Ümrə zəvvarları aprelin 13-dən sonra Səudiyyə Ərəbistanına buraxılmayacaq

11:17 08.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi builki Həcc mövsümünə hazırlıq çərçivəsində, önümüzdəki bazar günü – 13 aprel gününü Ümrə ziyarətini yerinə yetirəcək şəxslərin Krallığa daxil olması üçün son tarix olaraq təyin edib.

Hafta.az-ın yazdığına görə, nazirlik bildirib ki, Ümrə ziyarəti edənlər ölkəni aprelin 29-dək tərk etməlidirlər. Bu tarixdən sonra hələ də Səudiyyə Ərəbistanı ərazisində qalmaq qayda pozuntusu sayılacaq və cəza kəsiləcək.

Nazirlik ayrı-ayrı şəxsləri, ümrə şirkətləri və qurumları zəvvarların müəyyən olunmuş vaxtlarda yola düşməsini tənzimləyən qayda və təlimatlara əməl etməyə çağırıb, qeyd olunan tarixdən sonra yola salınmada hər hansı gecikmənin qanun pozuntusu sayılacağını vurğulayıb.

Məlumata görə, şirkətlərin Ümrə ziyarətini yerinə yetirənlərin qeyd olunan tarixədək ölkədən getməsinə dair onlara məlumat verməməsi 100 min riala qədər cərimə və qanunu pozanlara qarşı tədbirlər görülməsi ilə nəticələnə bilər.