Yazını böyüt
Yazını kiçilt
Bakıda Heydər Əliyev Mərkəzi və Latviya səfirliyi tərəfindən təşkil olunmuş rəssam Yeva Krumiņa və Reza Deqqatinin Rumi poeziyasına həsr olunmuş əsərlərindən ibarət “Yer və Göy arasında” birgə rəsm sərgisinin VİP turu baş tutub. Tur zamanı Reza Deqqati və Latviyanın ölkəmizdəki Səfirliyinin Müvəqqəti İşlər vəkili Viya Buşa səfirliklər, dövlət orqanları və digər təşkilatlardan dəvət edilmiş qonaqları sərgi ilə tanış edib və suallarını cavablandırıb.

Hafta.az-ın yazdığına görə, sərgidə Latviyadan Yeva Krumina və dünyaşöhrətli fotoqraf Reza Deqqatinin əsərləri nümayiş olunub.
Açılış mərasimində çıxış edən Latviyanın ölkəmizdəki Müvəqqəti İşlər vəkili Viya Buşa sərginin Latviya üçün önəmli hadisə olduğunu deyib. O, bu sərginin hər iki ölkənin birgə səyləri nəticəsində baş tutduğunu qeyd edib. Bildirib ki, sərgidə xalqlarımız arasında olan oxşarlıq nümayiş olunur.
Viya Buşa onu da diqqətə çatdırıb ki, Latviyanın Azərbaycandakı səfirliyi incəsənət sahəsindəki layihələrə xüsusi önəm verir. Eyni zamanda, səfirlik Latviya ilə Azərbaycan arasında mədəniyyət sahəsində münasibətlərə, bu istiqamətdə dialoqa öz töhfəsini verir. Beləliklə, bu cür tədbirlərin keçirilməsi sayəsində Latviyanın təsviri incəsənəti Azərbaycanda təşviq edilir.

Daha sonra çıxış edən Reza Deqqati də Ruminin yaradıcılıqından və sərgidə nümayiş edilən əsərlərindən söz açıb.
Qeyd edək ki, sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edib. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub.

Yeva Krumina şərq üslubunda miniatür ənənələrini mümkün qədər yüksək səviyyədə qoruyub saxlayaraq 43 illüstrasiya yaradıb.
Qeyd edək ki, tanınmış rəssam Yeva Krumina Latviya Rəssamlıq Akademiyasının Tekstil şöbəsinin müdiridir. O, Latviya Rəssamlar İttifaqının və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür. Onun sənət əsərləri insanlara dünyanı sevgi sapları ilə təmir etmək mesajını çatdırır.

Dünyaşöhrətli fotojurnalist Reza Deqqati müharibələri, hərbi münaqişələri, eləcə də bəşəriyyətin gözəlliklərini işıqlandırıb. Onun işləri “National Geographic”, “Time”, “Stern”, “Newsweek”, “Paris Match” jurnallarında yer alıb. O, 30 kitabın müəllifi və bir çox mükafatların sahibidir. Rezanın Ruminin ideyalarını, mistik rəqslə dövrə vuran, yerlə göy arasındakı enerji dövranı mövzusunu çatdıran əsəri 1994-cü ildə “National Geographic” jurnalının üz qabığında yer alıb. O, Fransanın “Xidmətlərə görə” kavaler ordeni və Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində keçirilən sərgi aprelin 3-dək davam edəcək.