Hesab edirdim ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı bizim İttifaqla birləşdiriləcək... - Aydın Kazımzadə

13:16 09.06.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ötən günlərdə Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib. Xatırladaq ki, hazırda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da fəaliyyətdədir, buranın sədri  isə Xalq artisti Şəfiqə Məmmədovadır.

Hər iki qurum ayrılıqda kino sahəsinin inkişafı, kinematoqrafiyanın rifahı üçün çalışsa da, zaman-zaman mətbuatda bir sıra müzakirələrə səbəb olur. Hazırda durğunluq dövrü yaşayan Azərbaycan kinosunun daha da keyfiyyətli ərsəyə gətirilməsi lazımkən, bu sahədə niyə vahid orqan yaradılmır?

Məlumat üçün deyək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKI) 11 yanvar 1963-cü ildə Respublika Kinematoqrafiya İşçilərinin I  Təsisat Qurultayında yaradılmışdır. Bura ölkənin peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilatdır. İttifaqın əsas məqsədi milli kinonun, milli mədəniyyətin və dünya kinosunun əsas hissəsi olaraq inkişaf etdirilməsidir.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının tarixi isə yaxın keçmişə, 2012-ci il iyunun 21-nə təsadüf edir. İttifaq “Nizami” Kino Mərkəzində “Kino və konseptual problemlər” mövzusunda keçirilmiş tədbirdə yaradılıb. İttifaq tərəfindən “Milli Kino Mükafatı” təsis olunub. Mükafat hər il 2 avqust - Kino Günündə Azərbaycan kinosuna verdiyi töhfələrə görə fərqlənən kinematoqrafçıya təqdim edilir.

Qurumların ayrılıqda və ortaq fəaliyyəti, gələcəkdə birləşdirilməsi mövzusuna gəldikdə isə bununla bağlı suallarımızı kinoşünas Aydın Kazımzadə cavablandırdı. O bildirdi ki, mövzu ilə əlaqədar daha əvvəlki açıqlamalarına görə başı qalmaqaldadır:

“Rasim Balayevə müraciət ediblər ki, Aydın sənin haqqında “Rasim böyük sənətkardır, ancaq kino təşkilatçısı deyil”, – sözlərini işlədib. Doğrudan da R.Balayev böyük sənətkardır, ancaq həmin vəzifə onluq deyildi”.

Kinoşünas bildirdi ki, yaxşı sənətkar olmaq, heç də yaxşı təşkilatçı və sədr olmaq demək deyildir. Bu səbəbdən, AKİ-nin sədri Əlisa Cabbarov seçilsəydi, daha məqsədəuyğun olardı:

“Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri böyük insan, kinematoqrafçıların anası Şəfiqə Məmmədovadır. Digər  qurumda isə katib vəzifəsində çalışan Əlisa Cabbarov var. Fikrimcə, Əlisa Cabbarovu katib vəzifəsinə gətirsəydilər, daha məqsədəuyğun olardı. Rüstəm İbrahimbəyovun qurumdakı bütün işlərini elə Ə. Cabbarov idarə edirdi. Bilirsiniz necədir, sənətkar olmaq ayrı şeydir, ancaq işləri həyata keçirmək tam başqa vəzifədir. Bunun da öhdəsindən Ə.Cabbarov çox yüksək peşəkarlıqla gəlirdi. Baxmayaraq ki, mən Şəfiqə xanımın ittifaqındayam və bununla fəxr edirəm, amma görülən bütün müsbət işləri qiymətləndirmək lazımdır”.

Vahid qurumun formalaşdırılması məsələsinə gəldikdə isə kinoşünas söylədi ki, bu, sonda dövlətin qəbul edəcəyi qərardır. Bu sahədə iki ayrı ittifaqın fəaliyyəti inkişafa mane deyil:

“Qurumların birləşdirilib-birləşdirilməməsi  məsələsi bizim yox, dövlətin biləcəyi işdir. Orada işləyənlər də azərbaycanlılardır, ölkəmizə xidmət göstərirlər. Hər iki qurum müsabiqələr keçirir və çalışır ki, Azərbaycan kinosu inkişaf etsin. Mən hesab edirdim ki, Rüstəm İbrahimbəyov vəfat edəndən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı bizim İttifaqla birləşdiriləcək və Əlisa Cabbarov katib olacaq”.

Oxunma sayı 164
Mədəniyyət rubrikasından digər xəbərlər