Qazaxıstanın Türküstan vilayətində qazax mahnılarının Voice of Turan (Turanın səsi) beynəlxalq müsabiqəsi keçirilib.
Azərtac Kazinform agentliyinə istinadla xəbər verir ki, mahnı müsabiqəsi Qazaxıstan Respublikasının Milli bayramı - Respublika Gününə həsr olunub. İki gün ərzində dünyanın müxtəlif ölkələrindən gəlmiş iştirakçılar qazax mahnılarını ifa ediblər.
Münsiflər heyətinin qərarına əsasən, Gürcüstandan olan Tatyana Kobaladze Qran-Prinin sahibi olub. Birinci yeri Tatarıstanlı İlgiz Şayxraziyev, ikinci yeri serb müğənni Stefan Zdravkoviç və polşalı müğənni Mixal Kaçmarek tutublar. Üçüncü yerə Katarina Bogiceviç (Monteneqro), Kristina Dankova (Bolqarıstan), Navruza Maxamadjanova (Özbəkistan) layiq görülüb.
Qeyd edək ki, bundan əvvəl müsabiqə iki dəfə onlayn rejimdə keçirilib. 2020-ci ildə Qran-Pri mükafatını moldovalı ifaçı, 2021-ci ildə isə buryatiyalı müğənni qazanıb.