Koronavirusla mübarizə Azərbaycanın fəaliyyəti çox yüksək şəkildə dəyərləndirilir – Fikrət Sadıqov

16:06 10.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Ötən gün ölkə başçısı koronavirusla mübarizə çərçivəsində modul tipli xəstəxananın açılışında çıxışı zamanı bir sıra nüanslara diqqət çəkdi. Ölkə başçısı bildiridi ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Bəli, doğrudan da belədir. Bunu təkcə ölkə başçısı demir. Dünyanın aparıcı təşkilatları, dövlətləri də müxtəlif tribunalardan ifadə edirlər. Prezident bildirdi ki, Azərbaycan beynəlxalq miqyasda özünü çox məsuliyyətli aparır: “Beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bir neçə dəfə bu sahədə nümunəvi ölkə adlandırıb.

Onu da qeyd edək ki, kronavirusla mübarizə sahəsində işləri təşkil edən qurumların - Operativ Qərargahın, İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-n fəaliyyəti yüksək qiymətləndirilir. Özü də dünya miqyasında xoş sözlər deyilir. Bəs Azərbaycan bu təşəkkürləri nəyin hesabına qazanıb? İkincə faktı desək, fikrimizcə, yetərli olar. Birincisi, koronavirus xəstələrini müalicə etmək üçün ən qabaqcıl 20 xəstəxana ayrılıb. İkincisi, Azərbaycanda yeni laboratoriyalar alınmış, hazırda onların ümumi sayı 20-dən çoxdur.

Politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov hafta.az-a açıqlamasında bildirib ki, hər halda biz pandemiyanın ilk günlərindən köməyi ehtiyacı olan ölkələrə öz yardımlarımızı göstərdik. Əlimizdən gələni əsirgəmədik:  

“Tibbi maska və digər zəruri tibbi avadanlıqlar göndərdik. Bütün bunları Azərbaycanda olarkən Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də çox yüksək qiymətləndirdi. Onu da qeyd etmək lazımdır ki, koronavirusla mübarizə işində dünyanın aparıcı dövlətləri də Azərbaycanın bu yöndə fəaliyyətini çox yüksək şəkildə dəyərləndirdi. Çünki biz pandemiyanın elə ilk günlərindən bir sıra qabaqlayıcı tədbirlər görməyə başladıq. Bu, indi də davam edir. Hətta bəzi vacib tədbirləri Azərbaycan bir sıra ölkələrdən daha qabaq həyata keçirmişdi. İlk ölkələrdən idik ki, sərhədləri bağladıq. Aviareysləri, digər kommunikativ əlaqələri kəsdik ki, virusa qarşı mübarizəmiz daha effektli olsun. İndinin özündə də Azərbaycan dövləti koronavirus pandemiyası ilə bağlı bütün məsələləri, tədbirləri, görüləcək işləri daim diqqətdə saxlayır. Təbii ki, dövlət başçısı dünənki tədbirdə bunu xüsusi vurğuladı. O bildirdi ki, Azərbaycan hətta Birləşmiş Millətlər Təşkilatı çərçivəsində pandemiya ilə bağlı xüsusi sessiyanın keçirilməsinin təşəbbüskarıdır. Sammitdə iştirak edən BMT-nin baş katibi də bunu eşitdi və razılıqla qəbul etdi. Çünki qoşulmama hərəkatına üzv olan dövlətlər BMT-yə üzv olan ölkələrin çoxluğunu təşkil edir. Bu, ümumi bir bəladır, koronavirus bütün dünyaya meydan oxuyur. Biz bu ümumi problemi ümumi şəkildə həll etməliyik. Düşünürəm ki, bizim bundan sonra da aparıcı ölkələrlə, beynəlxalq təşkilatlarla da gördüyümüz işlər müsbət nəticələr və dividentlər gətirəcək”.