Onlayn ticarətlə bağlı yeni mədudiyyətlər nə dərəcədə əsaslıdır? - AKTUAL

15:32 25.08.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bir neçə gün öncə Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Baş Nazir Əli Əsədovun imzaladığı və sentyabrın 20-də qüvvəyə minəcək qərara əsasən, bundan sonra ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi.

Həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.

Qərarda həmçinin deyilir ki, 2 ildən az olmayaraq diplomatik nümayəndəliklərdə və konsulluqlarda xidmət etmiş, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin və konsulluqların mühafizəsini həyata keçirən hərbi qulluqçular tərəfindən müvafiq olaraq Xarici İşlər Nazirliyi və xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən dövlət orqanı tərəfindən xarici ölkəyə ezam olunmuş əməkdaşın təyinat və geri çağırılma əmrlərinin təsdiq olunmuş surətləri gömrük orqanına təqdim edilməklə, onların xaricdə işlədikləri dövrdə əldə etdikləri vəsaitin və əmlakın, o cümlədən ümumi gömrük dəyəri 40 000 ABŞ dollarının ekvivalenti məbləğindən və mühərrikin həcmi 3 000 kubsantimetrdən artıq olmayan bir ədəd avtonəqliyyat vasitəsinin (avtonəqliyyat vasitəsinin dəyərinin ödənilməsi haqqında sənəd, avtonəqliyyat vasitəsinin bir il müddətində özgəninkiləşdirilməməklə sahibliyi, həmçinin avtonəqliyyat vasitəsini idarə etmək hüququ istisna olmaqla üzərində digər sərəncam verməmək barədə avtonəqliyyat vasitəsi sahibinin öhdəliyinə dair sənəd təqdim olunmaqla) gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmur. İndiyə qədər bu məsələlərdə limit olmayıb.

İstehlakçı hüququ pozulur

Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı-ekspert Azər Mehtiyev deyib ki, bu qərar ancaq inhisarçı qrupların maraqlarına xidmət edir: “Elektron ticarət dünyanın hər yerində geniş yayılmış ticarət formasıdır. İnsanların bu formada alış-veriş etməsi də normal bir şeydir.

Dövlət Gömrük Komitəsi yeni qərarın Türkiyə, Avrova ölkələri ilə müqayisəsini apararaq doğru olduğunu əsaslandırmağa çalışır. Amma bu müqayisənin özü yanlışdır. Çünki Komitənin nümunə göstərdiyi ölkələrdə yerli istehsal mövcuddur və insanların geniş seçim imkanı var. Azərbaycanda yerli mallar olmadığına görə, əhali xüsusilə texnoloji avadanlıqları, telefon aparatlarını, geyim məhsullarını xaricdən almağa məcburdur. Sual oluna bilər ki, həmin xarici məhsullar Bakıda satıldığı təqdirdə, vətəndaş niyə alış-verişini Azərbaycandan deyil, xaricdən sifariş edir? Həm gömrük rüsumlarının çox olması, həm də o qədər yüksək qiymət qoyulur ki, əhalinin böyük əksəriyyəti onu almaq iqtidarında olmur.  Bunun qarşısını almaq uçün elə bir qərar verirlər ki, insanları ölkə daxilindən alış-veriş etmək məcburiyyətində qalır”.

Ekspert vurğulayıb ki, beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 dollar məbləğində mallara görə gömrük rüsumunun tutulmaması dəyişikliyi də istehlakçı hüququnun pozulması deməkdir: “Bildiyimiz kimi, indiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi. Yeni dəyişikliklə bu məbləğ həm 300 dollara qədər azaldılıb, həm də bu limitdən ayda yalnız 1 dəfə istifadə etmək məhdudiyyəti qoyulub. Yəni limiti azaltmaqla bərabər həm də ondan istifadə hüququna məhdudiyyət tətbiq olunub. Bu istehlakçı hüququnun birbaşa pozulmasıdır. Çünki insanların həmin 300 dollarlıq limiti bir dəfəyə istifadə etmək, yəni, 500 manatlıq alış-veriş etmək imkanı yoxdur. Hazırkı vəziyyətdə Azərbaycan əhalisinin böyük əksəriyyətinin gəlirləri hamıya məlumdur. İndiki şəraitdə insanlar bu məbləği ay ərzində 50, 100 dollara bölərək istifadə edirlər. Ona görə də vətəndaşa bu limitdən ay ərzində bir neçə dəfə istifadə etmək hüququ verilməlidir. İndiki qərar həm də insanların seçim azadlığına müdaxilə etməkdir”.

Sözügedən dəyişikliyə hökümətin yenidən baxa biləcəyi ehtimalının olub-olmamasına gəlincə, A.Mehtiyev bildirib ki, bu məsələyə ölkə Prezidentinin müdaxilə etməsinə ehtiyac var: “Düzdür, hazırda bununla bağlı çoxsaylı narazılıqlar var. Amma hökümətin həmin narazılıqları nəzərə alacağına inanmıram. Hazırda hökümət qaşısında duran planları icra etmək niyyətindədir. Yalnız ölkə Prezidentinin müdaxiləsi olacağı təqdirdə, vəziyyət dəyişə bilər. Yəni, dövlət başçısı bu məsələlərlə bağlı ciddi tələb qoymasa, məmurlar özlərinə sərf edən qərarlar qəbul etməkdə davam edəcəklər”.

Limitlərə yenidən baxılması və optimallaşdırılması zəruri sayılır

Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da deyib ki, təxminən bir ay sonra qüvvəyə minəcək sözügedən qərarda limitlərin kəskin endirilməsi nəzərdə tutulub:

“Nəzərə alsaq ki, 1500 dollarlıq aylıq limit 800 dollara, poçt xidmətləri ilə birdəfəlik sifariş 1000 dollardan 300 dollara endirilib, praktiki olaraq bu, 3 dəfədən çox azalma deməkdir. Dövlət Gömrük Komitəsinin arqumentləri ondan ibarətdir ki, şəxsi istehlak üçün sifariş verilən mallar daha sonra satışa çıxarılır, vergidən yayındırılır, nəticə etibarilə bunun izlənilməsi də çətin olur. Ona görə də biz Avropa İttifaqı ölkələrində olduğu kimi, şəxsi istehlak üçün gətirilən malların istehlak bazarına daxil olmasının qarşısının alınması ilə bağlı yeni mexanizm hazırlanmasını təklif edirik. Xüsusən belə malların satışına görə cərimələrin və inzibati məsuliyyətin ağırlaşdırılması da nəzərdə tutula bilər ki, şəxsi istehlak üçün nəzərdə tutulan mallar daha sonra istehlak bazarında satılaraq vergidən yayınmasın. Amma biz bütövlükdə təklif edirik ki, bu tip limitlər azaldılan zaman mərhələli azaldılma baş versin və kəskin azaldılmalara gedilməsin. Bütün hallarda Nazirlər Kabineti tərəfindən limitin 3 dəfədən çox azaldılması məqsədəuyğun deyil. O baxımdan bu limitlərə yenidən baxılması və limitlərin optimallaşdırılması daha məqsədəuyğun olardı”.

Millət vəkili qeyd edib ki, hər zaman istinad etdiyimiz inkişaf etmiş və ya Avropa İttifaqına üzv ölkələrdə limitlərin çox nadir hallarda 3 dəfədən çox azaldılması və ya artırılması baş verir: “Adətən, limitlər mərhələli şəkildə dəyişdirilməlidir. Çünki həm həmin fəaliyyətlə məşğul olanlar öz fəaliyyətlərini, işlərini planlaşdırsınlar, həm də xüsusən şəxsi istehlak malları sifariş verənlər bu limitlərə uyğunlaşsınlar. Bununla da limitlərin mərhələli azaldılmasının təsirlərini müəyyənləşdirmək mümkün olsun. O baxımdan optimal dəyişikliklər daha məqsədəuyğun olardı. Bizim təklif də ondan ibarətdir ki, limitlərin kəskin azaldılması deyil, mərhələli şəkildə dəyişdirilməsi həyata keçirilsin. Bununla, limitlərin dəyişdirilməsinin şəxsi istehlaka təsirlərini qiymətləndirmək mümkün olsun. Ona görə də daha məqsədəuyğun olardı ki, Nazirlər Kabineti və Dövlət Gömrük Komitəsi tərəfindən mövcud limitlərin belə kəskin azaldılması həyata keçirilməyəydi. Düşünürəm ki, bu baxımdan həmin limitlərə yenidən baxılıb optimallaşdırılması mümkündür”.

Komitə bu sahədə qaçaqmalçılıq hallarının artdığını bəyan edir

Yeri gəlmişkən, Dövlət Gömrük Komitəsi də sözügedən dəyişikliklərlə bağlı məlumat yayıb. Qurumdan hafta.az-a verilən məlumata görə, bu qərar ölkənin bəzi kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə yanlış şərh edilərək ictimaiyyət arasında müəyyən anlaşılmazlıqlara səbəb olub:

“Qeyd edək ki, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin əsas məqsədi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və təhlükəsizliyinin, daxili bazarının qorunmasında, dövlətin iqtisadi siyasətindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsində iştirak etməkdən ibarətdir. Aparılmış iqtisadi təhlilin nəticəsi olaraq müəyyən edilib ki, son illər fiziki şəxslərin özləri tərəfindən, gömrük ərazisinə gətirilən malların ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd göstərilməklə həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınma, həmçinin qeyd olunan malların qaçaqmalçılığı halları artıb. Bununla yanaşı, müəyyən edilmiş hədlər və miqdar daxilində idxal olunan malların gömrük ödənişlərindən azad olunması daxili bazarda həmin malların dövriyyəsinin artması ilə yanaşı, ölkə üzrə illik idxal dövriyyəsinin azalmasına, bəzi hallarda analoji malları rəsmi qaydada idxal edənlərin müflisləşməsinə səbəb olurdu.

Bundan əlavə fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində gömrük ərazisinə güzəştli qaydada gətirilmiş mobil telefon və digər simsiz rabitə avadanlıqlarının ticarət şəbəkələrinə yönəldilməsi hallarının çoxalması və nəticədə gömrük ödənişlərindən yayınmaqla qeyri-qanuni ticarətə meyllərin artması, həmçinin mobil telefonlarının daimi olaraq qaçaqmal şəkilində ölkə ərazisinə gətirilməsi cəhdlərinin tam aradan qaldırılması məqsədilə müvafiq qabaqlayıcı tədbirlərin görülməsi zərurəti yaranmışdı.

Beynəlxalq təcrübə olaraq, məsələn Türkiyə Respublikasının qanunvericiliyinə əsasən qeyri-kommersiya məqsədləri üçün eyni fiziki şəxs tərəfindən 2 (iki) təqvim ilində yalnız 1 (bir) ədəd telefon aparatları, mobil və ya başqa simsiz rabitə şəbəkələri üçün telefon aparatları gömrük ərazisinə gətirilə bilər və həmin telefon aparatları 1 (bir) təqvim ayı ərzində həmin dövlətin müvafiq qurumlarında mütləq qaydada qeydiyyata alınır.

Avropa İttifaqına daxil olan ölkələrin qanunvericiliyinə əsasən fiziki şəxslər tərəfindən Birliyə daxil olan ölkələrə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 300 avroyadək təşkil edir.

Dünya praktikasına nəzər yetirdikdə fiziki şəxslər tərəfindən poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limitinin də kifayət qədər aşağı olduğu görünür. Belə ki, bəzi ölkələrə nəzər yetirdikdə güzəşt məbləğinin Rusiyada Federasiyasında 200 avro, Belarusda 200 avro, Gürcüstanda 300 Lari (125 dollar) və 30 kiloya qədər çəki, Moldovada 200 avro (30 kilo), Ukraynada 100 avro (31 kilo), Türkiyədə isə 150 avro olduğu müşahidə olunur. Avropa Birliyinin əksər ölkələrində isə 22 avroya qədər poçt bağlamaları heç bir gömrük ödənişi olmadan ölkə ərazisinə gətirilə bilər. Dəyəri 22 avro ilə 150 avro arasında olan poçt bağlamaları üçün isə yalnız ƏDV tutulur. Bu miqdar Yunanıstanda 15-20 avro, İspaniya və Fransada isə 50 avrodur. Əgər bağlamanın dəyəri 150 avrodan çoxdursa, o zaman ƏDV və qeydiyyat rüsumlarına əlavə olaraq malların kateqoriyasından asılı olaraq gömrük rüsumları da tutulur”.

Qurumda hesab edirlər ki, dəyişikliyin qəbulu fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilməsinin təkmilləşdirilməklə büdcə daxilolmalarında da mühüm rol oynayacaq: “Lakin bəzi sosial şəbəkə istifadəçiləri edilən dəyişikliklərin guya inhisarçılığa şərait yaradacağına, elektron ticarətin inkişafına əngəl törədəcəyinə dair fikirlər irəli sürür, ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyirlər. Birmənalı olaraq qeyd edirik ki, bu kimi fikirlərin heç bir əsası yoxdur, əksinə bu qərar bəzi inhisarçı qrupların qeyri-qanuni əməllərinin qarşısını almağa yönəlib ki, həmin insanların  narazılığı da başa düşüləndir”.