“Hazırda bölgələrdə iki nəfərlik istirahət paketinin qiyməti 1200-2500 manat arasında dəyişir. Bu paketə 2 gecə - 3 gün olmaqla hər şey daxildir. O cümlədən yeni il axşamı qalası, restoranda əyləncə və sair. Qeyd etdiyim paket böyük otellərin təklifidir. İstər Lənkəran, istər Qalaaltı, istər Şamaxı, istərsə də Qəbələdə qiymətlər bu civarda dəyişir. Daha uyğun qiymətlər Gəncə və Naftalan istiqamətindədir. Bundan başqa bütün regionlarda kirayə evlər, villalar təklif edilir. Bu ailə ilə gedən qonaqlar üçün daha əlverişli hesab olunur”.
Bu fikirləri Hafta.az-a açıqlamasında turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirib.
O, həmçinin qeyd edib ki, qarşıda "Yeni il" bayramı ilə əlaqədar tətil günləri olduğundan insanların səyahət tələbatında artım müşahidə edilir: "Artıq vətəndaşlar, eyni zamanda xarici turistlər tətil günləri üçün öz səyahətlərini planlaşdırır. Bu ərəfədə biz regionlara da tələbatın artığını görürük. Eyni zamanda vətəndaşlarımızın da xarici səfər etmələrində aktivlik olduğunu müşahidə edə bilirik. Hər iki istiqamətdə kifayət qədər təkliflər, müxtəlif turizm paketləri hazırlanır. Əvvəlki dövlərdə olduğu kimi qış turizmində də bu aktivliyi müşahidə edəcəyik".