Həftənin SUALI - Həftə-reytinq

11:31 01.12.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Belarus Prezidenti Aleksandr Lukaşenkonun İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyana verdiyi sualı gündəm olub. Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclasına gələrkən “Niyə belə tutqunsan?” sualını verib. Paşinyan isə sualı cavablandırmaqdan yayınıb.

 

Həftənin TƏYİNATI

Prezident İlham Əliyevin Sərəncamı ilə Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib. Vüqar Əliyev 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dillər Universitetini bitirib. İkinci ali təhsilini isə Moskva Dövlət Linqvistika Universitetində jurnalistika ixtisası üzrə alıb. O bu vəzifəyə təyin olunana qədər AZƏRTAC-da bölmə müdiri kimi, daha sonra isə Prezident Administrasiyasında məsul vəzifədə çalışıb. Vüqar Əliyev ailəlidir, üç övladı var.

 

Həftənin SƏHVİ

“Rusiyanın Ukraynaya qarşı apardığı müharibə, çox güman, hansısa mərhələdə danışıqlar masası arxasında başa çatacaq”.Bunu NATO-nun Baş katibi Yens Stoltenberq  deyib. Onun sözlərinə görə, lakin bu danışıqların gedişatı və nəticəsi tamamilə döyüş meydanındakı vəziyyətdən asılıdır: “Döyüş meydanında isə təkcə son ay ərzində Putinin Ukrayna xalqının, onun ordusunun və siyasi rəhbərliyinin gücünü lazımi qədər qiymətləndirməyərək böyük strateji səhvə yol verdiyini gördük”.

 

Həftənin DUELİ

ABŞ yığması DÇ-nin qrup mərhələsinin 3-cü turunda İranı 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb. Qeyd edək ki, 1998-ci ildə Fransada keçirilən dünya çempionatında İran və ABŞ üz-üzə gəlmişdi. Həmin vaxt İran ABŞ-ı 2:1 udaraq qrupda saxlamışdı.

 

Həftənin ARZUSU

Türkiyəli müğənni Yılmaz Morgül aktrisa Hande Erçellə evlənmək istəyir. Müğənni bu etirafı qatıldığı proqramların birində dilə gətirib. "1997-ci ildə məşhur olanda Hande Erçel böyük olsaydı, mütləq onunla evlənmək istəyərdim. Mənə "hə" desə də, deməsə də. Onu ailə qızı kimi görürəm. Dünyanın ən şirin qadını Hande Erçeldir. Onu çox sevirəm, onu sevənləri də sevirəm",-deyə müğənni vurğulayıb. Qeyd edək ki, Hande Erçelin 29, Yılmaz Morgülün isə 58 yaşı var.

 

Həftənin ƏN DƏBLİSİ

Dünyanın ən dəbli xanımı məlum olub.  Britaniyanın "GQ" jurnalı fələstinli model Bella Hadidi seçib. O, geyimlərinin zövqlü seçiminə görə ən dəbli xanım adını qazanıb.

Oxunma sayı 11060