Hindistan və Türkiyə: İki böyük ölkəni birləşdirən sufilik bağları

17:45 05.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Mövlanə Cəlaləddin Ruminin Türkiyənin Konya şəhərində yerləşən məqbərəsində belə bir eptafiya yazılıb: “Öldükdən sonra məzarımızı yerdə axtarmayın, insanların qəlbində tapın”. Böyük dahinin bu sözlərinə sadiq qalaraq dünya üzrə bütün insanlar daim onu öz ürəklərinin dərinliklərində tapmağa çalışıblar. O, müdriklər və sufilər diyarı sayılan Hindistanda olduğu kimi başqa heç bir yerdə özünə daimi bir yer tapmamışdır. Əslində Rumi və Şeyx Əhməd Sirhindi kimi sufilər Hindistan-Türkiyə əlaqələrinin səmasında parlayan ulduz kimidirlər. Qədim tarixdən müasir dövrədək sufilik körpüsü dünyanın bu iki böyük ölkəsini bir arada saxlamışdır. Türkiyə Hindistanla bağlı siyasətini “Yenidən Asiya” doktrinasının bir hissəsi kimi tənzimlədiyinə görə, Hindistan da iki ölkə arasında sufilik və ya mənəvi əlaqələri vurğulamaqla eyni istiqamətdə qarşılıqlı addımlar atır”.

Hafta.az-ın yazdığına görə, bu sözlər hindistanlı tanınmış ictimai xadim, Hind İslam İrsi Fondunun direktoru doktor Şucaat Əli Quadrinin müəllifi olduğu məqalədə deyilir.  

Bildirilir ki, Hindistanla Türkiyə arasında sufilik düşüncələrinin mübadiləsi XIII əsrdə Dehli Sultanlığı dövrünə təsadüf edir. Moğolların Hindistanı idarə etdiyi dövrdə Osmanlı şəhərlərindəki sufi təkiyələri daimi olaraq hindli qonaqlarını qəbul edirdi. Nəinki sufilər, hətta diplomatlar hər iki ölkəni gəzir, elmi mətnləri tərcümə edib zadəganlar və kütlələr arasında yaymaq üçün öz ölkələrinə aparırdılar.

Müəllif qeyd edib ki, mədəni və siyasi cəhətdən rəngarəng olan bu dövrdə Hindu yazıları müsəlman sufilər arasında elmi mübahisə nöqtəsinə çevrilmişdi. Bir neçə mühüm kitab və məşhur əsərlər sanskritdən o dövrdə hakimiyyətin və elmin iki əsas dili olan fars və ərəb dillərinə tərcümə edilirdi. Tərcümə edilən ən diqqətəlayiq əsər Hindu epik poeması “Mahabharata” idi. Məhz İmperator Əkbər bu əsəri tərcümə etmək göstərişini vermişdi. Onun alim saray xadimi Naqib Xan bu möhətəşəm əsəri fars dilinə tərcümə edərək onu Rəzmnamə (Hərb kitabı) adlandırmışdı. Sonrakı digər tərcümələr “Racatarangini” və “Ramayana” idi. Eynilə, Rumi kimi klassik sufilərin şeirləri və dördlükləri Sanskritə, daha sonra isə hind dilinə tərcümə edilirdi.

Məqalədə yazılır ki, Dehli Universitetinin professoru doktor Balram Şukla tərəfindən Ruminin tərcümə olunmuş 100 qəzəlindən ibarət “Nişabd Nupur” adlı əsəri Rumi poeziyasını hind dilində təmsil edən ən parlaq müasir ədəbi nümunələrdən biri sayılır. O. daha sonra əlavə edir ki, əslində Ruminin ən uzun şeirlərindən biri olan “Sadiqlər Bir Ruhdur” əsəri Sanskrit mətnlərindəki mənaya çox yaxın olduğu üçün Upanişadlardan ilham aldığı güman edilir.

Sufi-vedantik qarşılıqlı əlaqələr “vəhdatul-vücud” (“varlığın birliyi”) anlayışının yaranmasına səbəb olmuşdu. Bu anlayış o vaxtdan bəri Cənubi Asiyada sufi ənənələrinin ayrılmaz bir hissəsi olub.

“Cənubi Asiyadan olan bu sufilər Osmanlı İmperiyasına səfər edərək orada öz məktəblərini qururdular. Təkkə və ya təkiyə adlanan bu məktəblər və ya başqa adla sufi mərkəzləri günümüzə qədər məşhur olublar. Təkiyələr müasir Suriyanın Hələb şəhərində, müasir İraqın Bağdad şəhərində, müasir Türkiyənin İstanbul və Ədirnə şəhərlərində, hətta müasir Bolqarıstanın paytaxtı Sofiyada mühüm əhəmiyyətə malik idilər” yazan müəllif bildirir ki, İstanbulda ən məşhur sufi təkiyələrindən biri də Üsküdarda bu yaxınlarda təmir edilmiş Horhor təkiyəsidir. Arxiv sənədlərinə görə, bəzi Moğol və digər hindistanlı diplomatik nümayəndələr Horhor təkiyəsinin əhəmiyyətini vurğulayırdılar. XVIII əsrdə cənubi Hindistanda yerləşən Maysur Krallığının hökmdarı Tipu Sultanın diplomatik nümayəndə heyətinin üzvü olmuş İmam Məhəmməd Sərdar bu təkiyədə yaşamışdır. O, dünyasını dəyişdikdən sonra elə həmin təkiyədə dəfn olunub.

Müəllif daha sonra yazır ki, Türkiyədə ən məşhur hind mistik şəxsiyyəti 16-cı əsrdə yaşamış hind sufisi, İmam Rəbbani kimi tanınan Əhməd əl-Faruq əl-Sirhindi olub. Onun “Məktubati Rabbani” adı ilə tanınan məktublar toplusu sufiliyin böyük əsəri statusunu daşıyır və bu kitabı Türkiyənin hər bir kitabxanasında və sufi təkiyələrində tapmaq mümkündür.

Qeyd olunur ki, Şeyx Sirhindinin Türkiyədə keçirdiyi dövr və ya türk səyyahlarla bilavasitə əlaqəsi haqqında çox az məlumat var. Osmanlı arxivlərindən əldə edilən sənədlər 19-cu əsrə aid ayrı-ayrı məlumatları bir araya toplamağa imkan verir.

Məqalələrdən birində deyilir: “Bağdadlı məşhur sufi Xalid-i Şəhrazuri hindli səyyah və ruhani Mirzə Rəhimullah Əzimabadi ilə görüşüb. Əzimabadi ona İmam Rəbbani və onun şagirdi Abdullah Dihlevi haqqında danışıb. Şəhrazuri vaxt itirmədən 1809-cu ildə Dehliyə gedib və İmam Rəbbaninin şagirdlərinin, xüsusən də Dihlevinin məclislərində iştirak edib. O, bir ildən çox İmam Rəbbaninin təlimlərini öyrənib. Şəhrazuri 1813-cü ildə Bağdada qayıdıb. Osmanlı arxivlərinə görə, Dihlevi də öz müridlərini Anadoluya təqiyyələr yaratmaq üçün göndərirdi”.

Eynilə, Sirhindinin ailə üzvlərinin, məsələn Xəlil Əfəndi və Şeyx Məsuminin Osmanlı sultanları tərəfindən dövlət qonaqpərvərliyi görmələri ilə bağlı hekayələr var idi.

Cənab Quadri yazır ki, Ruminin əsərləri sadəcə müsəlman fəqihinin və mistikin fars dilində yazdığı ədəbi əsərlər deyil – onlar linqvistik, dini və mədəni sərhədləri aşaraq müxtəlif sivilizasiya və mədəniyyətləri təmsil edən xalqlara xitab edir.

O qeyd edib ki, Ruminin “Məsnəvi”si (farsca variantı) ilk dəfə 1835-ci ildə Qahirədə çap olunub. Lakin Hindistana Ruminin əsərləri bundan daha əvvəl çatıb. Çişti sufi təriqətinin böyük müəllimi Həzrət Nizaməddin Əvliyə XIV əsrdə Ruminin “Məsnəvi”sinə təfsir yazıb.

“Müasir dövrdə Ruminin Hindistan mədəniyyətinə ən böyük təsiri Rumini özünə mənəvi bələdçi və “eşq karvanının şahzadəsi” hesab edən şair və filosof Məhəmməd İqbalın yaradıcılığında öz əksini tapır” yazan müəllif qeyd edir ki, “Bhakti” ənənəsinin şairləri və müqəddəsləri öz sufi həmkarları kimi həmişə Ruminin fikirlərinə meylli olmuşlar və Rumi bu gün də bir çox neo-dini hərəkatları, məsələn “Radhasvami” hərəkatını ruhlandırmağa davam edir. Onun farsca misraları “Dhrupad” janrında musiqinin müşayiəti ilə oxunan zaman sözlərin və ritmin unikal birləşməsi baş verir.

“Doktor Şukla “Nişabd Nupur” kitabının müqəddiməsində yazır: “Rumi “varlığın vəhdəti” ideyasını müdafiə edir, bu isə nifrətin aradan qalxmasına gətirib çıxarır və sevgini qaçılmaz edir”. Bu mesaj hazırda olduğu kimi heç bir vaxt bu qədər aktual olmamışdır. O, təkcə ölkələri bir-birinə bağlamayacaq, insanları bir varlığda, bir vücudda birləşdirəcək”, - məqalənin sonunda qeyd olunur.