Vətəndaş cəmiyyətinin təmsilçiləri fəal olmalıdır

15:40 07.10.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın müasir inkişafı dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Belə ki, respublikamızda gedən demokratikləşmə prosesi, ictimai həyatın bütün sahələrində aparılan uğurlu islahatlar, beynəlxalq miqyasda əldə olunmuş nailiyyətlər insan hüquqları kimi həssas və daim konseptual yanaşmaların müəyyən olunmasını tələb edən sahədə tənzimləyici milli mexanizmlərin daha da təkmilləşdirilməsini və ardıcıl tədbirlərin həyata keçirilməsini vacib edir.

Hazırda Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilir. Bu gün ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir.

Ölkə başçısı tərəfindən 2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 2011-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” isə insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına imkan yaradıb. Belə ki, yeni çağırışların və cəmiyyətimizin inkişafından irəli gələn tələbatların nəzərə alınması baxımından 2011-ci ildə qəbul olunmuş Milli Fəaliyyət Proqramı ölkəmizin siyasi sahədə milli maraqlarından biri olan insan hüquqlarının təmin olunması üzrə görülən ardıcıl tədbirlərin genişləndirilməsində, hüquq-müdafiə mexanizmlərinin təkmilləşdirilməsində, əhalinin müxtəlif qruplarının, o cümlədən ən kövrək nümayəndələrinin hüquqlarının qorunmasının gücləndirilməsində yeni mərhələnin başlanğıcı olub. Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif, o cümlədən həssas qruplarına aid olan şəxslərin və başqalarının hüquqlarının təmin edilməsində fəaliyyət istiqamətləri müəyyən olunur. Digər tərəfdən, Milli Fəaliyyət Proqramında insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Əhalinin hüquq biliklərinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyini ortaya qoyur. Beynəlxalq elmi-tədqiqat və tədris müəssisələri ilə əməkdaşlığın təkmilləşdirilməsini, beynəlxalq sənədlərin, xüsusilə də İnsan Hüquqlarına dair Avropa Konvensiyasının, İşgəncələr Əleyhinə Konvensiyanın dövlət qulluqçuları, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən öyrənilməsini tələb edir.

Proqrama uyğun olaraq, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi və bu sahədə islahatların həyata keçirilməsi, əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkil edilməsi, hakimlərin və hakimliyə namizədlərin, hüquq- mühafizə orqanları əməkdaşlarının və vəkillərin tədris prosesində insan hüquqları sahəsində beynəlxalq konvensiyalarla bağlı mövzuların geniş istifadə olunması, məhkəmə qərarlarının vaxtında və dəqiq icra edilməsi üçün icra işinin səmərəliliyinin yüksəldilməsi, habelə vəkillik institutunun gücləndirilməsi üzrə tədbirlərin davam etdirilməsi məsələləri mühüm istiqamətlər sırasındadır.

Onu da vurğulamaq yerinə düşər ki, ölkəmizdə insan hüquqlarına verilən dəyərin göstəricisi olaraq Prezident İlham Əliyev 2007-ci ildə hər il iyun ayının 18-nin İnsan Hüquqları Günü kimi qeyd edilməsinə dair Sərəncam imzalayıb. Həmin tarixdən bugünədək insan hüquqları sahəsində böyük irəliləyişlərə nail olunub, müxtəlif qanunvericilik aktları qəbul edilib, ziddiyyət təşkil edən hallar aradan qaldırılıb. Bundan başqa, Ombudsman təsisatının yaradılması da Azərbaycan dövlətinin öz vətəndaşlarının hüquqlarının qorunması məsələsinə olan diqqətinin bariz nümunəsidir.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu sahəsində çox mühüm işlər görülüb:

“Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu, həmçinin, müdafiə edildiyi demokratik ölkələrdəndir. Bu sahə bütün dövrlərdə dövlətin diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi altında bütün istiqamətlərdə islahatların aparılması, qanunvericiliyin təkmilləşdirilməsi, yeni qanunların qəbul olunması, eyni zamanda, məhkəmə-hüquq sistemində islahatların aparılması, probarsiya xidmətinin yaradılması, cəza siyasətinin humanistləşdirilməsi, əfv sərəncamlarının imzalanması və icra edilməsi Azərbaycan dövlətində vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğunun bariz nümunəsidir. Bu istiqamətdə atılan addımlar, həyata keçirilən islahatlat cəmiyyət, xüsusilə hüquq müdafiəçilər tərəfindən həmişə yüksək qiymətləndirilib. Bütün bu addımlar Azərbaycanın yaxşı hüquqi gələcəyindən xəbər verir. Bu mənada insan hüquq və azadlıqlarının Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulduğu kimi qorunması təbii ki, dövlətin prioritet istiqamətlərindən biridir”.

Milli QHT Forumunun prezidenti həmçinin vurğulayıb ki, bir sıra qeyri-hökumət təşkilatları da bəhs edilən ali vəzifənin yerinə yetirilməsinə xüsusi töhfələr verməkdədir: “Eyni zamanda, Ombudsman təsisatı öz fəaliyyəti ilə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması işinə önəmli töhfələr bəxş edir. Ümumiyyətlə, Ombudsman təsisatının bu istiqamətdə gördüyü işlər sözügedən sahədə ciddi nailiyyətlərin əldə edilməsinə təkan verən faktordur. Eyni zamanda, yerli qht-lər bu məsələdə fəal şəkildə rol oynayırlar. Çünki cəmiyyətdə islahatlar aparılsa da, bəzən hüquq pozuntularına da rast gəlirik, xususilə bəzi məmurlar vətəndaşların hüquqlarını kobud şəkildə pozurlar. Son dövrlərdə biz bununla bağlı bir sıra QHT-nin iştirakçılığı ilə İctimai Nəzarət Mərkəzi yaratmışıq. Bu mərkəz insanların hüquq və azadlıqlarını müdafiə etməkdə maraqlıdır. Biz bütün dövrlərdə sosial mövzulardan tutmuş insan hüquqularına qədər bütün mövzuları daim ictimai müzakirəyə çıxararaq diqqətdə saxlamışıq. Hətta biz orduda da müəyyən görüşlərin keçirilməsinə, xüsusilə təmas xəttinə yaxın ərazilərdə yerləşən hərbi hissələrə səfərlərin təşkil olunmasına nail olduq və ictimai monitorinqlər həyata keçirdik. Bu da xalqla ordu arasında münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadı. Bu gün də biz ölkə Prezdentinin şəffaflıq və ictimai nəzarətə çağırışı ilə bağlı ictimai nəzarətin koordinasiya mərkəzini yaratmışıq. Artıq bu fəaliyyət də öz effektini verib və vətəndaşları maraqlardıran, onları narahat edən bir neçə məsələnin ictimai müzakirəsini təşkil etmişik. Elə ilk müzakirəmiz “İctimai nəzarətin təmin olunması və qarşıda duran vəzifələr” mövzusunda keçirilib. Bundan başqa, bank xidmətlərində vətəndaşları və sahibkarları narazı salan məqamlarla, gömrük sahəsində problemlər və onların həlli yolları , narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti kimi mövzuların müzakirəsi təşkil olunub. Konfranslarda bir sıra dövlət qurumlarının, QHT-lərin və KİV-lərin nümayəndələri iştirak ediblər. Qarşıdakı aylarda isə təhsil, istehlakçı hüquqları, sosial siyasət və onun icra vəziyyət, eləcə də digər məsələlərlə bağlı ictimai müzakirələr təşkil edəcəyik. Bununla da biz üzərimizə çox böyük məsuliyyət götürmüş oluruq. Ona görə ki, ölkə Prezidenti dəfələrlə çıxışlarında çağırış edib ki, ictimai nəzarət və şəffaflıq çox vacib məsələdir. O, bu məsələdə vətəndaşları və vətəndaş cəmiyyəti institutlarını fəal olmağa çağırıb. Biz də baxmayaraq ki, müəyyən maliyyə çətinliyimiz var, məsuliyyətimizi yaxşı başa düşürük və insan hüquq və azadlıqlarının təmin olunmasında, vətəndaş cəmiyyəti quruculuğunda dəstəyimizi tam gücümüzlə davam etdiririk”.

 

Oxunma sayı 45