Bakıda “Hindistan yaradıcılığı səhnədə” adlı moda nümayişi keçirilib - (FOTO)

14:35 01.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın ölkəmizdəki səfirliyi “ANM Exhibitions” sərgi şirkəti ilə birgə “Hindistan yaradıcılığı səhnədə” adlı eksklüziv moda nümayişini təşkil edib.

Hafta.az-ın yazdığına görə, səfirliyin müvəqqəti işlər vəkili Vinay Kumar tədbirdə çıxışında bildirib ki, bu eksklüziv moda nümayişi səfirlik tərəfindən Hindistanın müstəqilliyinin 75 illiyini qeyd etmək məqsədilə “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində təşkil olunan silsilə tədbirlərdən biridir.

Tədbirə çox sayda hindistanlı və azərbaycanlı qonaqlar, o cümlədən hökumət rəsmiləri, ticarət palatalarının nümayəndələri, iş adamları və media təmsilçiləri qatılıblar.

Moda şousunun rəhbəri və xoreoqrafı Anup Banerci olub. Təqdimat şousunda Hindistandan olan təcrübəli dizaynerlər - “CTC Mall”dan Sudeş Çabra, “Majestic by Japnah” brendindən Harmit və Qambir Capnah, “DeBeau” brendindən Bhavna Şarma və Samant Çauhan iştirak ediblər. Azərbaycanlı modellərin nümayiş etdirdiyi hind sariləri, gəlinlik lehanqalar və kolilər, salvar kostyumlar, Qərb stilində olan şənlik geyimləri, yüksək dəb geyimləri və axıcı donlar nümayiş zamanı tamaşaçıların diqqəti cəlb edib.

Tədbirdə çıxış edən V.Kumar Hindistanın dünyanın ikinci ən böyük tekstil və geyim istehsalçısı olduğunu vurğulayıb. "Toxuculuq və geyim sənayesi Hindistanın ÜDM-nin 2,3, ixracının isə 12 faizini təşkil edir. Hindistanın əl işləri də daxil olmaqla, tekstil və geyim ixracı ötən maliyyə ilində illik 41 faiz artımla 44,4 milyard dollar təşkil edib. Hindistanda 45 milyona yaxın insan tekstil və əl toxuculuğu sektorunda çalışır", - deyib müvəqqəti işlər vəkili.

Cənab Kumar, həmçinin Hindistanla Azərbaycan arasında tekstil və geyim sektorunda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. O vurğulayıb ki, bu moda nümayişi Azərbaycanın dost və mehriban xalqına Hindistanın tekstil sənayesinin gücünü təqdim edir və bu, iki ölkə arasında ümumi ikitərəfli iqtisadi əlaqələrin inkişafına kömək edəcək.

O, tamaşaçılardan 2-12 sentyabr tarixlərində Bakı İdman Sarayında keçiriləcək “Best of India” sərgisini ziyarət edərək Hindistandan gətirilən yüksək keyfiyyətli məhsul və xidmətlərlə tanış olmağa dəvət edib. Ziyarətçilər, həmçinin sərginin ilk üç günü saat 13:00 və 16:00-da canlı eksklüziv moda şoularını təmənnasız olaraq izləyə bilərlər.