«Əsa»ya söykənən ümidlər... - REPORTAJ

19:16 16.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Teatr deyəndə, yəqin ki, təsəvvürünüzdə səhnəsi böyük, yüzlərlə tamaşaçı tutumuna malik məkan canlanır. Mənim üz tutduğum “Əsa” teatrı sahəsi kiçik, xüsusi binası olmayan bir incəsənət yuvasıdır.

Qeyd edək ki, «Əsa» teatrını digərlərindən fərqləndirən başlıca cəhət buradakı kollektivin əksər hissəsinin əlilliyi olan şəxslərdən ibarət olmasıdır.  

Bu dəfə yolumuzu bu teatrdan saldıq. Görəsən, bu kiçik teatrın fəaliyyətini kim, necə davam etdirir? Maliyyə dəstəyi varmı?

Bu kimi sualların cavabını məhz teatrın rəhbərliyindən və aktyorlarından aldıq.

Əvvəlcə teatrın foyesində oturub ətrafı müşahidə etdik. Kiçik mətbəxi, geyim otağı, məşq zalı var idi. 6-7 nəfərdən ibarət olan aktyor heyətinin məşqqabağı səmimi söhbətləri diqqətimizi çəkdi.

Teatrın gənc aktirisası, 26 yaşlı Cəmilə Məmmədli “Əsa” teatrı haqqında fikirlərini bizimlə bölüşdü. Bildirdi ki, hazırda Molyerin “Xəsis” ssenarisi əsasında “And” tamaşası üzərində işləyirik: 

“Daha çox klassik əsərlərə müraciət edirik. Hazır pyeslərdən istifadə etsək, yenə də quruluş veririk. İlk tamaşamız anşlaqla keçib. Rus Dram Teatrından, musiqili teatr, Azərbaycan Dövlət Dram Teatrında da tamaşalarımız baş tutub.Təbii ki, bütün bunlar çox çətinliklə başa gəlib”.

Aktrisanın sözlərinə görə, teatrın əsas maliyyə mənbələrindən biri biletlərin satışından gələn gəlirdir.

Cəmilə xanım teatrın fəaliyyət göstərdiyi məkandakı çətinliklərdən söz açdı. Bildirdi ki, teatr binasının balaca pilləkənləri ilə qalxıb-enmək çox çətindir: “Təbii ki, bu da büdcə ilə əlaqəlidir. Maliyyə olsa, öz binamız da olar. Əlilliyi olan insanlar rahat hərəkət edə bilərlər. Aktyorlar arasında tək əlil arabasına məhkum olanlar yox, həm də görmə məhdudiyyətli, boyukiçik, ayaqlarında problem olanlar da var. Məşq zalımız da çox kiçikdir”.

Biz də ilk inklüziv teatr – Əsa Teatrının hazırda Molyerin komediya janrında yazdığı “Xəsis” əsəri  üzərində “And” tamaşasının məşqini izlədik.

İlk olaraq qeyd edək ki, əngəlli aktyorların səhnədə davranışları heç də digərlərindən geri qalmırdı. Onların bir-birlərinə olan səmimi zarafatları, davranışları bizi heyran etdi.

Tamaşanın rejissoru Nihad Qulamzadə ilə də söhbətimiz maraqlı alındı.

Rejissor deyir ki, teatr əvvəlcə 5 nəfərlik aktyor heyəti ilə fəaliyyətə başlasa da, zaman keçdikcə onların sayı 30 nəfəri keçib:

”Əvvəl məşq otağımız gördüyünüz bu zaldan da kiçik idi. Tamaşa bitdikdən sonra əşyaları mətbəxə yerləşdirirdik. Demək olar ki, bu proses hər gün davam edirdi. Həqiqətən çox çətin idi”.

N.Qulamzadə tetrın maliyyəsi haqqında danışdı. Bildirdi ki, layihəni çox cuzi miqdarda vəsaitlə ərsəyə gətirib. Bu kiçik məvacib onlar üçün çox vacib olub:

“Teatrın baş meneceri Nicat Qulamzadə özəl şirkətdə işləyirdi. Bizim tamaşa hazırlamağımız üçün aldığı məvacibi büdcəyə əlavə etdi. Həmin məbləğ 350-500 manat təşkil edirdi. Bəlkədə,həmin məvacib olmasaydı, indi “Əsa” teatrı da olmazdı”.

Rejissor Nihad Qulamzadə qeyd ki, bir sıra özəl qurumlar eləcə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onlara tamaşa hazırlamaq üçün maliyyə dəstəyi göstərib. Amma həmin tamaşaların növbəti dəfə nümayişi çətin olur. Nəticə də bir dəfə nümayiş etdirilən tamaşalar bəzən uzun müddət oynanılmamış qalır: “Belə olduğu halda məşqlərimiz dayanır. Bir sıra aktyorlar bizi tərk etməyə məcbur olurlar. Başqa özəl yerlərdə çalışanlar da var. Bu cür problemlərə görə,işlərimizi planlı şəkildə həyata keçirə bilmirik». Rejissorun sözlərinə görə, nə qədər özəl qurumların, dövlətin dəstəyi olsa da, «Əsa» teatrında var olan problemlər aktuallığını hələ də saxlayır.

Nihad Qulamzadə teatra müraciət edənlərin çox olduğunu da dedi. Şəraitsizlikdən onlara müsbət cavab verilmir. Həmçinin daimi məkanları olmadığından tamaşanı harada oynacaqlarını da bilmirlər.

Buna baxmayaraq, onlar həvəsdən düşmürlər. Rejissorun sözlərinə görə, o qədər əziyyət çəkmişik ki,danışanda istəyirik, onu kitab halına salaq: “Bəlkə də film çəkmək olar. Hərdən özümüz-özümüzə təəccüb edirik. Bu qədər çətin yollardan keçmişik.Teatrla məşğul olan şəxs belə problemlər yaşamamalıdır, biz bunu yaşamışıq. Bunu dövlətin diqqətini çəkmək üçün demirəm.Hər zaman bir məqsədimiz olub. Cəmiyyətə, mədəniyyətə, dövlətə xidmət etmək”.

Kiçik zalda məşq edən, böyük səhnələrdə yer alan “Əsa” teatrının yetərincə tamaşaçısı var. İlk dəfə səhnədə canlı nümayiş zamanı film effekti olan “flash back” dan istifadə etməklə teatr tarixinə düşüb.

Nihad Qulamzadə qeyd edir ki, tamaşaçı kütləsi çoxdur: “Biz Opera Balet Teatrında bir neçə dəfə tamaşa oynamışıq. Hətta Naxçıvanda tamaşa oynayanda yer olmadığından, 180 nəfər geriyə qayıtmışdı”.

Rejissor deyir ki, bəzən fəaliyyətimizdə durğunluq yaranır. Buna rəğmən tamaşaçı sevgisi yetərincə var: “Çox zaman izləyicilər facebook səhifəsinə suallar yazırlar ki, niyə səhnəyə yeni əsərlər qoymursunuz?”. Belə çıxır ki, tamaşaçılar özəl, dövlət qurumlarından daha çox narahatdılar. Təəssüf ki, vaxtlı-vaxtında tamaşa hazırlamaq “Əsa” teatrı üçün asan olmur».

Rejissor ümid edir ki, 2020-ci ildə problemlərin böyük qismi həll olunacaq.

Bu gün dövlət səviyyəsində mədəniyyətin bütün sahələrində olduğu kimi, teatr sahəsində də diqqət və qayğı hissedilən dərəcədədir. Lakin müşahidələrimiz və kollektivlə danışıqlardan da aydın olur ki, cəmiyyətin ən həssas kateqoriyası sayılan əlilliyi olan şəxslərin özlərini sübut etmək, cəmiyyət üçün yararlı ola biləcəklərini isbatlamaq məqsədilə üz tutduqları «Əsa» teatrına bu dəstək yetərincə deyil. Hazırda məşq etdikləri binanı belə icarəyə götürüblər. Onlar hər an olduğu yerləri tərk edə bilərlər.

Biz də «Əsa» kollektivi kimi əlaqədar qurumların onların səsinə səs verəcəyinə ümid edirik.

Şahnun Qasımova

Oxunma sayı