Yaxın Şərqdəki müharibə səbəbindən aprel ayında ləğv edilmiş Formula 1 Bəhreyn Qran-Prisi oktyabrın əvvəlində Malayziyada keçiriləcək.
Hafta.az “əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu barədə Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası tərəfindən (FIA) bazar günü Macarıstan Qran-Prisi çərçivəsində yayımlanan birgə bəyanatda bildirilib. Malayziya hökuməti yarışın cari il oktyabrın 2–4-də Sepanq trasında keçirilməsinə razılıq verib.
Formula 1-in prezidenti və baş direktoru Stefano Domenikali iyulun əvvəlində bildirmişdi ki, Azərbaycan Qran-Prisi (26 sentyabr) ilə Sinqapur Qran-Prisi (11 oktyabr) arasında oktyabrın 4-də Körfəz bölgəsində bir mərhələ keçirilə bilər. Lakin son həftələrdə İran ilə ABŞ arasında hərbi qarşıdurmanın yenidən alovlanması bu planın reallaşmasını qeyri-mümkün edib.
Bununla əlaqədar olaraq, alternativ məkanların axtarışına başlanılıb. Nəticədə, Sinqapurun coğrafi yaxınlığında yerləşən Malayziya həm logistik imkanlar, həm də idman baxımından ən optimal və uyğun seçim kimi ön plana çıxıb.