Azərbaycanda qadınların pensiya yaşının azaldılması məsələsi yenidən gündəmə gəlib. Belə ki, qadınların pensiyaya çıxması qaydasının uşaqların sayına görə müəyyənləşdirilməsi təklif olunur. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin iclasında “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, qanunda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ yalnız kəmiyyət deyil, keyfiyyət prinsipi ilə müəyyən edilməlidir: “Çoxuşaqlı ailələrdə valideynlərin pensiyaya tez çıxmaq müddəti uşaqların sayına uyğun müəyyənləşdirilməlidir. 5 və daha artıq uşağı olan şəxslər daha tez pensiyaya çıxa bilirlər. Bəzi ailələrdə 5-dən çox uşağı olanlar var. Təklif edirəm ki, pensiyaya tez çıxmaq üçün nəzərdə tutulan güzəştlər ailədəki uşaq sayına görə müəyyənləşsin”.
Hazırkı qanunvericiliyə əsasən, qadınların pensiya yaşı hər il altı ay artırılmaqla 2027-ci ilə qədər 65 yaşa çatacaq. Bu, kişilər üçün müəyyən edilmiş pensiya yaşı ilə eynidir. Ancaq ictimaiyyətin bir hissəsi hesab edir ki, qadınların həyat tərzi və daşıdıqları ailəvi yük nəzərə alınaraq, bu rəqəm yenidən nəzərdən keçirilməlidir. Əsas arqumentlərdən biri kimi qadınların yalnız iş həyatında deyil, ev daxilində də böyük məsuliyyət daşıması göstərilir. Uşaq böyütmək, ev işləri, yaşlı valideynlərə baxmaq kimi vəzifələr onların fiziki və emosional yükünü artırır. Digər tərəfdən, qadınların bir çox hallarda aşağı maaşlı və qeyri-rəsmi sahələrdə çalışması onların pensiya kapitalına mənfi təsir göstərir. Belə olan halda, pensiya yaşına çatana qədər kifayət qədər vəsait toplaya bilməyən qadınların yaşlılıqda maddi çətinliklərlə üzləşməsi qaçılmaz olur.
Beynəlxalq təcrübə göstərir ki, bir çox ölkələr çoxuşaqlı anaları dəstəkləmək üçün pensiya sistemində güzəştlər tətbiq edirlər. Lakin bu güzəştlərin forması müxtəlifdir. Bəzi ölkələr yaş həddini azaldır, bəziləri isə pensiyanın məbləğini artırırlar. Məsələn, qonşu Rusiyada beş və daha çox uşaq böyüdən qadınlar 50 yaşında pensiyaya çıxa bilərlər. Əsas şərtlərdən biri odur ki, ana uşaqlara 8 yaşına qədər şəxsən qulluq etmiş olmalıdır. Macarıstan 2020-ci ildən etibarən “Anaların pensiyası” adlı proqramı tətbiq edir. Dörd və ya daha çox uşaq dünyaya gətirib böyüdən qadınlar yaşa bağlı məhdudiyyət olmadan pensiya ala bilirlər. Bu, ölkədə doğum səviyyəsini artırmaq məqsədi daşıyan təşviq tədbiridir.
Almaniyada uşaqlara görə pensiyaya çıxma yaşı dəyişməsə də, qadınlar hər bir uşaq üçün əlavə pensiya balı qazanır. Bu balar pensiyanın ümumi məbləğini artırır. Lakin yaş həddi sabit qalır – hazırda bu 66 yaşa qədər artırılıb.
Mövzu ilə bağlı hüquqşünas Sahib Məmmədov bildirib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, 5 və daha artıq uşağı olan qadınların, eləcə də ailəsində əlilliyi olan uşaq olan şəxslərin pensiyaya 5 il tez çıxmaq hüququ var. Onun sözlərinə görə, Sovet dövründə uşaqların sayı artdıqca, pensiya yaşı hər bir uşaq üçün 1 il azaldılırdı:
“İndi bu rejimin tətbiq olunacağına inanmıram. Hökumətin bu addımı atacağını düşünmürəm. Məncə, bu, sadəcə bir təklif olaraq qalacaq. Əmin deyiləm ki, bu təklifi irəli sürən deputat qanunvericilik təşəbbüsü ilə çıxış edərək qanun layihəsi təqdim edəcək. Çünki bunun maliyyə-iqtisadi əsaslandırmasını hazırlamaq olduqca çətin olacaq”.
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev deyib ki, bu gün Azərbaycanda çoxuşaqlı ailə anlayışının müəyyənləşdirilməsi ətrafında müzakirələr aparılır: “Hazırda bu anlayış - 5 və ya daha artıq uşağı olan ailələri əhatə edir. Lakin təklif olunur ki, bu hədd 3 uşağa endirilsin. Bu fikri müsbət qarşılayıram. Artıq Azərbaycanda ailə modeli ilə bağlı insanların baxışları dəyişib. Ailələr əsasən 1-2, ən yaxşı halda 3 uşaq sahibi olmağa üstünlük verirlər. Statistik baxımdan ölkədə ən geniş yayılmış ailə tipi 2 uşaqlı ailələrdir”.
Onun sözlərinə görə, çoxuşaqlı ailə anlayışı 3 uşağa endirilsə, statistik göstəricilərdə 3 uşaqlı ailələrin sayı artacaq: “Mən təklif edərdim ki, çoxuşaqlı analarla yanaşı, evdar qadınların uşağa baxdıqları illər əmək stajına daxil edilsin və bu yolla onların pensiya hüququ təmin olunsun”.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, pensiya yaşının müəyyən edilməsi məsələsində əhalinin orta yaş səviyyəsi və gözlənilən pensiya dövrünün orta səviyyəsinin qorunması əsas prinsiplərdən biridir: “Biz müqayisə aparanda görürük ki, Azərbaycanda orta pensiya dövrü pensiya yaşından sonra təxminən 6-8 il arasında dəyişir. Dünya üzrə bu ortalama 14 il yarımdır və bir sıra inkişaf etmiş ölkələrin təcrübəsinə baxanda, qadının və yaxud da kişinin pensiya yaşı daha yuxarıdır. Məsələn, Yaponiyada orta ömür 89 ildir, 67 yaşında pensiyaya çıxsa, 22 il həmin şəxs orta hesabla pensiya ala bilir. Yəni Azərbaycanda təəssüf ki, bu parametrlər diqqətlə nəzərə alınmır”.