Azərbaycanda erməni təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin salınmış insanların taleyi, onların sosial müdafiəsinin təmin edilməsi daim dövlətin diqqət mərkəzində olub. Bu məsələlərlə bağlı müxtəlif qanunlar qəbul edilib, sərəncam və qərarlar imzalanıb. Doğma torpaqlarından didərgin düşən məcburi köçkünlərin imtiyazlarından biri də təhsilhaqqı ilə bağlıdır. Belə ki, uzun illərdir dövlət ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrinə ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin təhsilhaqqı büdcə vəsaiti hesabına ödənilir.
Bir neçə ildir ki, Qarabağa mərhələli şəkildə köç başlayıb və artıq işğaldan azad olunmuş ərazilərə 50 minə yaxın insan qayıdıb. Maraqlıdır, yeni vəziyyət keçmiş məcburi köçkünlərin təhsilhaqqı məsələsinə necə təsir göstərəcək? Köçkünlərə təhsilhaqqı ilə bağlı şamil olunan imtiyazlar nə vaxtadək davam edəcək?
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov xatırladıb ki, Azərbaycanda məcburi köçkün statusuna malik tələbələrin təhsilhaqqı dövlət büdcəsi hesabına qarşılanır: “Bu güzəşt, 1990-cı illərin əvvəllərindən başlayaraq, məcburi köçkünlərin sosial müdafiəsini təmin etmək məqsədilə tətbiq olunub və hazırda da qüvvədədir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanununun 6-cı maddəsinə əsasən, məcburi köçkün statusuna malik şəxslər dövlət hesabına ödənişsiz təhsil almaq hüququna malikdirlər. Bu hüquq həm məktəbəqədər, orta, həm də ali təhsil pillələrinə şamil olunur. Təhsil Nazirliyinin rəsmi məlumatına görə, 2023–2024-cü tədris ilində 10 mindən çox məcburi köçkün tələbənin təhsilhaqqı dövlət tərəfindən ödənilib. Bu tələbələrin böyük əksəriyyəti ödənişli əsaslarla universitetlərdə təhsil alır və bu dəstək onlar üçün real sosial müdafiə mexanizmidir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Elm və Təhsil Nazirliyinin 2023-cü ildə verdiyi açıqlamaya əsasən, bu güzəşt daimi deyil, yəni yalnız “məcburi köçkün statusu”na malik şəxsləri əhatə edir. Həmin açıqlamada qeyd olunur ki, “yaşayış üçün daimi olaraq doğma torpaqlarına qayıdan şəxslərin məcburi köçkün statusu ləğv edilir” və bu statusa bağlı olan imtiyazlar da mərhələli şəkildə dayandırılır. Bu, o deməkdir ki, qayıdış prosesi tam başa çatdıqdan və şəxs rəsmi şəkildə daimi qeydiyyata düşdükdən sonra təhsilhaqqı güzəştindən məhrum ola bilər”.
Ekspert vurğulayır ki, hazırda qayıdışlar mərhələli şəkildə aparılır və yaşayış infrastrukturunun tam formalaşması üçün zaman tələb olunur: “Dövlət bu keçid dövründə məcburi köçkün statusunu qoruyur və təhsilhaqqı dəstəyi də hələ qüvvədə saxlanılır. Amma bu, ötəri bir mərhələdir və gələcəkdə həmin güzəştlərin davamlı olub-olmaması statusun hüquqi əsasları və şəraitin dəyişməsi ilə bağlı olacaq. Bu isə valideynlər və tələbələr üçün planlaşdırmanı çətinləşdirən və sosial sabitliyə təsir göstərə biləcək bir məsələdir.
Müsbət tərəf ondan ibarətdir ki, bu güzəşt uzun illər ərzində minlərlə tələbəyə ali təhsil imkanı yaradıb. Xüsusilə, iqtisadi çətinliklərlə üzləşən ailələr üçün övladlarının təhsilhaqqının ödənilməsi dövlətin onlara verdiyi ən vacib sosial dəstək alətlərindən biri olub. Bu mexanizm sosial ədaləti təmin etməklə yanaşı, həm də bu kateqoriyadan olan gənclərin cəmiyyətə inteqrasiyasına, dövlətə bağlılığının güclənməsinə müsbət təsir göstərib. Bir çox hallarda bu gənclər yüksək nəticələrlə dövlət qulluğuna qəbul olunublar və müxtəlif sahələrdə fəaliyyət göstərirlər.
Digər tərəfdən, mənfi tərəf ondan ibarətdir ki, bu güzəştin gələcəkdə ləğv olunması artıq təhsil sistemində yeni sosial yük yarada bilər. Torpaqlarına qayıdan ailələrin əksəriyyəti hələlik tam iqtisadi dayanıqlığa malik deyil. Onların bir qisminin həyat şəraiti, iş imkanları və gəlir mənbələri formalaşmayıb. Bu halda güzəştin birdən-birə ləğv edilməsi yeni sosial narazılıqlar doğura bilər. Dövlət bu məsələni keçid modeli ilə, mərhələli şəkildə tənzimləməlidir: məsələn, status ləğv olunsa belə, tələbə təhsilini başa vurana qədər əvvəlki hüquq qüvvədə qalmalıdır”.
K.Əsədov bildirib ki, dünya təcrübəsində, xüsusilə Bosniya və Herseqovina, Kolumbiya və Gürcüstanda məcburi köçkün statuslu şəxslər üçün təhsil dəstəyi proqramları həyata keçirilir: “Gürcüstanda məsələn, qayıdışdan sonra 3 il müddətində dövlət tərəfindən təhsil və kommunal güzəştlər qüvvədə saxlanılır ki, bu da adaptasiya prosesini yumşaldır. Bu model Azərbaycan üçün də uyğun ola bilər. Qanunvericilikdə də bu istiqamətdə dəyişiklik edilərək, qayıdan məcburi köçkünlərin sosial müdafiəsinin bir müddət saxlanılması hüquqi təminata alınmalıdır.
Yekunda vurğulamaq lazımdır ki, bu gün məcburi köçkün statusuna malik tələbələrin təhsilhaqqının dövlət tərəfindən ödənilməsi qüvvədədir və bu hüquq onların qeydiyyatda olduğu məcburi köçkün statusu bitənədək davam edəcək. Bu məsələ yalnız hüquqi aspektdə deyil, insani, sosial və strateji baxımdan da həssasdır. Odur ki, qərarlar təkcə qanunlara deyil, həm də real həyat şərtlərinə əsaslanmalı, mərhələli və ədalətli şəkildə icra olunmalıdır. Təhsil hüququ yalnız sosial dəstək deyil, həm də gələcəyin təməlidir”.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Elşən Qafarov deyib ki, müvafiq qanunvericiliyə əsasən, məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulub: “Bildiyimiz kimi, artıq 2021-ci ildən azad olunmuş ərazilərə köç başlayıb. Hazırda qayıdış mərhələli şəkildə davam edir. 700 mindən artıq məcburi köçkündən yalnız 50 minə yaxın şəxs azad olunmuş ərazilərə köçüb. Keçmiş məcburi köçkünlər həmin ərazilərə qayıtdıqdan sonra onların məcburi köçkün statusu qüvvədən düşür. Nəticədə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən də məhrum olunurlar. Əvəzində işğaldan azad olunmuş ərazilərdə məskunlaşma ilə bağlı 2023-cü ildə qəbul edilmiş qanunvericiliyə uyğun olaraq onlar üçün əlavə sosial tədbirlər həyata keçirilir. Bu baxımdan azad olunmuş ərazilərə köçən insanların əvvəlki kimi məcburi köçkün statusu olmadığına görə nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə edə bilməyəcəklər. Hazırda yalnız həmin ərazilərə köçməyən insanlar məcburi köçkün statusunu saxlayırlar və müvafiq imtiyazlardan, o cümlədən təhsilhaqqı güzəştindən yararlanırlar”.