İnsanların çoxunun səhər yuxudan duranda ilk işi özlərinə qəhvə hazırlamaqdır. Təkcə İngiltərədə hər gün 98 milyon fincan qəhvə içildiyi təxmin edilir.
Hafta.az-ın “IFL Science”a istinadən yazdığına görə, qəhvənin yuxunu yaxşılaşdırmaq, canlılıq vermək, fiziki performansı artırmaq və problem həll etmək qabiliyyəti kimi təsirləri bəziləri üçün əvəzolunmazdır.
Bəs dünyada ən çox istifadə edilən psixoaktiv stimulant səhərlər nə vaxt istehlak edilməlidir?
Baf Universitetində Metabolik Fiziologiyadan mühazirələr oxuyan Ceyms Betts bu suala cavab vermək üçün araşdırma aparıb. O deyir ki, gecə pis yuxudan sonra güclü qəhvə içmək qanda şəkərin tarazlanmasında problemlər yaradacaq: "Əgər pis yuxudan sonra səhər yeməyindən əvvəl qəhvə içirsinizsə, bu, yüksək qlükoza və insulin reaksiyasına gətirib çıxarır. Yəni insanlar metabolik nəzarəti itirirlər. Başqa sözlə, bədəninizin səhər yeməyini emal etmə qabiliyyətinə təsir edir, çətinliklər yaradır".
Şəkər səviyyəsinin qəfil dəyişməsi 2-ci tip diabet və ürək xəstəliyi riskini artırır. Betts buna qarşı məsləhət görür: “Səhər yeməyindən sonra, həzmi tamamladıqdan və qida maddələrini qəbul etdikdən sonra qəhvə içmək daha təhlükəsizdir”.
Betts məşqdən 45-60 dəqiqə əvvəl qəhvə içkilərini də tövsiyə edir: “Effektin pik həddə çatması üçün bu qədər vaxt lazımdır”.
Digər elm adamları da səhərlər ilk növbədə qəhvə içməyin risk ola biləcəyini açıqlayırlar.
Tədqiqatlar göstərir ki, kofeinin sidikqovucu təsiri var. Başqa sözlə, qəhvə istehlakı daha çox sidiyə səbəb olur. Bu səbəbdən mütəxəssislər səhərə qəhvə içməzdən əvvəl bir stəkan su ilə başlamağın daha yaxşı ola biləcəyini düşünürlər.
Qəhvənin digər mənfi təsiri stress hormonu olaraq da bilinən kortizolun ifrazına səbəb olmasıdır. Beləliklə, qəhvə kortizol istehsalını stimullaşdıra bilər ki, bu da insanlar yuxudan oyanan vaxt ən yüksək səviyyədə olur. Bu o deməkdir ki, səhər oyandıqdan sonra kortizol azalana qədər gözləmək daha yaxşı ola bilər.