Niderland mətbuatıda azərbaycanlı xanımlar haqqında silsilə məqalələr dərc edilib.
“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevanın hafta.az-a verdiyi məlumata görə, Hollandiyada işıq üzü görən For You jurnalı ilə artıq bir ildir ki, əməkdaşlıq haqqında müqavilə imzalanıb. Mayisə xanım qeyd edib ki, bu jurnalla tanışlığımız Hollandiyada yaşayan bir xanım həmyerlimizin sayəsində oldu:
“Mənim, həmin xanımın müsahibəsindən sonra jurnal azərbaycanlı qadınların fəaliyyətindən xəbərdar olaraq iki illik müqavilə imzalamağı təklif etdi. Təbii ki, bu da bizi sevindirdi və Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə razılıq verdik. Qeyd etmək istəyirəm ki, jurnalda Niderlandda yaşayan, Birliyimizin üzvü, Real TV-nin Avropa Bürosunun rəhbəri Xatirə Sərdarqızının 28 il sonra Şuşaya qayıdışından bəhs edən “28” filmi və onun Şuşada itirdiyi uşaqlığı haqqında müsahibəsi, burda uşaq bağçasında müəllimə işləyən birliyimizin üzvü Təranə Zamanovanın Azərbaycan ailələrində uşaq tərbiyəsi haqqında, "Simons Levelt" şirkətinin Haaqadakı təmsilçilərindən biri, Sahibkar xanım Nahidə Bayramovanın Azərbaycan çay mədəniyyəti haqqında, tərcüməçi-hüquqşüunas Sevinc Əfəndiyevanın müsahibələri dərc olunub. Jurnalın bu ay dərc olunan növbəti sayında isə Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın Azərbaycan milli geyimləri haqqındakı müsahibəsi dərc olunub”.
Qeyd edək ki, jurnal ildə dörd dəfə dərc olunaraq pulsuz paylanılır.