Şuşa dünyanın “ən böyük şəhəri”dir. Ermənistan silahlı qüvvələrinin vəhşiliyi nəticəsində ağır dövrünü yaşayan Şuşa bu gün Prezidentin nəzarəti ilə bərpa prosesini keçir. Prezident Şuşa səfərindəki çıxışı və Şuşanın azad olunandan sonra keçdiyi bərpa yolu ilə birlikdə dünyaya yeni mesajlar verdi.
Bu fikirəri hafta.az-a Şuşa Şəhər Mədəniyyət və Turizm İdarəsinin keçmiş rəhbəri Zahid Abbasov deyib:
"Şuşada 8 Noyabr zəfərinin əhəmiyyəti, xalqımızın qəhrəmanlıq ruhunun təntənəsindən bəhs edən ölkə başçısı Şuşa qələbəsindən sonra Azərbaycanın “Şuşa İli”ndə görülən tədbirlərinə diqqət çəkib. Zəfərdən sonra geridə qalan bu aylar Şuşanın bərpası, irəliləməsi yolunda atılan addımlar davam edir.
Hazırda Şuşadayam. Ermənilərin dağıdıb viran qoyduğu abidələri ürək yanğısı ilə izləyirəm. Buna baxmayaraq şükür edirik ki, bu gün torpağımızdayıq. Şuşada tikinti işləri gedir, məhəllələr təzələnir. Həm yenilik var, həm də köhnə tarixi abidələr bərpa olunur. Şuşada quruculuq işləri uğurla aparılır. Bir şuşalı, bir ağsaqqal kimi görülən işləri bəyənirəm. Şuşaya yenidən ruh gəlir. Müəyyən layihələr çərçivəsində buna da az-çox nail olunub.
Ermənilər bizim bütün tarixi abidələrimizi dağıdıblar, çox abidələr zədələnib, bir çoxları isə ümumiyyətlə yox edilib. Bütün abidələrimizin hamısında, demək olar ki, erməni caynağının izləri var. Ona görə də elə abidələr var, restovrasiya olunacaq, elələri də var, yenidən tikilməlidir. Bunun üçün hökumətimiz müəyyən işlər görür.
Sizinlə danışan zaman Şuşada dünya memarlıq incisi olan Hacı Quluların binasının yanındayam. Binanı darmadağın ediblər. Təsəvvür edin, elə bir tarixi, memarlıq arxitekturası olan binalar çox azdır. O bina İtaliyada yerləşən Kolizey binası kimi möhtəşəmdir. Ermənilər onu elə yaralayıblar ki, təmir etmək də mümkün deyil, nə də onun kimi yenisini tikmək də çox çətindir. Bu saat qarşında dayandığım Çuxur Məhəllə Məscidini tamamilə dağıdıblar. Amma quruculuq işləri gedir. Möhtərəm Prezidentimiz yenə Şuşada oldu. Bəli, Prezidentin nəzarəti ilə Şuşa tamamilə yenilənir, çox işlər görülüb.
May ayı ərzində çox açılışlar olacaq. Bu dəfə Şuşada olmamızın səbəbi tarixi abidələrin, Şuşa haqqında kitabın hazırlanması ilə bağlıdır. 20 gündür Şuşadayıq, artıq Realnı Məktəbinin təməli qoyulub. Digər orta məktəb, xəstəxana, məscid tikilir, kabelləşmə gedir. Telefonlar işləyir. Abadlıq-bərpa işləri görülür. Bir dəfə Firudin Şuşinskidən soruşublar ki, dünyanın ən böyük şəhəri hansıdır? Cavab verib ki, Şuşa. Deyiblər: necə Şuşa ola bilər ki, Şuşa ən balaca ərazisi olan yerdir. Cavab verib ki, eşidirəm Şuşanı 200 ildir tikirlər, hələ tikib qurtarmayıblar. Bir ucdan tikirik, bir ucdan mənfur qonşular dağıdır. Prezidentimiz yenə Şuşaya gəldi. Küçələri bir-bir gəzir, abidələrə baxır. Tam əminliklə deyirəm ki, işlər daha yaxşı gedir. İnşAllah, bərpa işləri uğurla bitəcək”.