Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyi Dubay Turizm Departamenti, FlyDubai şirkəti, Voyager Group və AviaPartner şirkəti ilə birgə BƏƏ-nin turizm sektorunda investisiya imkanlarını təqdim edib.

Hafta.az-ın yazdığına görə, 30-dan çox turizm şirkətinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd əl-Bluşi turizmin təkcə səyahətdən ibarət olmadığını, eləcə də insanları və mədəniyyətləri birləşdirdiyini deyib. Səfir, həmçinin turizmin iqtisadiyyatın mühüm sahələrindən biri olduğunu vurğulayaraq, iştirakçılara BƏƏ-nin sərmayə üçün əlverişli qanunvericiliyi, iş adamları üçün çox münasib vergi qaydaları, BƏƏ hökumətinin xarici investorlar üçün yaratdığı əlverişli mühit barədə məlumat verib.
Səfir əl-Bluşi qeyd edib ki, səfirlik BƏƏ ilə Azərbaycan arasında turizm əlaqələrinin gələcəyi üçün əməkdaşlığı dəstəkləməyə, ideyaları bölüşməyə və güclü tərəfdaşlıq əlaqələri qurmağa hazırdır.
Tədbir şəbəkələşmə və müzakirələrlə davam edib.