Yaxın Şərqin flaqman ölkəsi – Səudiyyə Ərəbistanı - (FOTO)

09:15 02.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanına ilk səfərimə altı il əvvəl Ciddə və Məkkədən başlayıb, Mədinədə başa vurmuşam. Avqustun sonları idi, təsəvvür edə bilməyəcəyim istilər vardı, oteldən küçəyə çıxanda özümü təndirdə hiss edirdim. Amma bu isti nədənsə məni yandırmır, əksinə, ruhumu isidirdi. İlk dəfə idi Haramül-Məscidi, Məscidül-Nəbəvini görürdüm və təbii ki, Həcc ziyarətimi edirdim.

Göydələnlər şəhəri

Bu dəfə isə qışın son həftələrinə təsadüf edən ikinci səfərimə Krallığın paytaxtından - ər-Riyaddan start verdim. Şəhər Məkkə kimi ilahiəzəmətli, Mədinə kimi əsrarəngiz, gözəl olmasa da, hər halda bu nəhəng meqapolis Şərq və Qərb mədəniyyətini, arxitekturasını bir araya gətirir.

Ər-Riyadın tarixi Məkkə, Mədinə, Taif və digər şəhərlərlə müqayisədə o qədər də qədim olmadığı kimi, ötən dövrlərdə siyasi və iqtisadi əhəmiyyəti də böyük olmayıb. Xüsusilə 1932-ci ildən sonrakı dövrdə paytaxtın əhalisi sürətlə artmağa başlayıb ki, bu da özü ilə birlikdə yeni-yeni sənaye müəssisələrinin, elm və mədəniyyət ocaqlarının, inzibati və ictimai binaların tikintisini zəruriləşdirib. Çox güclü şəhər infrastrukturuna malik ər-Riyad şəhərinin əhalisi indiki Səudiyyə Ərəbistanı dövlətinin elan olunduğu 1932-ci ildə 25 min nəfərdən ibarət idisə, 1960-cı ildə 150 min, cəmi 10 il sonra – 1970-ci ildə 370 min, 1988-ci ildə artıq 1,5 milyon, hazırda isə 6,5 milyon nəfərə çatıb.

Əsasən, düzənlik relyefə malik şəhərdə sürətlə müasir göydələnlər ucaldılır, küçə və prospektlər salınır, hətta məsələn, Tokioda olduğu kimi, dəmir-beton dirəklər üzərində sürətli metro xətti tikilir. Səkkiz bələdiyyəyə bölünən bu əzəmətli şəhərdə tikinti-quruculuq işləri elə sürətlə gedir ki, çox yox, cəmi bir il burada olmayan adam sonradan ər-Riyadı tanımır.

Bu arada, Bakıdan fərqli olaraq ər-Riyadda küçə və prospektlər çox genişdir və yüksəkkeyfiyyətli asfaltla örtülüb, üstəlik, gecəboyu al-əlvan işıqlandırılır. Buna baxmayaraq, ər-Riyadı paytaxtımız Bakı ilə birləşdirən ortaq bənzərlik günün müxtəlif saatlarında küçələri qapayan avtomobil tıxaclarıdır. Ərriyadlılar bunun səbəbini belə izah edirlər ki, şəhərdə, demək olar, hər bir sakinin avtomobili var. Hətta məhz hamının avtomobili olduğu üçün indiyədək ictimai nəqliyyat şəbəkəsi yaradılmayıb və bu prosesə son illər başlanılıb.

Ər-Riyadı başqa ölkələrin paytaxtlarından fərqləndirən ən maraqlı və özünəməxsus tərz gecəboyu əksər göydələnlərin başdan-başa işıqlandırılmasıdır. Özü də ən çox ya tünd göy, ya da İslamın rəmzi olan, eləcə də Səudiyyə dövlətinin bayrağının rəngində - yaşıl rəngdə.

Ər-Riyaddakı göydələnlər, xüsusilə də inzibati binalar qəribə dizaynlarda tikilir. Məsələn, mən qalan otelin tam qarşısında yerləşən Daxili İşlər Nazirliyinin UNO-nu xatırladan, gecəboyu yaşıl rəngə boyanan ecazkargörünüşlü binası paytaxtın böyük hissəsindən aydın görünür.

Səudiyyə Krallığının paytaxtına yaraşıq verən qüllələr turistlərin diqqətini çəkməkdədir. Bunlardan 304 metr hündürlüyü olan 67 qatlı Kral Abdullah Maliyyə Mərkəzi (KAFD), 303 metr hündürlüyü olan 41 mərtəbəli “Burj Al-Mamlaka” (Gingdom Centre), 267 metr hündürlüyü olan 30 qatlı “Burj Al Faysalia” (Kral Feysəl Fondu), 258 metr hündürlüyü olan 58 qatlı Aramex Home, 244 metr hündürlüyü olan 54 qatlı “Al Majdoul Tower”, 231 metr hündürlüyü olan 40 mərtəbəli Samba Bank HQ Tower, 205 metr hündürlüyü olan 36 qatlı “Al Rajhi Bank al-Muruj”, biri 44, digəri 46 qatlı, müvafiq olaraq 186 və 188 metr hündürlüyü olan “Əkiz Qüllələr” və sair ər-Riyadın simvollarına çevrilib.

Görməyənlər üçün qeyd edim ki, ər-Riyad səhranın ortasında yerləşməsinə baxmayaraq, şəhərdə yaşıllıq sahələrin genişləndirilməsi üçün maksimum səy göstərilir. Küçə və prospektlərin kənarlarında xurma ağacları sıralanıb. Tək xurma yox, adını bilmədiyim, dəfnə ağacına bənzəyən başqa ağaclar da var. Özü də yaşıllıqlara ciddi qulluq edilir: dibləri yumşaldılır, suvarılır, otdan-alaqdan təmizlənir. Məncə, bu qədər zəhmətin bəhrəsidir ki, səhranın tən ortasında yaşıllıqları ilə birlikdə böyüyən meqapolis dünyanın diqqətini çəkməyə başlayıb.

Dünya bir arada

Ər-Riyada yolu düşənlər paytaxtın Bulvar deyilən rayonuna baş çəkməyi unutmamalıdır. Burada səhv etmirəmsə, 12 xarici ölkəyə aid pavilyon tikilib. Deməli, məsələn, Çin üçün ayrılan pavilyonda məhz Çin memarlığında binalar tikilib, giriş və çıxış darvazaları da qədim Çin memarlığı üslubundadır. Buradakı kiçik dalanlarda, evlərin, kafelərin qarşısında şara bənzəyən müxtəlif rəngdə Çin lampaları asılıb. Şəhərciyə təşrif buyuran turistlər əsl Çin mətbəxinin təamlarını dadmaq imkanı da qazanırlar.

Yaxud da İtaliya pavilyonuna getsəniz, klassik italyan musiqisinin sədaları altında Neapolun, Roma və Palermonun tipik arxitekturasını yansıtan binaları, küçə kənarlarındakı kafeləri görə və ya kiçik dükanlarda satılan əsl italyan ərzaqlarını ala bilərlər.

Eləcə də ağappaq divarları, göyrəngli damı olan binaların timsalında Yunanıstan şəhərlərini təcəssüm etdirən pavilyona baş çəkən hər kəs yunan mədəniyyətinin sehrinə düşür. Pəncərələrdən, evlərin damından asılan rəngarəng çiçəklər açmış sarmaşıqlara baxanda adam özünü ər-Riyadda yox, Afinada hiss edir.

Eynilə də Mərakeş, Fransa, ABŞ, Yaponiya və sair kimi ölkələrin pavilyonlarında adıçəkilən ölkələrin mədəni dünyasına səyahət etmək olar.

Qeyd edim ki, hər axşam ər-Riyad camaatı və şəhərin qonaqları Bulvar ərazisinə zövq almağa axışdığından, burada iynə atsan yerə düşməz. Ər-Riyadda insan əməyinin nəticəsi olan bütün bu kimi uğurlar hesab edirəm ki, ən qısa zamanda Səudiyyə Krallığını dünyanın ən cəlbedici turizm məkanlarından birinə çevirəcək. 

Bayram ab-havası

Ər-Riyadda olduğum günlərdə Səudiyyə Ərəbistanı Krallığının Quruluş günü qeyd olunurdu. Şəhər və təbii ki, bütün ölkə bayram libasına bürünmüşdü.

Qeyd edim ki, bu bayram kral Salmanın sərəncamı ilə ötən ildən başlayaraq qeyd edilməkdədir. İnsanların bayram coşqusunu görmək üçün isə həmin günlərdə Səudiyyə Ərəbistanında olmaq mütləqdir. Məsələn, paytaxtın ən önəmli yerlərində konsert proqramları üçün səhnələr quraşdırılmışdı. Bunlardan biri Kral Fəhd adına Milli Kitabxananın qarşısındakı meydanda təşkil olunmuşdu. Hələ axşamüstü olmasına baxmayaraq, insanlar konserti qaçırmamaq üçün kütləvi şəkildə ora axışmaqdaydı. Təbii ki, konsert axşam saatlarında başlayacaqdı...

Kitabxanadan söz düşmüşkən, çox nəhəng binası var. Fasad görünüşü isə sanki arı şanını xatırladır. Kitabxananın tikintisinə dair layihə 1983-cü ildə hazırlansa da, tikinti işlərinə 1986-cı ildə başlanılıb. Milli Kitabxana 1990-cı ildən xalqın istifadəsinə verilib və artıq 33 ildir ki, ər-Riyad sakinlərinin burada qiraətlə məşğuldurlar.

Kitabxananın sərəncamında dünyanın bütün dillərini əhatə edən 2,5 milyondan artıq kitab, eləcə də əlyazmalar saxlanılır, Səudiyyə Ərəbistanında və dünyanın əksər ölkələrində çıxan dövri nəşrlər də bu mədəniyyət ocağı tərəfindən alınır. Üstəlik, dünyanın fərqli yerlərindəki kitabxanalara çıxmaq üçün burada böyük kompüter salonu fəaliyyət gstərir.      

İstiqanlı insanlar

Təbiətindən, göydələnlərindən söz açmışkən, insanlarını da unutmaq mümkün deyil. Əlbəttə, ərəblər, xüsusilə də Səudiyyə Ərəbistanı ərəblərini biz Azərbaycan türklərinə İslam dini, minillərlə yaşı olan mədəni-məişət əlaqələri, iqtisadiyyat, ticarət birləşdirir.

Ər-Riyadda insanlar çox şəndirlər, istiqanlı, mehribandırlar. Məsələn, küçədə gəzişərkən qarşımıza çıxan hansısa sakindən nəyisə soruşduqda böyük həvəslə kömək etməyə çalışırlar. Hə, onu da deyim ki, Səudiyyə Krallığında, demək olar ki, hamı Azərbaycanı çox yaxşı tanıyır. Müqayisə üçün deyim ki, altı il öncə Misirdə olarkən paytaxt Qahirənin küçələrində neçə nəfərdən soruşsam da, heç kim Azərbaycan haqqında bilmədi. Bu baxımdan Səudiyyə Ərəbistanı insanlarını şəxsən mən özümə çox yaxın, doğma gördüm. Burada çoxları, hətta Azərbaycanda səfərdə də olub. Qarşılaşdığımız bir gənc ailə Azərbaycandan gəldiyimizi eşidən kimi Qəbələdə ailəvi istirahət etdiklərini, ölkəmizin nağıllarda oxuduğu cənnətə bənzədiyini dedi.

Hə, bir maraqlı məqama da toxunacağam. Biz, adətən, Səudiyyə Ərəbistanından söz düşəndə dinin hakim olduğu, qadınları çadraya bürünüb, üzlərini rübəndlə gizlədən, kişiləri isə uzun saqqal saxlayan tipik Şərq ölkəsi ağlımıza gəlir. Tamamilə yanılmışıq və reallığı öyrənmək üçün bircə dəfə də olsun gedib görmək lazımmış. Səudiyyə Ərəbistanı gündən-günə müasirləşən, özü də yalnız zahirdə deyil, daxilən, düşüncələrinədək dəyişən cəmiyyətə malikdir. Burada nə kişilər saqqal saxlamaq məcburiyyətindədir, nə də qadınlar çadraya bürünmək. Qızlar-qadınlar başaçıq da gəzir, amma heç kim geyim sərbəstliyini ifrata varmır. Gördüyüm insanlar savadlı-təhsilli, açıq dünyagörüşlü, bir sözlə, sayğıdəyər idilər. Onlar deyirlər ki, indiyədək ölkəni idarə edənlərə böyük sayğıları var, amma vəliəhd – Şahzadə Salmanın ürəklərində yeri tamam başqadır. Məhz vəliəhdin icra etməkdə olduğu islahatlar Səudiyyə Ərəbistanı dövlətini və xalqını inkişaf etmiş güclü bir toplum olaraq 2030-cu il hədəflərinə aparmaqdadır. Məhz vəliədin proqramları nəticəsində qadınlı-kişili ölkə vətəndaşları milli kimliklərini, dinlərini, adət-ənənələrini qoruyub-saxlamaqla qloballaşırlar.

Mən bu yerdə üç nəfər haqda ayrıca demək istəyirəm. Bunlar üç gənc – Əbdüləziz, Yasir və əsmər qız Lamadır. İnformasiya Nazirliyinin nümayəndələridirlər. Bu gənclər öz işlərini elə səliqəli, elə ustalıqla yerinə yetirlər ki... Qəti yorulmadan, peşəkar kadr olmaqdan əlavə əsl dost, yaxın insanlar kimi qayğımıza qalırdılar.

Yasir gənclərdən yaşca ən kiçiyidir, universitetdə ikinci kursda oxuyur və paralel olaraq işləyib maaş alır ki, həm valideynlərinə yük olmasın, həm də təcrübə toplamaqla universiteti bitirəndə artıq peşəkar kadr olaraq cəmiyyətə inteqrasiya edə bilsin.

Lama isə başqa aləmdir. Məncə, məhz Lama müasir Səudiyyə qadınlarının nümunəsi sayıla bilər. Dünyagörüşlüdür, işinin peşəkarıdır, insan kimi də mehriban, istiqanlıdır, bir sözlə, ünsiyyətdə olduğu hər kəsin əzizinə, sevimlisinə çevrilməyi bacarır.   

Sadəcə, sıravi sakinlər deyil, yüksək vəzifəli dövlət məmurları da insanlara qarşı mehribandırlar. Məsələn, oteldə Səudiyyə Ərəbistanı informasiya nazirinin birinci müavini Dr. Xalid əl-Ğamdi ilə görüşmək imkanımız oldu. İnsan savadlı, işinin ustası olmaqla yanaşı, həm də olduqca ünsiyyətcil, mehriban, sadə və mədənidir. Hətta başqalarından eşitdim ki, cənab Ğamdi nazir müavini olsa da, nazirliyin bütün işlərini görür.  

Tarixi yaşadan muzeylər

Ər-Riyada yolu düşən hər kəsin bu əzəmətli şəhərin muzeylərini ziyarət etməsi əsl şans olardı. Həqiqətən də şəhərdə çox sayda və mükəmməl muzeylər fəaliyyət göstərir ki, nə vaxt getsəniz qonaq-qaralı görəcəksiniz. Bunların ikisində oldum: Səudiyyə Ərəbistanı Milli Muzeyində və Al-Masmak qala-muzeyində.

Milli Muzey 1999-cu ildə fəaliyyətə başlayıb. Murabba meydanı boyunca uzanan binanın qərb fasadı Məkkəyə doğru yönəlmiş aypara şəklində düzülüşü ilə qum təpəsinin yumşaq konturlarını xatırladır. Muzeyin ikimərtəbəli müasir binasında ən son muzeyşünaslıq və sərgi texnikası nümayiş etdirilir. 28 min kvadratmetr ərazini əhatə edən muzey səkkiz əsas və iki qısamüddətli sərgi qalereyasından ibarətdir.

Bu muzeydə kainatın yaranması və yerin əmələ gəlməsi, insan tarixindən əvvəlki dövrlərə aid fosillər, Ərəbistan yarımadasının geologiyası və coğrafiyası, eləcə də Ərəbistan yarımadasında fərqli sahələrdə edilən kəşflər nümayiş etdirilir. Muzeyə daxil olan turistlərin ilk qarşılaşdığı eksponatlar isə bir neçə ton ağırlığı olan meteor daşı, eləcə də iri mamontun skilet formasında maketi olacaq.

Al-Masmak qala-muzeyi isə ər-Riyadın köhnə hissəsində, şəhər istehkamlarının içərisində yerləşir. Saray 1865-ci ildə Kral III Abdullah bin Feysəl əs-Səud tərəfindən Əs-Səud və Ər-Rəşid ailələri arasında Nəcd hakimiyyəti üzərində münaqişələr zamanı şəhərin daxili istehkamı məqsədilə tikilib. Qala 1901-ci ildə əmir Əbüləziz bin Səud tərəfindən mühasirəyə alınaraq Ər-Rəşiddən geri qaytarılıb. Səudiyyə Ərəbistanı Krallığının yaradılmasının soydaş simvolu kimi qəbul edilənə və muzey kimi bərpa olunana qədər qala silah-sursat anbarı kimi fəaliyyət göstərib. Son olaraq, 1995-ci ildə Səudiyyə Krallığının yaranma mərhələlərini nümayiş etdirən muzey kimi insanların xidmətinə açılıb.

Bu gün Al-Masmak qala-muzeyində fotoşəkillər, xəritələr, maketlər, vitrinlər, köhnə silahlar, ənənəvi və irs əşyaları, geyimlər nümayiş olunur, eləcə də sərgi və audiovizual salonlar var.

Aldığım məlumata görə, hər ay muzeyə 5 minə yaxın məktəbli və digər ziyarətçilər gəlir. Hansı ki, onların sayı məktəb tətilləri zamanı daha da artır. Deyilənə görə, 1995-ci ildə açılışından bəri muzeyi bir milyondan çox insan ziyarət edib.

Bakı-Ər-Riyad-Bakı

Oxunma sayı 2772