Ceyhun Məmmədov: “Büdcə vəsaitlərinin səmərəli istifadəsi olduqca önəmlidir”

13:30 22.04.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Hesabat elmi-metodologiyaya və real iqtisadi rəqəmlərə əsasən hazırlanıb. Ötən müddətdə görülən bütün işləri, həyata keçirilən tədbirləri tam əks etdirir. Eyni zamanda hesabatda əksini tapan rəqəmlər büdcəyə nəzarətin daha da gücləndirilməsi, büdcədən yayındırılan vəsaitlərin büdcəyə qaytarılması üçün Palatanın real addımlar atdığını göstərir”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasnda deputat Ceyhun Məmmədov Hesablama Palatasının hesabatı ilə bağlı bildirib.

 Deputat eyni zamanda qeyd edib ki, dövlət qurumları da bu məsləyə həssas yanaşmalı, maliyyə vəsaitlərinin düzgün xərclənməsinə nəzarəti daha da artırmalıdırlar.

C.Məmmədov bildirib ki, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə makro-iqtisadi sabitlik, dayanıqlı iqtisadi inkişaf uğurla təmin olunub. Deputat o cümlədən qeyd edib ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatında baş verən xoşagəlməz proseslərdən sığortalanması üçün mühüm addımlar atılıb.

“Bu gün ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri də hərbi potensialla yanaşı iqtisadi imkanların daha da gücləndirilməsidir. 

Proseslərin təhlili göstərir ki, bu gün dünyamız yeni iqtisadi böhranın astanasındadır. Artıq dünyanın bir sıra ölkələri bu böhranın acı nəticələrini yaşayırlar. 

Prosesi tətikləyən səbəblərdən biri isə neftin qiyməti ilə bağlı baş verən sıçrayışlardır. Bu gün neftin qiymətində tez-tez baş verən titrəyişlər heç şübhəsiz ki dünya iqtisadiyyatına, eyni zamanda ölkəmizin gəlirlərinə də ciddi təsir göstərir. Bu prosesin hələ bir müddət davam edəcəyi ilə bağlı proqnozlar dünya iqtisadiyyatına yaxşı heç nə vəd etmir.

Baş verəcək növbəti böhrandan ölkəmizin sığortalanması və vətəndaşların ciddi əziyyət çəkməməsi üçün hazırda dövlət strukturları sistemli və ardıcıl addımlar atmağa davam edirlər. Heç şübhəsiz ki, bu siyasətin uğurla davam etdirilməsi üçün düzgün büdcə siyasəti və büdcə vəsaitlərinin səmərəli istifadəsi olduqca önəmlidir.

Beləliklə bu gün qarşıda duran ən mühüm vəzifələrdən biri də büdcə vəsaitlərdən düzgün və səmərəli istifadə, büdcədən yayınmaların qarşısının alınmasıdır.

Bu isə öz növbəsində dövlətdən daha çevik, ardıcıl siyasətin və islahatların həyata keçirilməsini tələb edir. Bunu nəzərə alaraq Azərbaycanın müvafiq strukturları iqtisadiyyatın şaxələndirilməsi üçün real addımlar atır”.