Həftənin “koronaviruslu Baş naziri” - Həftə-reytinq

17:29 02.05.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün öncə  koronavirus testi pozitiv çıxmış  Rusiya Baş naziri Mixail Mişustin həftə boyu həkimlərin nəzarəti altında qalmaqda davam etdi.

Bunu Rusiya Nazirlər Kabinetinin mətbuat katibi Boris Belyakov deyib.

O, baş nazirin müalicəsinin davam etdiyini, buna baxmayaraq, işlədiyini bildirib:

“O, sənədlərlə işləyir, həmkarları ilə aktiv telefon danışıqları aparır”.

 

Həftənin “Ramazan şəhidi”

Türkiyənin Aydın şəhərində Qurani-Kərim hafizi Hacı Əli Şeflekin dünyasını dəyişməsi xəbəri internetdə həssas duyğularla qarşılandı. 

Hacı Əli Quranı əzbər bilib və Quran tilavəti - qiraəti mövzusunda bir mütəxəssis olub. O, həyatını Müqəddəs Yazıların hifz olunmasına həsr edib.  "Hafiz" sözü ərəb dilindən "qəyyum", qoruyucu (təhrifdən qoruyan) kimi tərcümə olunur.  

 Yadda qalma rahatlığı Quranın möcüzəvi xüsusiyyətlərindəndir ki, Qiyamət gününə qədər mətnin dəyişməz qalmasını təmin edir: 

"Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Qurani-Kərim,  Həcc surəsi,  9-cu ayə)

Hərfi mənada hər bir inanclı müsəlman, Müqəddəs Kitabın müəyyən bir hissəsini orijinal dildə əzbər oxuya bilən bir hafizdir. Dünyadakı milyonlarla mömin bütün Quranın hafizidir. Onlardan biri də Hacı Əli Şeflek idi. O,  mübarək Ramazan günlərində oruclu ikən Quran oxuyarkən başını Müqəddəs Yazılara söykəyərək haqq dünyasına qovuşub.

 

Həftənin “Quransevər idmançısı”

Bədii gimnastika üzrə Olimpiya çempionu Alina Kabayeva müsəlmanların  Müqəddəs Kitabından sitat gətirməklə “COVID-19” epidemiyası fonunda ruslara mənəvi dəstək verdi.

Dünya şöhrətli idmançı Ümumrusiya Bədii Gimnastika Federasiyasının “İnstaqram” səhifəsində yerləşdirilmiş video-müraciətdə bütün xalq, o cümlədən bütün həyatlarının ibarət olduğu idman rejimini pozmuş gimnastlar üçün bir sıra çətinliklər yaratmasına rəğmən koronavirusla bağlı vəziyyətin ümidsiz olmadığını bildirib. 

"Əziz qızlar, bütün bu günlər boyu sizləri çox düşünürəm. Qarşınızdakı böyük və çətin sınaq haqqında düşünürəm" -deyən  Kabayeva bütün  gimnast  həmkarlarını qucaqlamaq, təsəlli vermək və "sınaqların insana onun  daşıya biləcəyindən artıq göndərilmədiyini" xatırlatmaq istədiyini vurğulayıb. 

"Bunda böyük ümid var və biz çətinliklərin öhdəsindən gəlməliyik. Gəlin, biz bu gün əlimizdən gələn hər şeyi edək... İndiyədək sevdiklərimiz, qohumlarımız və vətənimiz şərəfinə qələbələr qazanmışıq və  bundan sonra da qazanmaqda davam edəcəyik. Sizləri sevirəm, öpürəm. Sizin Alina ”- deyə Olimpiya çempionu gimnastları ümidsizliyə qapılmamağa və qorxmamağa çağırıb.   

Kabayevanın “insana göndərilən sınaqlar” barədə dediyi sözlər mənası baxımından Uca Allahın iman gətirənləri hansı vəziyyətdə olsalar da, hansı bəla və çətinliklərlə üzləşsələr də, səbirli olmağa və ümidsizliyə qapılmamağa çağırdığı Qurani-Kərimin “Bəqərə” surəsinin 286-cı  ayəsindəki fikri təkrarlayır: 

“Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!”

 

Həftənin “Baş nazir sualı”

“Koronovirusla bağlı yaranmış vəziyyət bir daha təsdiq etdi ki, ölkə öz etibarlı tibb infrastrukturunu yaratmalıdır. Xarici yardımdan asılılığı azaltmalıyıq. Nüvə bombası yaradan ölkə için havalandırma sistemi qurmaq nə qədər çətin ola bilərdi ki? ”".

Çərşənbə günü İslamabadda keçirilən “COMSTECH” sərgisini ziyarət edərkən Pakistanın Baş naziri İmran Xan belə bir sual etdi.  

“Pakistanın xaricdən asılılıq sindromu var. Bizim özümüzə inamımız yoxdur, təhsilə və tədqiqata yetərincə vəsait xərcləmədiyimiz üçün iqtisadiyyatda irəli gedə bilmirik”.

Qeyd edək ki, “COMSTECH” kimi tanınan İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq Daimi Komitəsi üzv dövlətlər arasında elm və texnologiya fəaliyyətlərinin təşviqi və əməkdaşlığına dəstək verir.

"Yalnız indi-qlobal bir çatışmazlıq dönəmində tənəffüs aparatlarının istehsalının o qədər də çətin olmadığını öyrəndik. Nüvə bombası yaradan ölkə için havalandırma sistemi qurmaq nə qədər çətin ola bilərdi ki? ”

“Hər bir milləti yüksəkliyə aparan ən böyük keyfiyyət özünə inamdır. Millət irəlilədikcə bu inam artır və millət hər hansı bir çətinliyi dəf edə biləcəyinə inanan bir mərhələyə qalxır. Kiçik ada olan Britaniya dünyaya hakim oldu. Niyə? Çünki onlarda özünə inam vardı".

207 milyon əhalisi olan Pakistanda koronovirusdan indiyə kimi 346 nəfər ölüb, 15.750 nəfər isə virusa yoluxub. Hər gün 8 min nəfər koronovirusla bağlı tibbi müayinədən keçir.

 

Həftənin “azərbaycanlı şüşə rəssamı”

Hazırda Azərbaycanda vitraj sənəti üzrə məşğul olan çox az sayda rəssam var. Məlum olduğu kimi vitraj rəngli şüşələr, şəffaf boya və ya işıq ötürən örtüklər vasitəsilə hazırlanan, müxtəlif süjet və ornamentlərdən ibarət rəsm əsəridir.

Vitraj sənətinin başlanğıcı şüşənin ilk istehsalı ilə əlaqədardır. Bu sənətdən hətta XVII əsrdə Romada, Osmanlı dövründə saraylarda, kilsələrdə daha çox istifadə olunub. Bəs hazırda ölkəmizdə bu sənətə maraq necədir?

Müsavat.com-un əməkdaşı bu barədə vitraj ustası Gülçin Aslanlı ilə söhbətləşdi.

Vitrajın bir şüşə sənəti olduğunu bildirən müsahibimiz boyanın öz dili olduğunu hər şeydən öncə fırçaların dilinə bələd olmanın vacibliyindən danışdı. Bildirdi ki, şüşə nə qədər nazlı, həssas olsa, fırça bir o qədər onun nazını çəkməyə hazır olmalıdır, yetər ki, fırça peşəkar rəssamın əlində olsun.

 

Həftənin “mesenat futbolçusu”

Londonun "Arsenal" klubunun futbolçusu Məsut Özil Türkiyə Qızıl Ayparasına 80 min funt vəsait köçürdü.

Vəsait pandemiya zamanı oruc tutan müsəlmanları dəstəkləmək məqsədi daşıyır.

"Qardaşımız Məsud sayəsində ehtiyacı olan insanlara yardım ediləcək, biz hər şeyi onlara ən qısa müddətdə çatdıracağıq", - türk Qırmızı Aypara başçısı Kərəm Kinik deyib.

Qeyd olunur ki, Almaniyanı təmsil edən M.Özil 23 Apreldə başlayan müqəddəs Ramazan ayında Türkiyə və Suriyadakı 16 min ehtiyyacı olan insanı ərzaq və dərmanla təmin edəcək.

M.Özil "Arsenal"ın ən çox maaş alan oyunçulardan biridir. Məlumdur ki, futbolçu davamlı olaraq xeyriyyəçiliklə məşquldur.

M.Özil 2014-cü ilin dünya çempionu, 2010-cu ildə dünya və 2012-ci il Avropa Çempionatlarının bürünc mükafatçısıdır. "Real Madrid"in tərkibində oynayarkən İspaniya çempionu adını (2011/12), ölkə kuboku (2010/11) və Super kubokunu (2012), Almaniyanın "Bremen" (Bremen) klubunda oynayarkən ölkə kubokunu (2008/09), "Arsenal"ın tərkibində isə İngiltərə kuboku (2013/14, 2014/15, 2016/17) və super kubokunu (2014, 2015, 2017) qazanıb.

 

Həftənin “futbolçu forması”

İtaliyada koronavirusla mübarizəyə dəstək məqsədiylə keçirilən yardım aksiyasında əfsanəvi futbolçu Dieqo Maradonanın forması hərraca çıxarıldı.

Futbol ulduzunun  Argentina millisində geyindiyi forma 55 min avroya satılıb. Bu pul koronavirusa yoluxanlara yardım etmək üçün istifadə olunacaq.

Maradonanın forması “Napoli”də oynayarkən komanda yoldaşı olan Çiro Ferrara tərəfindən hərraca qoyulub.

 

Oxunma sayı 110