin ABŞ üçün olduğu qədər Səudiyyə Ərəbistanı üçün də maraq kəsb etdiyini, İsraillə hansısa sülh sazişinin Ağ Evin fələstinlilər üçün qane edici nəticələr əldə etməsi ilə əlaqəli olduğunu, eləcə də Səudiyyə Ərəbistanının Çin və digər ölkələrlə əlaqələrini gücləndirməyə davam edəcəyini açıqladı.