BƏƏ səfirliyi "Dialoq və inkişaf naminə mədəni müxtəliflik" mövzusunda görüş keçirib

12:48 08.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyi Mədəniyyət Nazirliyi və Bakıdakı dini qurumlarla əməkdaşlıq çərçivəsində dialoq və inkişaf naminə mədəni müxtəlifliyə həsr olunmuş onlayn görüş keçirib.

Səfirlikdən Hafta.az-a verilən məlumata görə, səfir Məhəmməd əl-Blooşi qeyd edib ki, mədəni müxtəliflik inkişafın hərəkətverici qüvvəsidir. O, bəşəriyyətin müxtəlif dəyərlərini və birlikdə harmoniyada yaşamağı əhatə edir.

Hazırda BƏƏ-də 200-dən çox xalqın nümayəndəsinin birgə yaşadığını və öz dinlərinə sərbəst etiqad etdiklərini vurğulayan səfir BƏƏ-dəki “İbrahim ailəsi evi” layihəsi haqqında geniş məlumat verib: “Bu kompleks BƏƏ-nin paytaxtı Əbu-Dabinin mədəni mərkəzində, xüsusən də Saadiyat adasında yerləşir. “İbrahim ailəsi evi” öyrənmək, dialoq və ibadət üçün bir məkandır - hamı üçün açıqdır, BƏƏ-nin bütün bəşəriyyəti salamlayaraq tolerantlığa və qonaqpərvərliyə inamının əsl təzahürüdür. Bu unikal memarlıq modeli eyni məkanda kilsə, məscid, sinaqoqu əhatə edir”.

Səfir Məhəmməd əl-Blooşi qeyd edib ki, kompleksə, həmçinin, sərgilər, proqramlar və konfranslar üçün  məkan da daxildir. "Bu layihə qlobal və regional sabitliyə dəstək olmaq, sülh və mədəniyyətlərarası təhsili təşviq etmək məqsədi daşıyır", - deyə o, əlavə edib.

“Azərbaycan da həmçinin tolerantlıq və multikulturalizm ilə mədəni müxtəlifliyin evidir.  Eləcə də, mən BƏƏ-nin azərbaycanlıların ən çox ziyarət etdiyi yerlərdən biri olduğunu bilməkdən məmnunluq duyuram. Beləliklə, ümid edirəm ki, azərbaycanlı ziyarətçilər tezliklə "İbrahim ailəsi evi"nin hüzuru və gözəlliyindən zövq ala biləcəklər”, - diplomat vurğulayıb.

Daha sonra görüş qonaqların çıxışları ilə davam edib. Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla əməkdaşlıq  sektorunun müdiri Araz Bağırlı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin xarici əlaqələr üzrə müavini Rəşad Əliyarlı, Katolik Kilsəsinin Apostol prefekti, yepiskop, ata Vladimir Fekete, Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakı və Azərbaycan Yeparxiyasının Yeparxiya şurasının katibi protoiyerey Mefodiy Əfəndiyev öz fikirlərini bölüşüblər.

Oxunma sayı 291
Mədəniyyət rubrikasından digər xəbərlər