Heydər Əliyev Sarayında Rok Festivalının qala-gecəsi keçirilib

23:00 11.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 11-də Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə Rok Festivalının qala-gecəsi keçirilib.

Hafta.az xəbər verir ki, qala-gecənin quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır.

Festivalın əsas məqsədi Azərbaycanda rok janrının tanıdılması, təbliği və inkişafıdır.

Gecənin aparıcısı Hüsniyyə Məhərrəmova bildirib ki, gənclər arasında çıxış etmək çox xoşdur, çünki onların konsertə gəlməsi musiqinin bu janrına dəstək olur. Rok musiqisi Azərbaycan musiqi mədəniyyətində 1960-cı illərdə Bakı cazı ilə paralel gedən musiqi olub və peşəkar musiqiçiləri bir araya gətirib. O dövrün qrupları indi mövcud olmasa da yeni-yeni qruplar yaranıb. Konsertdə çıxış edən bu qruplar Azərbaycan rok musiqisini irəli aparacaqlar.

Səhiyyə TV-nin rəhbəri Azər Xudiyev bildirib ki, təmsil etdiyi qurum hər il rok festival keçirməyi öhdəlik götürüb. Musiqi olmasa insan fiziki olaraq yaşaya bilməz. Gənclərə ritmləri daim qoruyub saxlamağı arzulayan Azər Xudiyev rokun həyat və ehtiras olduğunu vurğulayıb. O, konsertin ərsəyə gəlməsində zəhməti keçən bütün şəxslərə təşəkkürünü bildirib.

Sonra Azərbaycanda ilk rəsmi rok festivalı açıq elan olunub.

Əvvəlcə “The Passion” qrupu səhnəyə dəvət olunub. Onlar simli alətlərdə dünya musiqi incilərindən mahnılar ifa ediblər. Daha sonra “Free From Four”, “Dədə Baba”, “Orxan Efendi”, “Qara Dərviş”, “Groove IN spires”, “Sadnos”, “CODA” və “Evil Decay” kimi qruplar gecədə çıxış ediblər.

Konsert proqramı gurultulu alqışlarla qarşılanıb.

Rok Festivalı növbəti günlər “Albion” konsert zalında davam edəcək, bağlanış konserti isə “Hard Rok” kafedə olacaq.

 

Oxunma sayı 142