Azərbaycan yazıçısının Ana dili imtahanı

13:55 28.03.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi (DİM) idarə heyətinin sədri Məleykə Abbaszadənin  “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimatına həsr olunan tədbirdə “Yazıçılar Birliyinin üzvləri Azərbaycan dili imtahanından keçib, bizə fikirlərini söyləsinlər” sözləri ictimaiyyətin ayrı-ayrı kluarlarında ciddi müzakirələr doğurub. Məlum olduğu kimi, AYB sədri Anar DİM sədrinin təklifinə dərhal reaksiya verib. O, “Bütün yazıçıların imtahandan keçə biləcəklərmi?” sualına birmənalı cavab verməyib və məsələyə ”Yazıçılar imtahan verməyi qəbul edəcəklər, yoxsa yox?”,  “Onları imtahanda kim qəbul edəcək, hansı suallar veriləcək?”, “Gərək bunların hamısı aydınlaşdırılsın”, – sual və cavabı ilə reaksiya verib.

Bütün hallarda maraqlıdır, məhz yazıçılar Azərbaycan dilindən imtahan verməlidirmi?

İctimai-siyasi sferanın ayrı-ayrı fəaliyyət istiqamətlərində çalışan nümayəndələr məsələyə fərqli aspektlərdən yanaşıblar.

“Mən şəxsən o imtahana getmərəm”

Yazıçı Elxan Elatlı bildirir ki, DİM sədrinin dediyi kimi, Azərbaycan yazıçısının Ana dilində imtahan verməsinə ehtiyac yoxdur.  Onun fikrincə, bu imtahan heç də dilin qorunması, mühafizəsi, yaxud dəyərləndirilməsi istiqamətində heç nəyi dəyişməyəcək.

“Azərbaycan yazıçısı öz dilini yaxşı bilməlidir. Əgər bilmirsə, yazıçı kimi öz sözünü deyib tanına, sevilə bilməyəcək. Yazıçı müstəqildir. O öz əsərini oxucuya sevdirə bilirsə, deməli imtahandan uğurla keçir”.

E.Elatlı yazçıların öz ana dili üzrə imtahan verməsi ilə bağlı məsələnin mahiyyətini anlamadığını deyib:

“Mən şəxsən o imtahana getmərəm. Çünki hansısa qurum üçün çalışmıram. Məni yalnız oxucularım maraqlandırır.

“Yazıçılar imtahan verməlidirlər”

Təhsil eksperti Rizvan Fikrətoğlu DİM-in idarə heyətinin sədri Məleykə Abbaszadənin yazıçıların Azərbaycan dilindən imtahan verməsi ilə bağlı təklifini gözəl təşəbbüs adlandlrlb. O, ingilis dili və başqa dillərdə səviyyə imtahanları versə də, öz dilimiz üzrə belə imtahanların olmadığını deyib. Ekspert müəyyən müzakirələrdən sonra bu məsələyə diqqət ayrılmasını müsbət hal hesab edib:

“Son vaxtlar bizim yazıçılar, yaxud müxtəlif sahənin adamları nitqlərində, yazılarında çox səhvlərə yol verirlər. Bəli, yazıçılar, ümumiyyətlə azərbaycanlı olan hər bir şəxs, hətta xarici vətəndaşlar da  Azərbaycan dili səviyyəsini bilmək üçün imtahan verməlidir. Təkcə yazıçılar deyil,  jurnalistlər, müəllimlər, eləcə də digər sahələrdə çalışan ixtisas sahibləri Azərbaycan dilindən səviyyə imtahanı verməlidir ki, dil səviyyəsinin nə dərəcədə olduğunu bilsinlər”.

Ekspert hesab edir ki, belə bir imtahanın keçirilməsi, ilk növbədə, dilimizin qorunması istiqamətində cəmiyyətimizə müəyyən şans tanıyacaq. Onun fikrincə, bu imtahan ona Azərbaycan dili bilgilərində harada səhvə yol verdiyini bilməsi üçün şans yaradacaq. R.Fikrətoğlu eyni zamanda sertifikasiya imtahanının suallarını kimlərin hazırlayacağı, hansı suallar qoyulacağı suallarının aydınlaşmasına ehtiyac olduğunu deyib. Onun fikrincə, DİM bu məsələyə aydınlıq  gətirməlidir. 

“Bu məsələ açılmasa, cəmiyyət üçün problemli olaraq qalacaq. Bütövlükdə bu təşəbbüsü dəstəkləyirəm. Biz öz dilimizin təəssübünü çəkməliyik.  Dilimizə laqeyd qalmamağımız, onu qorumağımız və daha dərindən bilməyimiz üçün belə bir imtahana ehtiyac var”.

“Yazıçının imtahan verəcəyi bir məqam var”

Deputat Fazil Mustafa yazıçıların Azərbaycan dilindın imtahan verməsi ilə bağlı məsələnin düzgün ifadə olunmadığı qənaətindədir. O, hesab edir ki, yazıçının imtahan verəcəyi bir məqam var ki, o da oxucusudur. Əgər yazıçının əsəri oxucunu qane edirsə və onun mətni ilə razılaşırsa, o öz mötəbərliyini təsdiq etmiş olur. Yazıçı deyil, hansısa peşə sahibi olsa da, hər hansı formada nəzərdə tutulan yazısının müsabiqədən keçmə tələbi varsa, imtahandan keçməlidir. Bunu xüsusi olaraq “Yazıçının imtahan verməsi” tələbi və təklifi kimi irəli sürmək məncə bir qədər məqsədini aşan yanaşma ola bilər. Ona görə də bu məsələdə yazıçını əlahiddə ayırmaq düzgün olmazdı. Yazıçı, sənət adamı imtahanı tamaşaçıya, oxucuya verməlidir. Tamaşaçı onun sənətini dəyərləndirirsə  və onun səviyyəsini qiymətləndirirsə bu, kifayət edən amillərdən biridir. Ola bilər ki, burada “Yazıçı Azərbaycan dilində imtahan veməlidir” ifadəsi doğru anlaşılmayıb, doğru təqdim olunmayıb. Belə bir ifadənin işlədilməsinin məqsədi açıqlanmalıdır. Qeyd etdiyim kimi, sənət adamı tamaşaçıya, yazıçı da oxucuya imtahan verməlidir.  Bu mütləqdir, çünki hansısa bir şəkildə sabah onun məhsulunu alan bu insanlardır”.