Parlamentdə sosial şəbəkələrə nəzarətin gücləndirilməsinə çağırış edildi

12:25 01.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Hazırda bütün dünyada 4,54 milyard sosial şəbəkə istifadəçisi var”. Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında vitse-spiker Adil Əliyev deyib.

O bildirib ki, sosial şəbəkələrin bir çoxu ABŞ-da yaradılıb və ofisləri ordadır: “Lakin ABŞ-da sosial şəbəkələrlə bağlı qanun layihəsi hazırlanıb. Layihənin əsas məqsədi terrorçuluqla və digər hallarla bağlı çağırışların qarşısını almaqdır. Sosial şəbəkə istifadəçisi təbii ki, fikrini ifadə etməlidir. Lakin Konstitusiyanın 47-ci maddəsi diqtə edir ki, tənqidə dözümlü olmalıyıq, təhqirə isə yox. Sosial platformalar hansısa məqsədlərə nail olmaq üçün istifadə edilən yerdir. ABŞ prezidentinin dediyi kimi, sosial şəbəkələr bir qrup insannın maraqlarını təmin edən platformaya çevrilib. Son zamanlar ölkəmizdə də müharibə, terrorizm və s. ilə bağlı çağırışlar edilir. Ancaq bu qanunazidd addımların qarşısı alınır. Lakin bizim müvafiq komitəmizdə bu məsələ ilə bağlı Cinayət Məcəlləsində dəyişiklik edilməsinə ehtiyac var. Cinayət və İnzibati Xətalar Məcəlləsində bu dəyişikliklərin edilməsi üçün peşəkar hüquqşünaslar da bu məsələyə cəlb edilsin”.

Millət vəkili qeyd edib ki, təhqirə ən çox məruz qalan deputatlardan biri də özüdür:

“Mən cavab verdiyim üçün onlar bunu daha da davam etdirirlər. Mənimlə eyni gündə digərlərini də təhqir ediblər, onlar susublar deyə, daha onların üstünə getməyiblər. Bu məsələdə susmaq olmaz. Sabah digərlərimiz də təhqirə məruz qala bilərik. Ona görə də bununla biz birgə mübarizə aparmalıyıq”.

“Bu gün dünya iki yerə bölünüb. Faktiki olaraq, bu dünyada hüquq işləmir, hüququn gücü yoxdur. İkinci isə virtual dünyadır. Bu dünyada isə “qaralama”, “ləkələmə”, “terrorizmə çağırış” üstünlük təşkil edir”.

Bunu isə Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, sosial şəbəkələrdə təhqir yolunu seçmiş bir qrup insan siyasi manipulyasiya etməklə məşğuldur: “Sabah onlar hansısa cinayət əməlinə görə həbs edəndə, iddia qaldırırlar ki, hansısa fikirlərinə görə həbs ediblər. Təklif edirəm ki, iyun ayı ərzində sosial şəbəkələrlə bağlı çox ciddi bir qanunu qəbul edək. Bu, artıq ictimai sifarişdir”.

Oxunma sayı 3332