“Best of İndia” moda və həyat tərzi sərgisinin açılışı olub (FOTO)

18:30 02.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bakıda sayca 9-cu “Best of İndia” – Hindistanın ən böyük eksklüziv moda və həyat tərzi sərgisinin rəsmi açılışı olub.

Hafta.az-ın yazdığına görə, sərgini rəsmi olaraq Hindistanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar, Hindistan İxrac Təşkilatları Federasiyasının rəsmisi Qaurav Qupta, Hindistan Mikro, Kiçik və Orta Müəssisələr Nazirliyinin Milli İdarə Heyətinin üzvü Racniş Qoenka və “ANM Exhibitions” şirkətinin sədri Anil Mehta açıq elan ediblər. 

Müvəqqəti işlər vəkili V.Kumar bu tədbirin Hindistan Səfirliyi tərəfindən “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü altında Hindistanın Müstəqilliyinin 75 illiyini qeyd etmək üçün təşkil edilən çoxsaylı tədbirlərdən biri olduğunu vurğulayıb. O, Hindistanla Azərbaycan arasında tarixi və mədəni münasibətlərə əsaslanan sıx dostluq əlaqələrini vurğulayaraq, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün geniş imkanların olduğunu, belə tədbirlərin təşkilinin bu cür imkanların təşviqi, iki ölkə arasında iqtisadi əlaqələrin artırılması baxımından çox vacib olduğunu vurğulayıb.

2-12 sentyabr 2022-ci il tarixlərində keçiriləcək 11 günlük sərgi ərzində 60-dan çox Hindistan şirkəti düyü, çay, ədviyyatlar, hədiyyəlik əşyalar, əl işləri, mebellər, tekstil məmulatları və geyimlər, zərgərlik və kosmetika məmulatları daxil olmaqla yüksək keyfiyyətli mal və xidmətlərini nümayiş etdirir.

Ziyarətçilər həmçinin 3 və 4 sentyabr tarixlərində saat 13:00 və 16:00-da canlı moda nümayişlərindən həzz ala bilərlər.

Sərgiyə giriş pulsuzdur. Çox sayda ziyarətçi orijinal hind çayını dadmaq üçün sərgi zalında Səfirliyin stendinə gəlirlər. Tədbir zalındakı böyük LED ekranda isə ziyarətçilər Hindistan turizmi, mədəniyyəti və investisiya imkanları haqqında videoçarxları Azərbaycan dilində subtitrlərlə izləyə bilərlər. Tədbirdə Bollivud mahnılarının müşaiyətilə ifa olunan ənənəvi hind rəqsləri və xına (Mehndi) stendləri ziyarətçiləri valeh edir.