Təsadüfi taksi sürücüləri - MÜZAKİRƏ

16:49 19.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu yaxınlarda taksi şirkətlərindən birinə məxsus avtomobilin paytaxtda törətdiyi dəhşətli qəzadan sonra sürücülərin peşəkarlıq məsələsi yenidən gündəmə gəlib. Xatırladaq ki, həmin qəzaya səbəb olan avtomobilin sürücüsünün ayağında elektron qolbaq olub. Onun azadlığı Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən (dələduzluq) məhdudlaşdırılıb. O da məlum olub ki, sürücü avtomobili başqa bir şəxsin adından qeydiyyatdan keçirərək idarə edib.

Qeyd edək ki, son vaxtlar belə hallara tez-tez rast gəlinir. Bir çox hallarda sərnişinlər taksi sifariş edərkən sifariş nöqtəsinə tətbiqdə göstərilən avtomobil və sürücü deyil, tamamilə başqa avtomobil və sürücü yaxınlaşır. Bu da bir sıra narazılıqlara səbəb olur. Halbuki taksi sektorunda islahatlara başlanıldıqdan sonra bu sahədə problemlərin aradan qaldırılacağı güman edilirdi. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər imtahan verməli və imtahanın nəticəsinə əsasən lisenziya almalı idilər. Əslində, indiyədək bu istiqamətdə müvafiq addımlar atılıb və xeyli sayda sürücü imtahanlara cəlb olunub. Nədənsə, taksi şirkətləri təsadüfü “sürücülər”i işə cəlb etməkdə maraqlı görünürlər.

Bəs görəsən, mövcud vəziyyət taksi sürücüsü azlığından yaranıb, yoxsa burada başqa məqamlar var? Ümumiyyətlə, taksi sürücüsü hansı tələblərə cavab verməlidir?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert, fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib ki, sürücülər əsasən iki kateqoriya ayrılır: “Birincisi şəxsi avtomobillərindən istifadə edən sürücülər, ikincisi

peşəkar sürücülər. Peşəkar sürücülər öz sənətindən çörək pulu qazanırlar, işləyirlər. Nəqliyyat sahələrində bu işi onlar yerinə yetirirlər. Əsasən o nəqliyyat sahələri, ictimai nəqliyyat, yük daşımaları, sahibkarlara məxsus iş sektoru, müəyyən müəssisələrə məxsus nəqliyyat sektorunda işləyən sürücülərdir. Taksi sürücüləri bu kateqoriyaya mənsub olan sürücülər olmalıdır. Hətta taksi sürücülərinə müəyyən tələbatlar var ki, həmin kateqoriyadan da artıq bu məsələ özünü göstərməlidir. Taksi sürücülər sağlam, ünsiyyət yarada bilən, psixoloji vəziyyəti çox normasında olan, öz sənətini sevən, şəhəri nisbətən yaxşı tanıyan, müəyyən məsələlərdə aqressiv olmayan, sağlam, yol hərəkəti qaydalarını bilən, təhlükəsizliyə tam təminat verən insanlar olmalıdır. İndi belə tələbata uyğun sürücüləri tapmaq çox çətindir. Vaxtı ilə 90-cı illərdən əvvəl Nəqliyyat Nazirliyi fəaliyyət göstərəndə, müəyyən taksi mator parkları vardı və həmin sürücülərdə bu xüsusiyyətləri yoxlayırdılar. Sağlamlıq haqqında arayış tələb edilir, bütün məsələlər yoxlanılır və nəzarət olunurdu. İndi isə Bakı şəhərində taksi daşımaları demək olar ki, çox bərbad vəziyyətdədir. İllərdir bu vəziyyəti düzəltmək üçün qayda qanunlar, fərmanlar olunur. Ancaq bu gedişlə bunları düzəltmək heç cür mümkün olmayacaq”.

Ekspert bildirib ki, taksi sürücüləri digər sürücülərdən fərqlənməlidir: “Onlar özlərinin mədəniyyətini elə nümayiş etdirməlidirlər ki, bizə xarici ölkələrdən gələn qonağlar, birinci növbədə taksi sürücüləri ilə ünsiyyətdə olurlar. Bizim ölkəmiz haqqında müəyyən məlumatları, onların hərəkətlərindən, yanaşma tərzindən asılı olaraq özlərində formalaşdırırlar. Mənə elə gəlir ki, uzun müddət taksi fəaliyyətinin nizamlanması üçün çalışmaq lazımdır. Nazirlər Kabineti, AYNA müəyyən məsələlər edirlər. Amma bu o qədər böyük həcimdədir ki, idarə edilməsi, təşkili və s. məsələlər hələki yerinə yetirilə bilmir. Taksi daşımalarında kim istədi taksi kimi fəaliyyət göstərir. Çox adam var ki, 5-10 maşın alıb taksi fəaliyyətinə istifadəyə verib. Yalnız o, pul qazanmaq fikirinə düşür və ona görə də gündə ona neçə manat plan verir ki, sən bu planı yerinə yetir, taksi fəaliyyətiylə məşğul ol. Taksi fəaliyyəti Bakı şəhərində və xüsusilə respublikada böyük formada yerinə yetirilməlidir”.

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov deyib ki, mövcud problemin yaranmasında başlıca səbəb kifayət qədər dayanıqlı iş prinsipinin olmamasıdır: “Yəni, peşəkar sürücü 1000-1500 manat civarında rəsmi əməkhaqqı olan iş istəyir. Taksi şirkətləri isə işlərini bu istiqamətdə qurmayıblar. Tam əks prinsiplə işləyirlər. Sürücü işləsin, mənə pul versin. Axı, taksi şirkəti peşəkar sürücüyə yaxşı təklif verməlidir ki, həmin sürücü onunla işləməkdə maraqlı olsun. Problemin kökü dayanıqlı iş prinsipinin olmamasındadır. Ona görə normal qaydaları bilən, intizamlı, peşəkar sürücülər bu və digər sahədə işləmək istəmirlər. Necə ki, bir vaxtlar avtobus sürücüləri ilə bağlı problem var idi, indi həmin problem taksi sürücüləri ilə bağlı yaşanır”.

Ekspert hesab edir ki, peşəkar sürücüləri bu sahəyə cəlb etmək üçün rəsmi müqavilə əsasında iş təklif olunmalıdır: “Hər kəs istəyir ki, daimi və rəsmi işə sahib olsun. Normal əməkhhaqı alsın, kiminsə nökəri olmasın. Əgər bu sahədə dayanıqlı iş prinsipi yaradılarsa, peşəkar sürücülər işləməkdə maraqlı olarlar. Ölkədə kifayət qədər peşəkar sürücülər var, sadəcə, əmək şəraiti onları qane etmədiyindən bu sahədən uzaqlaşıblar”.