Gəncə Dövlət Dram Teatrına yeni baş rejissor təyin edilib

15:39 09.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə Əhmədov Elşad Eldar oğlu Gəncə Dövlət Dram Teatrına baş rejissor təyin olunub.

Bu barədə hafta.az-a teatrdan məlumat verilib.

Bildirilib ki, Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı baş rejissoru kollektivə təqdim edib.

Təqdimat mərasimində iştirak edən Xalq artistləri Alim Məmmədov, Pərvanə Qurbanova, Əməkdar artistlər Elxan Yunis, Ramiz Vəliyev, Novruz Cəfərov və digərləri çıxış edərək Elşad Əhmədovu yeni təyinat münasibətilə təbrik edərək yaradıcılığında uğurlar arzulayıblar.

Aqil Bəhramlı çıxışında Mədəniyyət naziri Anar Kərimova teatra göstərdiyi etimada görə təşəkkürünü bildirib və baş rejissora gələcək fəaliyyətində uğurlar diləyib.

Qeyd edək ki, Elşad Əhmədov uzun illərdir teatrda rejissor vəzifəsində çalışıb. O, 1 noyabr 1981-ci ildə Gəncə şəhərində anadan olub. 1998-ci ildə AzDMİU-nun Teatr və Kino sənəti fakültəsinin Dram-Kino aktyorluğu ixtisası üzrə Həsənağa Turabovun kursuna qəbul olunub.

2002-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi A.M.Şərifzadə adına “ÜFÜQ XXI” Eksperimental Tamaşalar Festivalında S.Bekketin “İlk məhəbbət” hekayəsi əsasında hazırlanmış eyniadlı monotamaşadakı ifasına görə, festivalın “Ən cəsarətli yaradıcılıq işi” nominasiyası ilə təltif olunub.

Elşad Əhmədov 2014-cü ildən Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlamış və bir çox tamaşalara quruluş verib.

Oxunma sayı 150
Mədəniyyət rubrikasından digər xəbərlər